" />

UNUDULMAYAN ANLAR

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları İctimai Birliyi – TAİB-in sədr müavini Eyvaz Hünbətovun Heydər Əliyevlə bağlı xatirələri “Respublika” qəzetində məqalə şəklində dərc olunmuşdur.

Məqaləni olduğu kimi təqdim edirik:

UNUDULMAYAN ANLAR

Ömrünü millətinin tərəqqisinə, dövlətinin müstəqilliyinə, xalqının azadlığına həsr edən və bu yolda yorulmadan mübarizə aparan müdrik siyasətçi, böyük şəxsiyyət Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlər böyük quruculuq illəri, Azərbaycanın inkişaf dövrü olmuşdur. Heydər Əliyevin 1969cu ildə hakimiyyətə gəlişi ilə respublikamızın həyatında ictimaisiyasi proseslər, iqtisadi islahatlar geniş vüsət almış, bütün sahələrdə nailiyyətlər əldə olunmuş, mədəniyyətin yüksəlişi, millimənəvi dəyərlərin dirçəlişi istiqamətində mühüm addımlar atılmışdır. Dövlət müstəqilliyimizin qorunub saxlanması, beynəlxalq əlaqələrin qurulması, bu sahədə əldə olunan uğur və nailiyyətlərin əsa sı isə 1993cü ildə qoyulmuşdu. Ölkənin çətin sınaqlarla üzbəüz qaldığı bir dövrdə ikinci dəfə hakimiyyətə gələn dahi liderin müstəqil dövlət quruculuğu, ölkədə ictimaisiyasi sabitliyin yaradılması, iqtisadiyyatın dirçəldilməsi, Azərbaycanın dünyaya tanıdılması istiqamətində apardığı məqsədyönlü siyasət milli maraqlara xidmət etmişdir.

Hələ gənc yaşlarımdan ulu öndər Heydər Əliyevə böyük hörmət və rəğbət bəsləmişəm. Onun televiziya ilə çıxışlarına maraqla qulaq asır, o dövr- də nəşr olunan qəzetlərdə dərc olunan nitqlərini son dərəcə diqqətlə oxuyurdım. Nə vaxtsa bu dahi insanla görüşəcəyimi, onun tapşırıqlarını, tövsiyələrini yerinə yetirəcəyimi isə təsəvvür belə etməzdim. Tale elə gətirdi ki, ulu öndərdən əvvəl onun ömür- gün yoldaşı, Azərbaycan tibb elminin inkişafında əvəzsiz xidmətləri olan Zərifə Əliyeva ilə tanış oldum. Belə ki, uzun müddət müxtəlif vəzifələrdə çalışdığım Bakı Şin zavodunda 1973-cü ildə sex rəisi işləyirdim. Bir gün partiya təşkilatının katibi Zinaida Lavrentyevna məni yanına çağırıb Azərbaycan oftalmologiya elminə öz dəyərli töhfəsini vermiş, görkəmli alim Zərifə Əliyevanın zavodumuzda yeni laboratoriya açdığını bildirdi və onun tapşırıqlarının yerinə yetirilməsinin mənə həvalə olunduğunu dedi. Qeyd edim ki, o dönəmlərdə Zərifə Əliyeva təkcə bizim zavodda deyil, insanların görmə qabiliyyətinə mənfi təsir göstərən bir çox istehsal müəssisələrində laboratoriyalar yaradır, həmin laboratoriyalarda zərərli istehsalların insanların sağlamlığına təsiri öyrənilir, eyni zamanda burada xəstələrin müalicəsi də təşkil edilirdi. Bizim zavodda rezin, şin və kamerlər hazırlandığından istehsal prosesində kimyəvi maddələrdən istifadə olunurdu. Təbii ki, bu da insan sağlamlığına mənfi təsirsiz ötüşmürdü. Həmin müddətdə Zərifə xanım həftənin 3-4-cü günləri zavoda gəlir, 3 aydan bir isə kimyəvi maddələrin insan gözünə təsirini yoxlamaq üçün işçiləri müayinə edirdi. Günlərin birində iş prosesində gözümə kükürd tökülmüşdü. Xoşbəxtlikdən həmin gün Zərifə xanım zavoda gəlmişdi. O, çox mehriban, səmimi, sadə insan idi.
Hadisədən xəbər tutan kimi özünü yetirdi, gözümü yudu, dərmanlar tökdü, kimyəvi maddəni gözümdən təmizlədi. Mənim dünya işığına həsrət qalmamağımın səbəbi məhz Zərifə xanım olmuşdur. Sonralar gözlərimə nur verən, məni bu işıqlı dünyaya həsrət qoymayan Zərifə xanımın adına park salınmasında xüsusi fəallıq göstərməklə nadir ağacların əkilməsinə və böyüməsinə canıyananlıqla yanaşdım.
1988-ci ildə sonralar Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olan Rafael Allahverdiyev məni Heydər Əliyevin tərəfdarlarından və onun respublikaya qayıtmasının təşkilatçılarından biri olan Əjdər Xanbabayevlə tanış etmişdi. 1988-1990-cı illərdə respublikada vəziyyət qarışmışdı, xaos, özbaşınalıq hökm sürürdü, kim nə istəyirdi onu da edirdi. Qanlı Yanvar hadisələri törədilən zaman biz də Moskvada idik. Hadisənin səhəri günü Heydər Əliyev ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək Bakıda mərkəzi hökumətin tapşırığı ilə dinc əhalini, günahsız insanları qətlə yetirən rus ordusunun qanlı hərəkətini pislədi, Mixail Qorbaçovun törədilən hadisələrdə birbaşa günahkar olduğunu bəyan etdi. Bundan sonra ulu öndərin Moskvada yaşaması qeyri-mümkün idi. Lakin Heydər Əliyevin Azərbaycana qayıtmasına bəzi qüvvələr hər vəchlə mane olurdular. Qorbaçovun ölkəmizdəki əlaltıları buna imkan vermirdilər.
Çünki xalqın Heydər Əliyevə olan sevgisindən, etimadından qorxurdular. Bütün çətinliklərə baxmayaraq, Heydər Əliyev Bakıya gəldi, iki gün sonra isə Naxçıvana getdi.
Ulu öndər Heydər Əliyevi Naxçıvan camaatı böyük hörmət, ehtiram və sevgi ilə qarşıladı. Ulu öndər Naxçıvana gəldiyi ilk gündən muxtar respublikanı düşdüyü böhran vəziyyətindən çıxarmağa, ağır vəziyyətdə yaşayan əhalinin rifahını yüksəltməyə istiqamətlənmiş məqsədyönlü işlər apardı. Naxçıvanda siyasi fəaliyyət göstərdiyi qısa zaman ərzində Azərbaycanın imperiya azadlığından tamamilə xilas olması, müstəqil, demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün mühüm siyasi və ideoloji amilə çevrilən tarixi qərarlar qəbul etdi. Həmin vaxtdan Naxçıvanın ictimai-siyasi həyatında böyük canlanma, tərəqqi dövrü başlandı. Muxtar Respublikanın Ali hakimiyyət orqanında dəyişiklik edildi, üçrəngli dövlət bayrağı və digər dövlət rəmzləri haqqında qərarlar verildi.
Xalqın ulu öndər Heydər Əliyevə olan inamı Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan yaratdı. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının ona göstərdiyi misilsiz etimad YAP-ın qısa müddət ərzində təşkilatlanması, ölkənin bütün regionlarında komitələrinin yaranması və 1993-cü ildə hakimiyyətə gəlməsi ilə nəticələndi. Respublikanın bütün bölgələrində tanınmış insanlara partiya işini canlandırmaq, təşkilat komitələrini yaratmaq tapşırılmışdı. Gəncəbasar bölgəsində 11 rayonda partiya təşkilatının yaradılması da mənə həvalə edilmişdi.
Düzdür, o vaxt üçün bu, o qədər də asan məsələ deyildi, müəyyən çətinliklər var idi.
Elə icra başçıları vardı ki, YAP-ın yaradılmasını böyük sevinclə qarşılayırdılar. Amma bəziləri az qala bizi rayondan qovur, hətta təhdid belə edirdilər. Bütün bu çətinliklərə baxmayaraq, xalq YAP-ın ya- radılmasına böyük dəstək verirdi. Bu, Azərbaycan xalqının ulu öndərə inam və etibarının, sonsuz məhəbbətinin təcəssümü idi. Beləliklə, o vaxt partiyanın sonuncu təşkilat komitəsi Naftalanda yaradıldı. Gəncə İcra hakimiyyəti təşkilat şöbəsinin müdiri Rasim Daşdəmirov təcili Bakıya qayıtmalı olduğumu dedi. Həmin vaxt Bakıda YAP-ın 2 təşkilatı yaradılmışdı.
Təşkilatın birinə Əli Nağıyev, digərinə isə Rafael Allahverdiyev sədrlik edirdi. Bakıya qayıdanda Rəfael müəllim məni yanına çağırdı və bildirdi ki, Heydər Əliyevlə telefonla danışmalıyıq. Sözün açığı nə baş verdiyini bilmədiyimdən çox narahat idim. Bir neçə dəqiqədən sonra telefon danışığı baş tutdu. Heydər Əliyev “Yeni Azərbaycan” qəzetinin təcili fəaliyyətə başlamasının vacib olduğunu bildirdi.
Bilirdim ki, Heydər Əliyevsiz Azərbaycan yoxdur. Bunu tək mən yox, bütün Azərbaycan xalqı dərk edirdi.
Elə o vaxt hakimiyyət davası edənlər, ölkəni uçuruma sürükləyənlər də bunu yaxşı bilirdilər. Bu səbəbdən o zaman ölkəyə rəhbərliyi ələ keçirənlərin özləri məcburiyyət qarşısında ulu öndəri Bakıya dəvət etdilər. Prezident seçkilərinin şəffaf şəkildə keçirilməsi üçün 2 rayona nəzarət etmək mənə tapşırılmışdı. Əli əsalı yaşlı insanlar belə seçki məntəqələrinə gələrək ulu öndərə səs veririrdilər, xalq öz nicatını, xoşbəxt gələcəyini yalnız dahi oğlu Heydər Əliyevdə görürdü.
Harada, hansı vəzifədə çalışmağımdan asılı olmayaraq hər zaman yaşıllıq işlərinə, ətraf mühitin mühafizəsinə xüsusi həssaslıqla yanaşmışam. Bakı şəhər yaşıllaşdırma baş idarəsində rəis müavini, sonra isə Xətai, Nizami, Sabunçu, Əzizbəyov və Suraxanı rayonlarının daxil olduğu 2-ci trestin, bunun ardınca isə Nəsimi, Qaradağ, Səbail, Yasamal, Nərimanov rayonlarını əhatə edən 1-ci trestin rəisi vəzifəsində çalışdığım vaxtlar isə paytaxtımızın yaşıllaşdırılmasına, əhalinin asudə vaxtlarından səmərəli istifadə etməsi üçün parkların salınmasına böyük səy göstərmişəm. Çalışmışam ki, Heydər Əliyevin Bakının yaşıllığının artırılması, ekologiyasının qorunması istiqamətində ölçüyəgəlməz işlərinə az da olsa öz töhfəmi verim. Ulu öndərin təbiətə, ekologiyaya diqqətini, qayğısını hər zaman özümə təlqin etdim.
Nizami rayonunun ərazisində yerləşən 8-ci kilometr bazarının aşağı hissəsi bərbad vəziyyətdə idi. Bütün sakinlər yaşadıqları ərazidən
köçmək istəyirdilər. Sakinlər qəbula gəlir, ya bizi burdan köçürün, ya da bazarı yığışdırın deyə şikayət edirdilər. Əslində haqlı idilər. Zibillikdən, iy-qoxudan burda yaşamaq mümkün deyildi. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Rəfael Allahverdiyevdən sözügedən ərazidə park salmaq üçün icazə aldım və xahiş etdim ki, bazar buradan yığışdırılsın. Biz park salmaq üçün həmin ərazini təmizlə- yəndə ətrafda yaşayan əhalinin sevincinin həddi-hüdudu yox idi. Parkın Heydər Əliyevin adına salınacağını biləndə isə ikiqat sevinirdilər. İnsanlar abadlıq işlərinin tez yekunlaşması üçün öz köməkliklərini belə əsirgəmirdilər. İşlərin yekunlaşmasına az qalmış, Rəfael Allahverdiyev dedi ki, işləri sürətləndirmək lazımdır, Prezidenti parkın açılışına dəvət etmək istəyirəm. Həmin vaxt mətbuatda “Kollektiv Prezidenti Heydər Parkının açılışına dəvət edir” başlıqlı məqalə dərc olunandan sonra telefonlar susmurdu. Rəfael Allahverdiyev də çox narahat idi. Lakin ulu öndərin parka gələcəyinə məndə bir daxili əminlik var idi. Çünki Heydər Əliyevin yaşıllığı, təbiəti çox sevdiyini bilirdim. Belə də oldu, may ayının 10-da Heydər Əliyev parkın açılışına gəldi. Elə bil bütün dünyanı mənə verdilər. Həmin gün parkda təxminən 8 minə yaxın insan var idi. Bu, Heydər Əliyevin adına salınan ilk park idi. Heydər Əliyev parkda öz əli ilə ağac əkdi, aqronomlardan biri isə ona kömək etmək üçün yaxında dayanmışdı. Lakin ulu öndər ağacı mənimlə əkmək istədiyini bildirdi və nə ağacı olduğunu soruşdu. Dedim daş palıddır, iki min ilə qədər ömrü var, ona görə bunları əkirik ki, tarixdə qalsın…. Nizami rayonundakı Heydər Əliyev adına parkdan sonra, Xətai və Sabunçu rayonlarında da ulu öndərin adına park salındı.
Zərifə Əliyeva adına Göz İnstitunun qarşısındakı park isə Zərifə xanımın adını daşıyır. Minlərlə insanın, o cümlədən də mənim gözümə nur verən görkəmli şəxsiyyətin xatirəsini yaşatmaq üçün az da olsa bir iş görmək ən böyük arzularımdan idi. Biz bu parkı cəmi 7-8 ay müddətində tam hazır etdik. Respublikamızın müxtəlif rayonlarından müxtəlif ağaclar, o cümlədən xançinarlar, gül kolları gətizdirdik. O vaxt Kraliça II Yelizaveta İngiltərənin ölkəmizdəki səlahiyyətli nümayəndəsi vasitəsilə Heydər Əliyevin ad gününə ağ qızılgül kolları göndərmişdi. Mən o zaman 1- ci trestin rəisi idim. Biz bu gülləri İngiltərənin dövlət naziri və Azərbaycandakı səfiri ilə birlikdə Hökumət Evinin qarşısında əkdik. Həmçinin artırmaq üçün kollardan çubuqlar da kəsdik. Bilirdim ki, Zərifə xanım ağ gülləri çox sevir. Ağ qızılgülləri parkda Zərifə xanımın heykəlinin ətrafına əkdirdik.
Xoşbəxt insanam ki, Heydər Əliyevlə dəfələrlə görüşmüşəm. Təşəbbüsümlə ulu öndərin, onun etibarlı, sədaqətli ömür-gün yoldaşı Zərifə Əliyevanın adına parklar, bağlar salmışıq. Ulu öndərin tapşırıqlarını vaxtlı-vaxtında yerinə yetirərək mənə olan etimadını daim doğrultmağa çalışmışam. Hər bir azərbaycanlı kimi, dahi rəhbərimizin xatirəsini ehtiramla yad edir, ulu öndərlə bağlı hər anı həyatımın ən qiymətli xəzinəsi hesab edirəm.

“Respublika” qəzeti
10 may 2023-cü il

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR