Eyvaz Hünbətov: ”Azərbaycandan balkarlara: Səyahət və düşüncələrim”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu yaxınlarda Nalçikdə yaşayan azərbaycanlı ağsaqqalların dəvəti ilə Kabardin Balkar Respublikasına səfər etdim. Məni sosial şəbəkələrdən izləyən qohumlarım vasitəsilə məlumat alan ağsaqqallarla görüşmək və təmsil olunduğum Türk Ağsaqalları Birliyinə üzv olmaq istəyirdilər. Paytaxtı Nalçik olan Kabardin Balkar Respublikasına ilk səfərim deyildi. Bu dəfəki səfərim orda yaşayan türkəsilli xalqların həyatı, inteqrasiya məsələləri ilə maraqlanmaqdı. Qeyd edim ki, Nalçikdə uzun müddət yaşayan, məskunlaşan azərbaycanlılar da çoxdur. Səfərim uzun çəkməsə də yetərincə türklər yaşayan yerləri kəndləri gəzə bildim.

Məlumat verim ki, respublikanın ərazisi 12.5 min kvadrat kilometrdir. Böyük Qafqaz sıra dağlarının ən yüksək təpəsi olan Elbrus dağı Qaraçay-Çərkəz Respublikası ilə sərhəd təşkil edir. 5 min metrdən hündür yüksəkliyindəki Elbrus dağı ən böyük yüksəklikdir. Bu sıra dağlar buzlarla örtülüdür. Yaylaqlar, geniş düzənlik və Terek çayının yaratdığı mənzərə göz oxşayır. Onu da qeyd edim ki, Terek çayının əhəmiyyəti də böyükdür. Su həyat və yaşamdır. Terek çayı da Böyük Qafqaz sıra dağlarının buzlaqları ilə bəslənir, təbiətə, insanlara yaşam verir. Keçək əhalisinə. Bu respublikada Balkarlı Türklər 90 mindən bir qədər artıqdır. Türklər əsasən dağlıq və vadilik bölgələr olan Çerek, Çeğen, Baksan, Malki və Terek ətrafında yaşayırlar.
Öz aralarında Mezengi, Bezingil, Hulamlı, Çezimli, Baksamlı kimi qollara ayrılan Balkarlılar müsəlman olub, Türk dil qrupunun Altay qoluna bağlıdırlar. Özlərinə Dağlı “Tavlu” da deyən balkarlar İkinci Dünya müharibəsində sürgünə məruz qalmışlar, sürgün illərində minlərlə şəhid vermişlər, 1950-ci illərdə bağışlanılaraq ölkələrinə dönə bilmişlər. Hazırda Kabardin-Balkariya inkişaf etmiş çoxsahəli sənaye və yüksək intensivli kənd təsərrüfatı respublikasıdır. Sənayesi dağ-mədən əlvan metallurgiya, maşınqayırma və metal emalı, kimya, yüngül, yeyinti, tikinti materialları, ağac emalı sahələrindən ibarətdir. Ən böyük müəssisə Tırnıauz dağ-metallurgiya kombinatı və Nalçik metallurgiya zavodudur. Bu respublikanın dörd böyük şəhəri var. Bunlar Nalçik, Terek, Qroxladır və Maysk şəhərləridir.
Burda yaşayan millətlər mehriban şəraitdə yaşayırlar, etnik qrupların hüquqları qorunur. Türkəsillilərin əsas məşğuliyyəti kənd təsərrüfatı, heyvandarlıq, əkinçilikdir.
Nalçikin gözəl küçələrini gəzərkən bir balkarla tanış oldum. Doğmalıq axan bu tanışlığın böyük bəhrəsi oldu. Adam məni məscidə, türklər yaşayan kəndlərə, tarixi yerlərə, parklara götürdü. Balkar nümayəndələri ilə görüşdürdü. Balkar mədəniyyətindən, türkdilli olaraq ortaq adətlərdən söhbət açdıq. Söhbət əsnasında türkdilli xalqların böyük ədibi, görkəmli tərcüməçi, memuarçı, Kabardo-Balkariyanın xalq şairi, Azərbaycan ədəbi irsinin yorulmaz təbliğatçısı Salih Qurtuyevdən də danışdıq. Salih Qurtuyev görkəmli balkar ədibidir, söz adamıdır, sənətkardır. O, Kabarda-Balkariya Respublikasının sayılan-seçilən, nüfuzlu simalarından biri olub. Xalqı və türk dünyası tərəfindən sevilən mərhum şair bir sıra mükafatlara, fəxri adlara layıq görülüb. Belə ki, o, Kabarda-Balkariyanın Xalq şairi və Əməkdar Mədəniyyət işçisi, Karaçay-Çerkes Respublikasının Xalq şairi, Tiflisin Fəxri vətəndaşı, Rusiya Poeziya Akademiyasinin müxbir üzvü, Qafqaz Yazıçıları Klubunun fəxri prezidenti olub.

Nalçiki və kəndlərini gəzdikcə sanki tarixin səsini eşidirdim. Türk dünyasına, müsəlman aləminə olan təzyiqlərin ağrılı səsi qulaqlarımda çığnayırdı. Səyahətim maraqlı idi. Burda məscidlərin, vadilərin və yamacların, kəndlərin özünəməxsus cazibəsi və estetik gözəlliyi vardı. Bələdçim məni böyük türk mütəfəkkirinin abidəsinə də götürdü. Kazım Meçiyevin: Türk dünyasının tanınmış şəxsiyyəti olan Kazım Meçiyev Güney Qafqazda yaşayan balkarların şair-filosofu, ilahiyyatçısıdır. Kazım Bekkin oğlu Meçiyev 1859-cu ildə o dövrki Tersk vilayətinin Holam-Bızıngi bölgəsində yerləşən Şiki kəndində dəmirçi ailəsində doğulub. İndi həmin bölgə Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasına daxildir. Lakin şairin doğulduğu kənd artıq burda yoxdur. Balkarlar ata-baba yurdları Qafqazdan elliklə Türküstana sürgün ediləndən sonra bir çox kəndlər kimi Şiki kəndi də xaraba qalıb.
Xalq poeziyası üslubunda yazan şair sosializm quruculuğunu tərənnüm etsə də, gənc rus ədibləri ilə ədəbi mübahisələrdə tez-tez təzyiqlə üzləşmişdir. Sosializmi yetəri qədər tərənnüm etməsinə baxmayaraq, 85 yaşlı şairi də 1944-cü il martın 8-də yaşadığı Kisibalık kəndindən xalqı ilə birlikdə Qazaxıstan Respublikasına sürgün etmişlər. 1945-ci il martın 15-də sürgündə ölən şairin nəşi (sümükləri) 1999-cu ildə Taldı Kurqan vilayətinin Telman kəndindən Nalçikə gətirilmiş və şərəfinə ucaldılmış abidənin yanında dəfn edilmişdir.

Hər bir səfərin yaddaşda özünəməxsus yeri olur. Bu səfərim kimi. Məni mehriban qarşılayaraq diqqət ayıran azərbaycanlı soydaşlara və balkarlara minnətdaram. Gözəl görüşlər, gözəl söhbətlər, unudulmaz anlar gələcək üçün bir tarixdir.
Səfərin son günü orucluq ayı olduğu üçün iftar süfrəsinə qonaq etdilər məni. İftardan sonra özümlə apardığım hədiyyələri, Azərbaycan, Türkiyə bayraqlarını və təşkilatımızın bayrağını, təsisçimiz Ramin Əhmədovun “Heydər Əliyev və antiterror siyasəti” kitabını, qəzetimizi və Azərbaycan şirniyyat nümunələrini balkar nümayəndə heyətinə hədiyyə edərək, xatirə şəkillərilə səfəri yekunlaşdırdım.
Bir həftəlik səfərdən sonra Nalçıkdən ayrılırdım. Bu səfərdən xatirimdə tarixə istinadən nisgilə bürünmüş qürur hissini aparırdım Bakıya. Bu qürurun içində türk xalqının mübariz ruhu, yenilməz iradəsi vardı. Bütün çətinliklərə baxmayaraq özünə qayıdan Türkün!
Artıq Bakıdayam. Səfər təəssüratlarımı qələmə alıb Türk Ağsaqqalları Birliyinin sədri və İradə Heyətinin üzvləri ilə bölüşmək üçün doğma ocağa, ofisimizə gedirəm… Bu ocaqda bütün türk ölkələrindən nümayəndələr təmsil olunur. Bu ocaqda türkün müdrikləri, nüfuzlu ziyalıları birgə türk birliyinin inkişafı naminə böyük layihələrə imza atırlar….
Türklüyümlə fəxr edərək, XI əsrdə yaşamış böyük türk alimi Mahmud Kaşğarinin sözləri ilə bitirirəm yazımı:
“Türk olmaq dünənlə öyünürkən bu gününü dəyərləndirmək, sabahlara hazırlanmaq deməkdir. Türk olmaq tarixi ilə qürur duymaq deməkdir. Türk olmaq türk doğulmaqla öyünmək, türk olaraq doğulmayanlara şəfqət göstərməkdir. Türk olmaq “Türk olduğuma xoşbəxtəm” deməkdir. Türk demək türkcə danışmaq, türkcə söyləməkdir”.

Eyvaz Hünbətov,
TAİB-in sədr müavini, professor

Bakı-Nalçik-Bakı

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR