X Qlobal Bakı Forumu multilateralizm, beynəlxalq və regional məsələlər kimi gündəlikdə duran çox aktual mövzuların müzakirə edildiyi platformadır

Yazı fontunu küçültür Yazı fontunu büyütür

9 mart tarixində keçirilən “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda Cənubi Qafqazda sülh və təhlükəsizlik məsələləri, Ermənistanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu, ölkəmizin 2030-cu ilədək inkişaf strategiyası və nəqliyyat-logistika imkanlarının artırılması, rəqəmsal transformasiya və enerji resurslarının inkişafı və ixracı ilə bağlı bütün məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

10-cusu keçirilən Qlobal Bakı Forumu 60 ölkədən 350 nəfər iştirakçının qatıldığı nüfuzlu və aparıcı beynəlxalq platformadır. Qonaqlar arasında 50-dən artıq ölkənin hazırkı və sabiq prezident və baş nazirlərinin iştirakını nəzərə alsaq, Forumun yüksək səviyyədə təşkil olunduğunu görürük.
Müharibələrin, yeni təhdidlərin yarandığı qloballaşan dünyada meydana gələn fikir ayrılıqlarının həlli və müzakirəsi zəruri xarakter daşıyır. Daha təhlükəsiz dünya və ümumbəşəri məqsədlər üçün dini, irqi, etnik və digər cəhətlərə baxmayaraq, gündəlikdə duran bütün məsələlərlə bağlı ölkələr bir araya gəlməli və müzakirələri davam etdirməlidirlər. Milyonlarla insanın həyatını itirdiyi pandemiyadan sonra hazırda iqlim dəyişikliyi və onun yaratdığı fəsadlar nəticəsində su və ərzaq qıtlığı qabarıq şəkildə dünyamızı təhdid edir. Qeyd etdiklərimiz qlobal problemlər hesab olunur və bütün dünya bunun həlli üçün yollar axtarmalı və birgə fəaliyyət göstərməlidir.
Forumda ayrı-ayrı məsələlərin müzakirə olunduğu panellərdən biri də multilateralizmlə bağlı idi. Əsas mövzu Azərbaycanın Qoşulmama Hərəkatına 2019-cu ildən 2023-cü ilədək sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər sayəsində yaranan canlanma Hərəkatın nüfuzunu da artırdı. Hərəkatın üç Zirvə toplantısına yüksək səviyyədə ev sahibliyi edən rəsmi Bakının COVİD-19 pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində ortaya qoyduğu ədalətli mövqe qurumun üzv dövlətləri tərəfindən yekdilliklə dəstəkləndi və nümunə olaraq göstərildi.
Soyuq müharibədən sonra mövcud Şərq-Qərb qarşıdurmasında Qoşulmama Hərəkatının münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılmasında oynayacağı körpü rolunun potensialı yüksəkdir.
Forum çərçivəsində geniş müzakirə olunan məsələlərdən biri də münaqişələrin həlli ilə bağlı idi. Burda əsas mövzu Azərbaycanın Ermənistan üzərində inamlı qələbəsi, yaranmış yeni reallıqlar və Ermənistanla bundan sonrakı dövrdə münasibətlərin normallaşması üçün sülh müqaviləsinin imzalanmasıdır. Əlbətdə ki, münaqişələrin çözümünün iki yolu var- dinc və qeyri-dinc yol. Azərbaycan torpaqlarını işğal edən, 30 il müddətində öz yurdlarından qaçqın və məcburi köçkün düşmüş insanların haqq və hüquqlarını kobud şəkildə pozan, beynəlxalq təşkilatların qətnamələrini heçə sayan Ermənistan qeyri-dinc yolu özü seçdi və döyüş meydanında məğlub oldu. Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti həyata keçirən Ermənistan bütün cəhdlərimizə baxmayaq, konstruktiv yanaşma göstərmədi. Biz Ermənistandan fərqli olaraq hər hansı hərbi cinayət və soyqırımı törətmədik. Legitim hüququmuzu güc tədbiq etməklə özümüz bərpa etdik. Qalib ölkə olmağımıza baxmayaraq Ermənistana ədalətli sülh şərtlərini təqdim etmişik və ümid edirik ki, qarşı tərəf Azərbaycanın bu humanist addımını düzgün qiymətləndirəcək. Çoxkonfessiyalı ölkə olan Azərbaycan öz ərazisində yaşayan erməni xalqının gələcək həyatının təhlükəsizliyinə Azərbaycan Respublikasının qanunları çərçivəsində təminat verir.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və nəqliyyat-logistika sahəsindəki oynadığı mühüm rolun əhəmiyyətinin vurğulanması ilə davam edən panel müzakirəsi xüsusi qeyd edilməlidir. Çünki bu gün bir çox ölkə güvənli enerji ilə və təhlükəsiz daşımalarla bağlı yeni marşrutların axtarışındadır.
X Qlobal Bakı Forumu yeni dünya nizamına meqatəhdid yaradan amillərə qarşı dayanıqlı qlobal sülhün qorunması və postpandemiya dövründə görüləcək işlərin müzakirəsi baxımından müstəsna əhəmiyyətə malikdir.

Eldəniz Zeynalov
Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR