Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda qırğız xalqının qədim eposuna həsr olunmuş “Manas günü” təşkil edilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda qırğız xalqının qədim eposuna həsr olunmuş “Manas günü” təşkil edilib.
Agsaqqallar.com xəbər verir ki, tədbir çərçivəsində Fond tərəfindən Azərbaycan və qırğız dillərində nəşr olunan tanınmış alim, şair Adil Cəmilin “Manas eposu və Türk dastançılıq ənənəsi” adlı kitabının təqdimat mərasimi keçirilib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tədbirdə çıxış edərək, çoxəsrlik türk xalqlarının dastanlarının və eposlarının ümumtürk şifahi ədəbiyyatı ilə yanaşı, dünyanın ən zəngin folklor nümunələri arasında yer almasından bəhs edib. Fondun prezidenti “Manas” eposunu qırğız xalqının mənəviyyatı kimi dəyərləndirib: “Manas qırğız xalqının daxili aləmini, fikrini, düşüncəsini yəni, milli kimliyini əks etdirir. Eyni zamanda, Manas qırğızların gücüdür. Çünki, eposda qırğızların qəhrəmanlıq səhifələri, Vətənə sevgisi, torpağın müdafiəsinə hər zamankı istəyi özünü göstərməkdədir. Digər tərəfdən, Manas irsdir. Müxtəlif maneələrə, çətinliklərə baxmayaraq, nəsillərdən-nəsillərə ötürülən mirasdır. Nəhayət, Manas türk dünyasını birləşdirən amildir”.
Günay Əfəndiyeva 1995-ci ildə Bişkekdə “Manas” dastanının 1000 illiyinə həsr olunmuş tədbirdə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin, “Manas kimi ölməz dastanlarımız bütün bəşəriyyətin əbədi sərvətidir. Nə dərəcədə Manas qırğız xalqınındır, o dərəcə də Manas Azərbaycan xalqınındır. Manas bütün türk xalqlarına məxsusdur” ifadələrini xatırladıb. Fondun prezidenti rəhbərlik etdiyi təşkilat tərəfindən müasir dövrdə “Manas”ın dərindən öyrənilməsi yönündə tanınmış alim Adil Cəmilin yazdığı kitabın türk xalqlarını bir-birinə daha da yaxınlaşdırmaq məqsədini daşıdığını bildirib. Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə təşkilatın qurucu üzv ölkəsi Qırğızıstan arasında münasibətlərin günü-gündən daha da gücləndiyini vurğulayaraq, bu istiqamətdə bir sıra layihələrin həyata keçirilməkdə olduğuna toxunub.
Tədbirdə çıxış edən Qırğız Respublikasının Prezidentinin xüsusi nümayəndəsi Taalatbek Masadıkov bildirib ki, “Manas” dünya epos sənətinin parlaq zirvələrindən biridir. O, dastanda toplanan, əcdadlardan miras qalan nadir dəyərlərin, biliklərin qorunub saxlanılmasının və nəsildən-nəslə ötürülməsinin türk xalqlarına mütərəqqi inkişafı davam etdirməyə imkan yaratdığını vurğulayıb. T.Masadıkov təşkilat tərəfindən çap edilən kitabın təkcə qırğız xalqının deyil, bütün türk dünyasının mədəniyyətinin, adət-ənənələrinin, ruhunun öyrənilməsinə mühüm töhfə verdiyini qeyd edib. Taalatbek Masadıkov təşkilatın Qırğızıstanla qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirib. O, kitabın nəşrində dəstəyə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna, eləcə də mövzuya maraq göstərdiyinə və dərindən araşdırdığına görə müəllifə təşəkkür edib.
Qırğız Respublikasının Azərbaycandakı səfiri Kairat Osmanaliyev çıxışında “Manas”ın elmi tədqiqinin və digər xalqların dastanları ilə müqayisəli təhlilinin hər zaman aktual olduğunu qeyd edib. Kayrat Osmonaliyev eposun BMT tərəfindən dünyanın mədəniyyət xəzinəsi elan edildiyini vurğulayıb. Səfir bildirib ki, Qırğızıstanın min illik tarixini ehtiva edən bu tarixi mənbədə qırğız xalqı ilə müxtəlif türk xalqları arasındakı dostluq bağları da geniş təsvir olunub. Səfir türk dünyasının ortaq irsinin yaşadılması yönündə Fond tərəfindən aparılan işlərin əhəmiyyətinə toxunaraq, kitabı türk folklorunun xüsusiyyətlərinin öyrənilməsində önəmli mənbə kimi dəyərləndirib.
Tədbirdə Milli Məclisinin deputatı, akademik Nizami Cəfərov, TÜRKSOY-un nümayəndəsi Kanat Mambetaliyev, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Azərbaycan Prezidentinin Türk Dövlətləri Təşkilatında səlahiyyətli nümayəndəsi, dövlət xadimi Həsən Həsənov çıxış edərək, kitabın Azərbaycan və qırğız xalqları arasında qardaşlıq bağlarının daha da gücləndirilməsindəki mühüm rolunu qeyd ediblər.
Kitabın müəllifi Adil Cəmil türk kitabələrinin qorunmasının, tanıdılmasının türk xalqlarının qədim düşüncə və təfəkkürünün gələcək nəsillərə ötürülməsi istiqamətində önəmli rolunu nəzərə çatdırıb. Adil Cəmil uzun zamandan bəri üzərində çalışdığı əsərin yüksək səviyyədə tərtibatı və təqdimatı üçün Fond və Qırğızıstanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Tədbirin bədii hissəsində Heydər Əliyev adına Hərbi İnstitutun kursantı, Manasçı Emirtemir Tolonov “Manas” dastanından parçalar səsləndirib. Azərbaycanın Əməkdar incəsənət xadimi Sahib Paşazadə və Saule Osmonaliyeva tərəfindən Qırğızıstanın milli musiqiləri və mahnıları ifa olunub. Qırğız mətbəxindən nümunələr təqdim edilib.
Tədbirdə rəsmilər, deputatlar, səfirlər, mədəniyyət və incəsənət xadimləri, ziyalılar, KİV nümayəndələri iştirak ediblər.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR