Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyanın gələcək inkişafının yeni mərhələsinin əsası qoyuldu

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilmiş VII qurultayından iki il ötür. Bu qurultay partiyanın inkişafında, onun gələcək fəaliyyətinin müəyyən olunmasında müstəsna rol oynayır. Qurultayda qəbul olunmuş qərarlar sonrakı fəaliyyətin əsas bazasını təşkil edir.

Qurultayda Azərbaycan Respublikasının Prezidenti, YAP sədri cənab İlham Əliyevin geniş çıxışı, mövcud reallıqların analitik təhlili, qarşıda duran vəzifələr, verdiyi tövsiyələr öz aktuallığı ilə seçilir. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev çıxışı zamanı Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yoluna nəzər saldı, qarşıda duran vəzifələri diqqətə çatdırdı, mühüm fikirlər səsləndirdi. Dövlətimizin başçısı qeyd etdi ki, partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir.
5 mart 2021-ci il tarixində keçirilmiş VII qurultayda YAP-ın yeni Nizamnaməsi təsdiq olunmuş, İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilmiş, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçilmişdir. Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, həmçinin digər müavini və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavini təyin edilmişdir. Eyni zamanda Partiyanın Mərkəzi Aparatının strukturunun, Partiya işçilərinin vəzifə maaşlarının təsdiq edilməsi haqqında Partiya sədrinin sərəncamları da imzalanmışdır.
Qurultay zamanı ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın (Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Milli Qurtuluş Partiyası) Yeni Azərbaycan Partiyasına qoşulması barədə müraciətləri öz müsbət həllini tapmışdır.
Partiya daxilində yeni təyinatlar həyat keçirilmiş, partiyanın Təftiş Komissiyasının sədri və sədr müavini seçilmiş, Gənclər Birliyinin say tərkibi müəyyən edilmiş, üzvləri, sədri və sədr müavinləri seçilmişdir. Partiyanın Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı və yerli təşkilatlarının əsasnamələrinin, Təftiş Komissiyasının reqlamentinin layihələri hazırlanaraq təsdiq edilmişdir. 2022-ci ilin yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilmiş, iclasda YAP-ın 64 yerli təşkilatının sədrləri vəzifəyə təyin edilmişdir. Bununla da 76 yerli təşkilatın 48-də yeni sədrlər təyin olunmuşdur, sədrlərin orta yaş həddi 59-dan 50-yə enmişdir.
YAP-ın Mərkəzi Aparatı, Veteranlar Şurası, Gənclər Birliyi və yerli təşkilatları tərəfindən milli maraqların qorunmasına siyasi-ideoloji dəstəyin verilməsi, o cümlədən sağlam ictimai rəyin formalaşdırılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi – milli şüurun gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və digər istiqamətlərdə mühüm işlər görülmüşdür. Müəyyən edilmiş istiqamətlər üzrə və iş planına uyğun olaraq YAP Mərkəzi Aparatının, o cümlədən Veteranlar Şurası və Gənclər Birliyinin təşkilatçılığı ilə 147 tədbir keçirilmişdir. Bunlarla yanaşı, YAP yerli təşkilatları tərəfindən ümumilikdə 7 minə yaxın müxtəlif səpkili ictimai-siyasi aksiya və tədbir keçirilmişdir. YAP Gənclər Birliyinin tərkibində hər biri 6 üzvdən ibarət olmaqla 5 komitə – Beynəlxalq əlaqələr, Dayanıqlı inkişaf, YAP yerli təşkilatları ilə əlaqələr və QHT-lərlə iş, Şəhid ailələri və qazilərlə iş, Milli dəyərlər komitələri yaradılaraq qeyd olunan istiqamətlər üzrə 5500-dən çox gəncin iştirakı ilə müxtəlif tədbirlər həyata keçirilmişdir.
Yeni Azərbaycan Partiyasının VII qurultayı YAP daxili struktur etibarilə yeni keyfiyyət dəyişikliyinə nail oldu və siyasi təşkilat olaraq daha da gücləndi. Eyni zamanda, partiya ölkənin gələcəyi baxımdan yeni prioritet məqsəd və vəzifələri müəyyənləşdirmiş oldu, monolit siyasi güc kimi ölkənin perspektiv inkişafında mühüm rol oynayacağını nümayiş etdirdi. Bütövlükdə, həm Yeni Azərbaycan Partiyasının fəaliyyətində, həm də ölkəmizin gələcək inkişafı baxımından yeni mərhələnin əsası qoyulmuş oldu.

Sevinc Hüseynova
Nizami rayonu 227 saylı məktəbin direktoru

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR