" />

TAİB-in Qadınlar Şurasının sədri, tarix elmlər doktoru Güllü Yoloğlu: “Bizim istəyimiz, əslində həm də Azərbaycan vətəndaşı olan Qarabağ ermənilərinin xeyirinədir”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in Qadınlar Şurasının sədri, tarix elmlər doktoru Güllü Yoloğlu: “Bizim istəyimiz, əslində həm də Azərbaycan vətəndaşı olan Qarabağ ermənilərinin xeyirinədir”

“ONLAR BİZİM FƏXRİMİZDİR!”
(İlham Əliyev)

Artıq bir aydan çoxdur ki, Xankəndi-Laçın yolunda Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı etiraz aksiyası keçirilir. Havaların soyuq, şaxtalı, qarlı keçməsinə baxmayaraq aksiya iştirakçıları, əsasən də gənc ekofəallarımız, ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri və könüllülərimiz sona qədər tələblərini bu şəkildə ifadə etməkdə qərarlıdırlar. Onların əllərində silah yox, plakatlarla keçirdikləri bu dinc aksiyası separatçıların qələmə vermək istədikləri kimi Xankəndində yaşayan və Azərbaycan vətəndaşları olan erməniləri oradan qovmağa, onları blokadaya salmağa deyil, bizə məxsus olanın yağmalanmasına qarşı yönəlib. Bunu aksiyaçıların humanitar məqsədli maşınlara yol vermələri, hərəkətin sərbəstliyini təmin etmələri, yardım istəyən erməniyə göstərdikləri kömək və digər buna bənzər hallar da göstərir. Maraqlıdır ki, bu halları Xankəndində və İrəvanda öz ağılsızlıq süzgəclərindən keçirib başqa cür təqdim edir, blokadada olmaları barədə illüziya yaratmağa çalışırlar. Lakin çəkilib yayılan bu videolara baxanlar əsl həqiqəti öz gözləri ilə görə bilərlər.
Bizim istəyimiz, əslində həm də Azərbaycan vətəndaşı olan Qarabağ ermənilərinin xeyirinədir. Gələcəkdə bu sərvətlərdən onlar da, digər vətəndaşlarımız kimi faydalana biləcəklər, əgər içlərindəki haylara “yox” deyə bilsələr.
Məlumdur ki, 2022-ci ilin son ayının 3-ü və 7-də Rusiya sülhməramlılarının komandanlığı ilə aparılan müzakirələrdən sonra Azərbaycanın İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı, eyni zamanda bu qanunsuz istismar nəticəsində yaranan ekoloji və digər fəsadlarla əlaqədar ilkin monitorinq aparmalı idi. Bu monitorinqin baş tutmaması sülhməramlıların da istismarçılarla əlbir olduğu qənaətini ortaya qoyur. Belə bir halda Azərbaycanın ekofəallarının dinc aksiyaya başlaması təbiidir. Buna siyasi don geyindirmək, ölkə rəhbərliyini dəstək verməkdə günahlandırmaq isə hayların və onların havadarlarının Azərbaycandakı xalq-dövlət birliyini hələ də dərk etməmələrindən irəli gəlir. Xalqımız 44 günlük Vətən müharibəsində bunu açıq-aydın dünyaya nümayiş etdirdi. Azərbaycan dövləti də, onun Prezidenti də hər zaman xalqın yanındadır. Könüllülərin bu təşəbbüsü təbii ki, dövlət başçısının da diqqətindən yan keçmir. Bu il yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsindəki münasibəti də bunun bariz nümunəsidir: Jurnalist Nərmin Salmanovanın “Cənab Prezident, artıq bir aydır ki, azərbaycanlı ekofəallar Laçın-Xankəndi yolunda şaxtaya, soyuğa, qara baxmayaraq etiraz aksiyası keçirirlər. Bütün Azərbaycanın ürəyi, belə desək, hazırda Laçın yolunda döyünür. Bu aksiya iştirakçılarının əksəriyyəti gənclərdir. Siz onlara nə demək istərdiniz?..” sualına cavabında Prezident İlham Əliyev demişdir: “İlk növbədə, o gənclərə “Eşq olsun!” demək istəyirəm, onlar bizim fəxrimizdir. Qeyd etdiyiniz kimi, gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər…”
Düşünürəm ki, bir ölkənin gənclərinə bundan gözəl qiymət təsəvvür etmək mümkün deyil. Doğrudan da, əgər İran maşınları üzərinə saxta erməni nömrələri yapışdıraraq ora yanacaq aparırdılarsa, 20-yə yaxın İran vətəndaşı oraya qanunsuz girirdisə, deməli, bizim ciddi müdaxiləmiz lazım idi. Təbii ki, əvvəl-əvvəl xalq olaraq, könüllülər olaraq. Lazım gələrsə, digər vasitələri də heç kəs qadağan etməyib. Əgər Azərbaycan ərazisindəki təbii sərvətlərin istismarı davam edəcəksə və bizi oraya buraxmayacaqlarsa, “bizim oraya çıxışımız olmayana qədər yəqin ki, bu aksiya da davam edəcək. Bizim tələblərimiz də tam ədalətlidir. Monitorinq, təftiş, qanunsuz istismarın dayandırılması tələb edilir və biz buna nail olacağıq” (İlham Əliyev).
Mən də Prezidentimizi, xalqımızın əzmini tanıdığıma, bildiyimə görə deyirəm ki, onsuz da hər şey biz istədiyimiz kimi olacaq. Sadəcə, Ali Baş Komandan “nəyi nə zaman, necə edəcəyini” özü yaxşı bilir…

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR