" />

“Vikipediyanın Azərbaycan dili bölməsində 191 mindən çox məqalə var”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in sədr müavini, tanınmış ekspert Elnur Eltürk: “Türk dünyası ilə bağlı məqalələrin yaradılması və zənginləşdirilməsi “Viki”könüllülərinin daima maraq dairəsindədir. Türk dünyasında tarixi, elmi, akademik hadisələr “Vikipediya”-nın Azərbaycan dili bölməsində öz əksini tapır”

Bu gün istənilən mövzunu öyrənmək üçün hamı Vikipediyanı daha rahat mənbə hesab edir. Eyni zamanda əksər ölkələr, tanınmış şəxslər, elm adamları, sənət adamları, baş verən tarixi hadisələr və digərləri haqqında məlumatları vikipediyada tapmaq mümkündür. Qısacası, biz Vikipediyanı həyatımızın bir parçası adalandıra bilərikmi? Bəs Azərbaycanda Vikipediya necə inkişaf edib istifadə olunur?

Mövzu ilə bağlı Bizimyol.info xəbər portalının suallarını “Vikipediya” üzrə mütəxəssis, TAİB-in sədr müavini Elnur Eltürk cavablandırıb:

– Elnur bəy, Azərbaycanda “vikipediya” necə inkişaf edib? İstənilən məlumatları tapmaq mümkün olurmu?

– Son illər ölkədə sərbəst ensiklopediya olan “Vikipediya”-ya maraq artıb. Azərbaycan dili bölməsi 2004-cü ildən fəaliyyətə başlayıb. İlk məqalə həmin ildən yaranıb. Hal-hazırda “Vikipediya”-nın Azərbaycan dili bölməsində 191 mindən çox məqalə mövcuddur. Demək olar ki, dil bölməsində humanitar, texniki və digər mövzuları əhatə edən məqalələr var. Getdikcə də artır. Çünki ölkədə “Vikipediya” hərəkatı mövcuddur. Yüzlərlə könüllü prosesdə fəal iştirak edərək, öz töhfəsini verir. Könüllülər maraq sahələrinə uyğun məqalələr yaradırlar. Onlar “viki” hərəkatın fəal iştirakçılarıdırlar. Düzdür, problemlər var. Zamanla bunlar aradan qaldırılacaq.

– “Vikipediya”da yer almaq üçün hansı proseduru keçmək və ya kimə müraciət etmək lazımdır?

– “Vikipediya”da məqalə yaratmaq asandır. Sadəcə qeydiyyatdan keçmək lazımdır. Ana səhifədə “hesab yarat”-a daxil olmaqla qeydiyyatdan keçmək olar. 2017-ci ildə Mərkəzi Elmi Kitabxananın əməkdaşı Güney Məmmədova tərəfindən hazırlanan ““Vikipediya”da qeydiyyatdan keçmək və məqalə yaratmaq” başlığı altında youtube kanalında videolar var. Hansısa çətinliklər olarsa, təlimçilərə, fəal üzvlərə müraciət etmək olar. Mən deyərdim ki, ölkədə peşəkar təlimçilər formalaşıb. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının, “Qorqud” Vikipediya Metodik Klubunun, “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyinin təlimçiləri “Vikipediya”da məqalələrin yaradılması ilə intensiv təlimlər keçirlər. Dərslər həm əyani, həm də onlayn baş tutur.

– Bir ara “Vikipediya”da kənar şəxslərin redaktəsi bölməsi vardı ki, bu zaman bəzi şəxslər daxil olaraq, məlumatlara əlavələr edə bilirdi. İndi durum necədir?

– İndi də mümkündür. Hər kəs qaydalar çərçivəsində mövcud məqalələri zənginləşdirə və əlavələrini edə bilər. “Vikipediya”da məqalələrin önəmini artıran redaktələrdir. Məqaləni yaratdıqdan sonra müəyyən vaxtdan sonra redaktə etməyə ehtiyac yaranır.

Hansısa xoşagəlməz ifadələr məqalədə öz əksini taparsa, yazı əvvəlki vəziyyətinə qaytarılır və həmin hesab bloklanır. Hətta məqalə idarəçilər tərəfindən mühafizə olunur. “Vikipediya” sərbəst elektron resurs olduğu üçün bu gün dünyada məşhur internet platformasıdır.

– “Vikipediya”da Türk dünyası ilə bağlı məlumatlar varmı?
– Türk dünyası ilə bağlı məqalələrin yaradılması və zənginləşdirilməsi “Viki”könüllülərinin daima maraq dairəsindədir. Türk dünyasında tarixi, elmi, akademik hadisələr “Vikipediya”-nın Azərbaycan dili bölməsində öz əksini tapır. Türk dünyasının tarixi, çoğrafiyası, ədəbiyyatı, mədəniyyəti və görkəmli şəxsiyyətləri haqqında məqalələr çoxluq təşkil edir. “Vikipediya”nın digər türk dilləri bölmələrində eyni proses davam edir.

– Vətən müharibəsi şəhidləri haqqında da məlumatlar var. Onların sayı nə qədərdir?

– Vətən müharibəsində canından keçən şəhidlər haqqında demək olar ki, məqalələrin çoxu yaradılıb. Səhv etmirəmsə, 2 min 9 yüzdən çox məqalə var. İstənilən şəxs google.az ikinci Qarabağ müharibəsi şəhidlərinin siyahısını yazarsa Vətən müharibəsi şəhidləri kateqoriyasından da məlumatları əldə edə bilər. Ümumiyyətlə “Vikipediya”nın Azərbaycan və xarici dili bölmələrində Vətən müharibəsini əhatə edən məqalələri bu gün də zənginləşdirilməsi davam edir. Bu mövzu daima diqqətdə saxlanılır.

İradə Cəlil

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR