Ankara Universiteti də TAİB-lə birgə “Heydər Əliyev 100” konfransı təşkil edəcək – Rektor Necdet Ünüvarla görüş – Fotolar
Ankarada səfərdə olan Türk Ağsaqqalları Birliyi – TAİB-in nümayəndələri Ankara Dövlət Universitetini ziyarət ediblər.
Qonaqları səmimiyyətlə qarşılayan Universitetin rektoru, professor Necdet Ünüvar azərbaycanlı dostları Ankarada salamlamaqdan məmnun olduğunu bildirib. Professor qeyd edib ki, Ankara Universitetinin Azərbaycanla əlaqələri kifayət qədər genişdir və bu əlaqələrin inkişafına vətəndaş cəmiyyəti institutları da töhfələr verə bilər. İki qardaş ölkələr arasında elm, təhsil və humanitar sahələr üzrə əməkdaşlığın dinamik inkişafından söz açan Necdet Ünüvar, mövcud münasibətlərin digər Türk dövlətlərinə də nümunə olduğunu vurğulayıb.
Göstərilən isti münasibətə görə rektora təşəkkür edən TAİB nümayəndələri Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün dövlət səviyyəsində atılan addımlar və həyata keçirilən proqramlardan bəhs edərək mövcud imkanlardan istifadə etməklə Türk dünyasının ictimai təşkilatları ilə əlaqələri dərinləşdirməyin mümkünlüyünə diqqət yönəldiblər.
Ankara Universiteti ilə mümkün birgə layihələr ətrafında müzakirələrin aparıldığı görüşdə rektorun diqqətinə çatdırılıb ki, növbəti il Türkiyədə TAİB tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans təşkil olunacaq. Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı Bakıda təşkil olunacaq konfransa hazırlıq işlərindən də söz açan TAİB nümayəndələri hər iki tədbirdə Ankara Universitetinin də yaxından iştirak edəcəyinə ümid etdiklərini deyiblər. Necdet Ünüvar TAİB-in təşəbbüsünü yüksək qiymətləndirərək “Heydər Əliyev 100” konfransının Ankara Universitetində də təşkil olunmasını təklif edib. Təklifi məmnuniyyətlə qarşılayan TAİB nümayəndələri konfransın yüksək səviyyədə təşkil olunması üçün zəruri olan bütün addımları atmağa hazır olduqlarını bildiriblər.
Rektor Necdet Ünüvar qonaqların nəzərinə çatdırıb ki, Ankara Universitetində Ulu Öndər Heydər Əliyevin 2001-ci ildə əkdiyi ağac da var və bu, onlar üçün dahi şəxsiyyətin ziyarətindən qalmış əziz xatirələrdən biridir.
TAİB nümayəndələri rektorla birgə Universitet tərəfindən abidə kimi qorunan ağacın fonunda xatirə fotoları da çəkdiriblər.
Qeyd edək ki, Universitet rəhbərliyi tərəfindən ağacın kimin tərəfindən əkildiyini göstərən xüsusi lövhə və Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən işğaldan azad olunmuş şəhərlərimizdən gətirilmiş torpaqların qorunduğu guşə də hazırlanıb. Rektor bildirib ki, hazırda Şuşa torpağını gözləyirlər ki, guşəyə əlavə etsinlər.
TAİB-in nümayəndə heyətinə sədr, akademik Sudeif İmamverdiyev, Türk dünyası üzrə həmsədr Hulusi Kılıç, İdarə Heyətinin üzvü Məcid Hacıyev, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu (Qonaq qismində), TAİB İcra Aparatının rəhbəri Nicat Dağlar və TAİB sədrinin xarici əlaqələr üzrə müavini Elnur Eltürk daxildir.