MAHMUD SARIKAYANIN AĞBABA XATİRƏLƏRİ

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Mahmud Sarıkaya Qırşəhərdəki universitetdə müəllim işləyir, dosent doktordur. Xeyli vaxdır ki, onunla tanış olmuş, dostluğun binasını qoymuşuq. Yadımdadır, neçə illər bundan öncə Qarsda bir simpoziumda görüşmüşük. Bununla da aramızda isti münasibət yaranıb. Həm də bizi bir-birimizə mehriban eləyən, yaxınlaşdıran Ağbabadır. Nədən ki, Mahmud xocanın qohumlarından xeyli adam Ağbabanın Təpəköy kəndindəndi. Həmişə Ağbabadan söz düşəndə Təpəköylü Kərbəlayi Budağı xatırlayır:

– Ona Xəlil oğlu Budaq da deyiblər, Təpəköyün qlavası olub. Uzun boylu, çopur bir adammış. Gözəl səsi, adamlarla xoş münasibəti olub. Varlı, hallı, xeyirxah bir kişi olub. Bizim yaxın qohumumuzdu.
Birdən nədənsə sözünü kəsib üzümə baxır, sonra nə düşünürsə söhbətinə aramla davam edir:
– Sən mənə de görüm niyə uşaqlıq xatirələri unudulmur? Bunun səbəbi nədir?
– Səncə, səbəbi nə ola bilər?
Mənim dostumun sualına sualla cavab verməyim deyəsən onun əhvalını bir az da yerinə gətirir:
– Həm şirindi, həm uşaqlıq illəri unudulmazdı, uşaqlıqda nə baş versə o olduğu kimi adamın könül dəftərinə yazılır. Yadımdadır, yaşlılar ötənlərdən-keçənlərdən, Ağbabadakı olaylardan da danışardılar… Könüllülər alayından, ermənilərlə döyüşlərdən, bizim ustad aşıqlardan… Sultan əmim çox yaxşı danışırdı. O danışanda aşıqlar kimi sözləri aşıq havaları üstə avazla oxuyurdu. Biz uşaqlar ona maraqla qulaq asırdıq. Mənə elə gəlirdi ki, nağıllı bir aləmə düşmüşəm.
– Sultan adlı bir maraqlı kişi olub, savadı olmasa da, gözəl səsi, yaxşı nağıl danışmağı olub. Bunu Çivinli kəndindən olan İmanı dayı deyib. O kişi yaşı 90-ı keçən yaşlı bir adamdı, iki dəfə Qazaxıstanda sürgündə olmuşdu. Deyirdi Sultan kişi Qızıklisədə, Mustuqluda, Xançallıda məclislər keçirib, onun məclislərində az olmamışam. Bu kişi sonralar el Türkiyəyə gedəndə o da ellə getdi. Yəni Sultan kişi burdan 1921-ci ildə gedib. Aşıq Alışan, Sınıqlı Kəndirbaz Alı, Aşıq Məhərrəm. Bala Oruc, Şair Yunus kimi el sənətkarları da elə həmin vaxt Türkiyəyə pənah aparıblar.
– Yaxşı deyirsən. Bilirsənmi, yadıma nə düşür?
Dostum diqqətlə üzümə baxdı.
– Təndirə sallanmağımız. Bilirsən, Ağbabada da qış qara qışdı. Qışda ən isti yer təndir başı idi. Ağbaba kətəsi, fətir, pişi, mafış bişirərdilər. Onlardan verərdilər… Təndirin başına yığışardıq, o nemətlərdən yeyə-yeyə, ayaqlarımızı təndirə sallayıb yaşlıların danışdıqlarına qulaq asa-asa mürgüləyərdik. O günlər unudulmaz günlərdi. Anamın kətə üçün kərə yağından onun içini, daha sonra… Bəli, kətə təndir çörəyindən nisbətən qalındı. Bişəndən sonra onu anam qəməlti ilə dilimləyib bizə paylayırdı. Təndirin içinə pazı, kartof salırdıq. Təndirdə bişən qaz əti ilə çəkməcənin dadı-təmi ayrı idi. Arada bir göy çeçil pendirini isti lavaşın arasına qoyub dürmək də tuturduq. Mən bu olub-keçənləri, tarixi olayları iki roman şəklində işləmişəm. Artıq bunlardan birini bitirməyimə az qalıb. Fikirləşirəm ki, bunlar, bu gözəl əhvalatlar – dədə-babalarımızın düşmənə qarşı qəhrəmanlığı unudulmasın, bizim gələcək nəsillər də az-çox bu olanlardan-keçənlərdən xəbərdar olsunlar. Kitab yazılır oxunmağa… Yeri gəlmişkən onu da deyim ki, mənim evdə böyük bir şəxsi kitabxanam var. Burda minlərcə kitablar var. Deyirlər indi kitabın əhəmiyyəti elə yoxdu. Səhv eləyirlər. Kitabdan qiymətli heç nə yoxdur. Bu elektron kitab deyilən mənim aglıma batmır, kitabı əvəz edə bilməz.
– Sizin tərəfdən olanlara nə deyirlər?
– İrəvanlı. Bizim əslimiz-kökümüz ordandı, İrəvan şəhərinin yaxınlıgından. Ordan dədə-babalarımız gəliblər Ağbabanın Mustuqlu kəndinə. Elə zənn edirəm ki, bu 1905-1907-ci illərdə baş verən birinci erməni vəhşəti ilə bağlı olub. Ordan da 1921-ci ildə bizimkilər elliklə köçüb gəliblər Akyakanın (keçmiş Qızılçaxçağın) Kürəkdərə kəndinə. Mən bu kənddə anadan olmuşam. Kəndimiz qabaqlar üç yüz evlik bir köydü. Sonralar şəhərlərə köçənlər çox oldu,indi yüz evlik bir kənddir. Burda gecələr aşıq məclisləri keçirilər, həvəslə aşıqlara qulaq asardıq. Heç yadımdan çıxmır, hələ orta məktəbdə oxuyurdum, Murad Çobanoğlu mənə bir tərif dedi. Bilirsənmi, kənd yeri şəhərdən çox fərqlidir. Baxıram burda elə sözlər, ifadələr işlənir ki, onların mənası, anlamı, əhəmiyyəti böyükdür. Bir sözlə, kənddə söz yaradıcılığı zəngin və inkişaf etməkdədir. Mən maraqlı söz və ifadələrə, bunların alqış və bəddualarda, atalar sözlərində işlənməsinə, digər məsələlərə diqqət edərək bir maraqlı araşdırma da aparmışam, yəni bunlar bir kitabımda cəmlənib.
– Bu kənddə neçə il yaşamısan?
– On yeddi yaşına qədər. Təhsillə bağlı xeyli müddət kənddə olmamışam. Bununla belə bizim indi də bu kənddə öz evimiz,ocagımız var.Mənim qardaşlarım da burda yaşayırlar. Biz dədə-baba yurdumuzu boş qoymamışıq, soya-kökə baglıyıq. İndi də bir-iki ildən bir Kürəkdərəyə gəlir, bu doğma ocağı ziyarət edirəm. Təbii ki, yay olanda İzmirə gedirəm, çünki orda bizim qohumlar çoxdu. Görüşür, ötənləri-keçənləri xatırlayırıq.
Doğrusu, bu müsahibə xoşuma gəldiyindən bunu olduğu kimi yazıya aldım. Zənn edirəm ki, hər kəs üçün maraqlı olacaqdır.

Tacir SƏMİMİ
filologiya üzrə fəlsəfə doktoru, dosent

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR