" />

Hikmət Babaoğlu:”Ermənistan Soçi fiaskosundan yaxşı dərs çıxarmalı, yeni reallığı qəbul etməlidir”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Ermənistan rəhbərliyi Soçi fiaskosundan yaxşı dərs çıxarmalı, yeni reallığı qəbul etməlidir”.

Bunu “Report”a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, TAİB-in İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş rəsmi İrəvan üçün növbəti uğursuzluq olub.

Deputatın fikrincə, danışıqların yekununda N.Paşinyan ümid etdiyi heç nəyə nail ola bilməyib.

“Ermənilər hesab edirdilər ki, Soçi görüşü postmüharibə dövrü diplomatiyasında dönüş nöqtəsi ola bilər. Onlar sentyabrın 12-13-də törətdikləri təxribat zamanı döyüş meydanında dönüş yarada biləcəklərinə inanmışdılar. Ancaq Soçi fiaskosu 12-13 sentyabr fiaskosunun diplomatik variantı kimi də yadda qaldı”, – hakim partiyanın İdarə Heyətinin üzvü vurğulayıb.

H.Babaoğlu bildirib ki, Ermənistan Soçi görüşü öncəsi üç əsas təzyiq mexanizmi əldə etdiklərinə inanırdılar: “Bunlardan birincisi, Praqa görüşündən sonra Ermənistana Avropa İttifaqının sülhməramlı missiya göndərməsi, ikincisi, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə bağlı açıq mövqenin ortaya qoyması və məsələnin ictimai müzakirəsinin təşkili, üçüncüsü, Xankəndində “uğurlu” mitinq təşkil edə bilmələri idi. Paşinyan hesab edirdi ki, bütün bunlar Vladimir Putinin mövqeyinə təsir etmək üçün kifayət qədər güclü şantaj vasitələridir”.

Deputat söyləyib ki, V.Putin N.Paşinyanın Qərbə daha çox meyl etməsinin qarşısını almaq, Ermənistanın KTMK-da qalması üçün cəlbedici şərtlər formalaşdırmaq üçün ona müəyyən güzəştlər edilməsi üçün Azərbaycana təzyiq edə bilərdi.

“Xankəndində Rusiya və Ermənistanın birgə təşkil etdiyi mitinq isə bu mövqeyə ictimai dəstək kimi təqdim ediləcəkdi. Belə olan halda bu dəfə Ermənistana zopa yox, kökə düşəcəkdi. Ancaq bunların heç biri olmadı. Ona görə ki, Azərbaycan Prezidenti üçtərəfli görüşdən əvvəl məsələyə birdəfəlik və konkret nöqtə qoydu. Dövlət başçımız vurğuladı ki, Qarabağ problemi tarixə qovuşub, iki il bundan əvvəl həll edilib. Prezident İlham Əliyevin bu mövqeyi əslində Azərbaycanın ikinci nidası idi. Birinci nidadan sonra nələrin baş verdiyini ermənilər heç vaxt unutmayacaqlar”, – o diqqətə çatdırıb.

Parlament üzvü vurğulayıb ki, ikinci nidadan sonra bənzər hadisələr bir qədər başqa formada ola bilər: “Məsələn, Azərbaycan Qarabağda müstəqilliyimizi və suverenliyimiz şübhə altına alan, şüarlar səsləndirən mitinq iştirakçılarını hüquqi məsuliyyətə cəlb etmək üçün xüsusi əməliyyat keçirə bilər. Azərbaycan Ermənistan vətəndaşlarının kütləvi şəkildə sərhədlərimizi pozaraq Qarabağa gəlib Konstitusiya quruluşumuza qarşı aksiya təşkil etdiklərinə görə, Laçın yolunda nəzarət keçid məntəqəsi qurmaqla bu yoldan yalnız Qarabağda Azərbaycan qanunları ilə yaşayan ermənilərin keçidinə icazə verə bilər. Axı bu yol humanitar yoldur və Azərbaycan vətəndaşlarının kommunikasiyası üçün nəzərdə tutulub. Üçüncü ölkələrin vətəndaşları isə Azərbaycana yalnız viza alaraq gələ bilərlər.

Beləliklə, ermənilər 2020-ci ilə qədər onlara təklif edilənləri indi arzuladıqları kimi, həmin ildən sonra onlara verilənləri bu il sentyabrın 12-13-dən sonra arzuladıqları kimi, indi təkilf olunan sülhü də qısa müddətdən sonra əl-əl gəzməli olacaqlar. Ona görə də onlar Soçi görüşü fiaskosundan yaxşıca dərs çıxarmalı, yeni reallığı qəbul etməlidirlər. Əks təqdirdə Azərbaycanın indi təklif etdiyi sülh şərtlərini qısa müddət sonra arzu etsələr də tapa bilməyəcəklər”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR