Ermənilərin dağıtdığı, viran qoyduğu Zəngilan bu gün yenidən qurulur.

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu gün Azərbaycanın işğaldan azad olunan əraziləri nəhəng tikinti meydanına çevrilib. Aparılan abadlıq-quruculuq işləri, yaradılan infrastruktur, yeni binaların tikintisi, dini-tarixi abidələrimizin təmir və bərpası, beynəlxalq hava limanlarının tikintisi, həqiqətən də, bu ərazilərdə irimiqyaslı layihələrin icrasına start verildiyini təsdiqləmiş olur. Qısa zamanda işğaldan azad olunan ərazilərimiz Azərbaycanın ən inkişaf etmiş məkanına çevriləcək. Dövlət başçısının hər dəfə bu ərazilərə səfəri çərçivəsində görülən işlərlə tanışlıq, eləcə də bu ərazilərin dirçəldilməsi məqsədi ilə yeni yerlərin təməlinin qoyulması, əlbəttə ki, hər bir insanda bu ərazilərdə yeni qaynar həyatın tezliklə başlanılacağına əminlik yaradır.

İşğaldan azad olunmuş digər ərazilərimiz kimi, bu gün Zəngilanda da böyük quruculuq işləri aparılır. Erməni vandalizmi bu rayona da böyük ziyanlar törətmiş, demək olar ki, rayonun bütün infrastruktur obyektləri, abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılmış, təhqir edilib, yaşayış məntəqələrinin əksəriyyəti yararsız hala salınmışdır. Cənab Prezidentin dediyi kimi, “Köhnə Zəngilandan bir şey qalmayıb, bir neçə bina qalıb ki, orada hərbçilər yerləşirdi. Qalan bütün binaları, bütün kəndlərin binalarını bir məqsədlə dağıtmışlar ki, biz buraya qayıtmayaq”.

Bütün bunlara baxmayaraq, bu gün ermənilərin dağıtdığı, viran qoyduğu Zəngilan yenidən qurulur. İndi Zəngilanın yeni dövrü başlayıb. Şəhərin baş planı hazırlanıb və bu plana uyğun olaraq iri quruculuq işləri aparılır.

Zəngilanda “Zəngilan” yarımstansiyası tikilib istifadəyə verilib. “Zəngilan” yarımstansiyası, ilk növbədə, Zəngilan rayonunda yerləşən hərbi hissələri, sərhəd xidmətinin obyektlərini, bir sıra infrastruktur layihələri həyata keçirən müxtəlif dövlət strukturlarının, yol-tikinti şirkətlərinin obyektlərini elektrik enerjisi ilə təmin edəcək. İlk dəfə olaraq Zəngilanda “Ağıllı kənd” layihəsi rellaşdırılıb. Rayonun Ağalı kəndi ərazisində yeni üslubda modern yaşayış kompleksi inşa edilib. Artıq layihənin birinci mərhələsi başa çatdırılıb və 2022-ci ilin 27 may tarixində “Böyük qayıdış”a start verildi və ilk sakinlər öz dədə-baba yurdlarına qayıtdılar və bu gün bu proses ardıcıl olaraq davam etdirilir.

Bunlardan başqa, logistik layihələr çərçivəsində Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) və Zəngilandan keçən Ağbənd dəmir yolunun inşası aparılır, həmçinin “Dost Aqropark” layihəsi uğurla icra edilir, intensiv meyvə bağları salınır. Zəngilan Beynəlxalq Hava Limanının tikinti işləri isə artıq başa çatdırılıb və yaxın günlərdə onun rəsmi açılışı olacaqdır.

Zəngilanda Heydər Əliyev Fondu tərəfində yeni məscidin tikintisi davam etdirilir.

İşğaldan azad olunandan sonra Prezident İlham Əliyev 9 dəfə bu rayona səfər edib, tikintisi başa çatan obyektlərin açılış mərasimlərində iştirak edib, yeni layihələrin təməli qoyub. Xalqımız əmindir ki, Cənab Prezidentimizin rəhbərliyi, böyük qayğı və diqqəti sayəsində tezliklə Zəngilan Azərbaycanın dilbər guşələrindən birinə çevriləcəkdir.

 

Tənzilə Lətifova

Nizami Rayon Mədəniyyət Mərkəzinin metodisti

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR