İtaliya Azərbaycanın strateji müttəfiqi kimi hər bir məsələdə dövlətimizin yanındadır

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Azərbaycanın Aİ-yə üzv olan ayrı-ayrı ölkələrlə münasibətləri strateji xarakter daşıyır. Onların sırasında İtaliya ilə münasibətlərin xüsusi yeri var. Prezident İlham Əliyevin Brüsseldən sonra  İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə Romaya işgüzar səfərinin nəticələrini təhlil edərkən bir daha görürük ki, iki ölkə arasında əlaqələr yüksək səviyyədədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənədin imzalanması, İtaliyanın ölkəmizin birinci ticarət tərəfdaşı olması, keçən il ticarət dövriyyəmizin 9,6 milyard, bu ilin yeddi ayında isə 11 milyard dollara çatması göstərir ki, iki dövlət arasında çox güclü siyasi-iqtisadi əlaqələr mövcuddur.
Azərbaycanla İtaliya arasında əlaqələrin möhkəmləndirilməsində Heydər Əliyev Fondunun böyük xidmətləri var. Respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Vatikanda və Romada həyata keçirilən layihələr həm İtaliya, həm də Vatikan tərəfindən böyük minnətdarlıq və razılıqla qarşılanır. Xüsusən Heydər Əliyev Fondu tərəfindən İtaliyada həyata keçirilən layihələrlə yanaşı, təşkil olunan tədbirlər iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin və xalqlararası təmasların inkişafına böyük töhfə verir.
Azərbaycanla İtaliya arasında dostluq münasibətləri 44 günlük Vətən müharibəsi dövründə də rəsmi Roma tərəfindən açıq şəkildə bəyan olundu. Bu ölkədə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörməti əks etdirən sənədlər qəbul edildi. Həmin sənədlərdə də vurğulandı ki,  bölgədə sülh və hörmətin bərqərar olması üçün Ermənistanın BMT-nin müvafiq qətnamələrindən gələn öhdəliklərə əməl etməsi vacibdir. Hərbi əməliyyatlar dövründə həmrəylik və dəstək mövqeyi İtaliya mətbuatında daha intensiv xarakter aldı. Bir sözlə, hər zaman münaqişənin həlli ilə bağlı ədalətli mövqe sərgiləyən İtaliyanın Vətən müharibəsi dövründə nümayiş etdirdiyi mövqe bir çox Avropa ölkəsi üçün əsl örnək idi.Müharibə günlərində Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə edən İtaliya Azərbaycanın strateji müttəfiqi kimi hər bir məsələdə dövlətimizin yanındadır. İtaliya şirkətləri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında və bərpasında iştirak edirlər.Azərbaycanla İtaliyanı birləşdirən həm də 3500 kilometrlik “Cənub qaz dəhlizi”dir. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun 11,7 milyard kubmetri İtaliyanın payına düşür.
Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri zamanı iki ölkənin münasibətlərini daha da sıx edən əməkdaşlığın təməli qoyuldu. Belə ki, İtaliya-Azərbaycan Universitetinin yaradılması və ADA Universitetinin İtaliyanın aparıcı universitetləri ilə əməkdaşlığı iki ölkə arasındakı dostluq əlaqələrini daha da möhkəmləndirəcək.
İtaliya səfəri Prezident İlham Əliyevin yürütdüyü siyasətin qlobal miqyasda ehtiramla qarşılanmasının və özünün siyasi lider kimi dünyadakı nüfuzunun bariz təcəssümü kimi tarixə düşdü. Bu səfər göstərdi ki, iki dövlət arasındakı yüksək siyasi dialoq həm indi, həm də gələcəkdə əlaqələrin daha da şaxələnməsinə yol açacaq.

Vəli Hüseynli
Nizami rayonu, 61 saylı tam orta məktəbin tarix müəllimi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR