Azərbaycan-Qazaxıstan münasibətləri yeni inkişaf mərhələsində

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Azərbaycan-Qazaxıstan münasibətləri dərin tarixi köklərə malikdir. Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub. Qeyri-rəsmi məlumatlara görə, hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər.
Azərbaycan-Qazaxıstan münasibətləri Sovet İttifaqı dağıldıqdan sonra da yüksələn xətlə inkişaf edib. Həmçinin hər iki dövlət Xəzəryanı ölkələr kimi ortaq su sərhədinə malikdir.
Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrından isə Azərbaycanın Qazaxıstanın Aktau şəhərində konsulluğu fəaliyyət göstərir. Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir.
Azərbaycan–Qazaxıstan əməkdaşlığının qurulmasında və inkişafında ümummilli lider Heydər Əliyev və Qazaxıstan xalqının lideri Nursultan Nazarbayevin müstəsna xidmətləri olub. Ulu öndərin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, iki ölkə arasında münasibətlər getdikcə genişləndirilir. Prezident İlham Əliyev Qazaxıstana ilk rəsmi səfərini 2004-cü ildə edib. Səfər zamanı Prezident İlham Əliyev və Prezident Nursultan Nazarbayev iqtisadi münasibətlər, xüsusilə Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına nəql edilməsi sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıblar. Bu görüşdən sonra hər iki ölkə arasında iqtisadi-siyasi münasibətlər daha intensiv şəkildə inkişaf etməyə başlayıb.
Bu gün iki ölkə arasında münasibətlər çox uğurla inkişaf edir, hətta keyfiyyətcə yeni mərhələyə yüksəlir. Bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin 2022-ci il 24 avqust tarixində Azərbaycana rəsmi səfəri bir daha təsdiqləyir.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Bakıya rəsmi səfəri iki ölkə arasında iqtisadi-siyasi münasibətlərin inkişafında xüsusi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində Azərbaycan və Qazaxıstan prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri, 20-dək sənədin imzalanması iki ölkə arasında olan münasibətlərin yeni inkişaf mərhələsinin əsasını qoydu. Azərbaycan-Qazaxıstan diplomatik münasibətlərinin qurulmasının 30 illik yubileyi ərəfəsində Bakıda keçirilən bu görüşlər olduqca böyük tarixi məna daşıyır.
Görüşdə Prezident İlham Əliyev Qazaxıstan Respublikasının “Altın kıran” – “Qızıl qartal”ali ordeni ilə təltif olunmuşdur. Prezident İlham Əliyev dost ölkənin ali ordeni ilə təltif edilməsini yüksək qiymətləndirmiş xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir. Öz növbəsində Qazaxıstan Respublikasının Prezidenti xüsusi olaraq qeyd etmişdir: “Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq ərazi bütövlüyünü Zəfərlə bərpa edən Azərbaycan öz inkişafının yeni dövrünə qədəm qoyub və bu işdə, əlbəttə ki, Azərbaycanın milli lideri, bizim qardaş ölkənin Prezidenti İlham Heydər oğlu Əliyevin çox böyük şəxsi xidmətləri var. Fürsətdən istifadə edib bir daha qeyd etmək istərdim ki, Azərbaycan bu gün Sizin güclü rəhbərliyinizlə öz inkişafında nəzərəçarpacaq nəticələrə nail olur, biz Sizin ölkənizdə bu tendensiyaları müşahidə edir və buna ürəkdən sevinirik”.

Vəli Hüseynli
Nizami rayonu, 61 saylı tam orta məktəbin tarix müəllimi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR