Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı dostluğumuzun bariz təzahürüdür

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünün bərpasını təkcə sözdə deyil, həm də əməldə dəstəklədiyini və yeni Azərbaycanın quruculuğuna töhfə verməyə hazır olduğunu vurğulayıb. Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı dostluğumuzun bariz təzahürüdür. Qazaxıstanın ölkəmizdəki səfirliyinin Qarabağda yaradılacaq kitabxanalara kitab dəstəyi verməyə hazır olduğunu qeyd etməsi, eləcə də Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzini inşa etməsi bu baxımdan təsadüfi deyil. Bütün bunlar bir daha onu göstərir ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz arasında zəngin tarixə malik münasibətlər bundan sonra da xalqlarımızın və dövlətlərimizin maraqlarına uyğun olaraq daha da inkişaf edəcək. Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, humanitar əməkdaşlığın daha bir elementidir. Bu əməkdaşlıq da uğurla inkişaf edir. Mərkəz Füzuli şəhərində tikiləcək. Füzuli şəhərinin tikintisinin Baş planı təsdiqlənib, artıq yaşayış fondunun ilk tikililəri başlayır. Məhz, həmin vaxtadək, bu mərkəz hazır olanda Füzulinin ilk sakinlərinin oraya köçürülməsi planlaşdırılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bununla bağlı xüsusi olaraq qeyd etmişdir ki. “Fürsətdən istifadə edib Qazaxıstan Prezidentinə işğaldan azad edilmiş Füzuli şəhərində Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin yaradılması təşəbbüsünə görə bir daha təşəkkürümü bildirmək istərdim. Bu gün həmin mərkəzin təqdimatı keçirildi və biz Qazaxıstanda keçmiş məcburi köçkünlərin qayıtması probleminə nə dərəcədə səmimi münasibət bəsləndiyini, bu problemin Qazaxıstan üçün də nə dərəcədə aktual olduğunu bir daha gördük. Bu təşəbbüsə görə çox təşəkkür edirik. Bu, dostluğun, qardaşlığın, həmrəyliyin təzahürüdür. Əminəm ki, qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyacaq Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi həm də Qazaxıstan-Azərbaycan dostluğu mərkəzi olacaq”.
Öz növbəsində Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev söyləmişdir: ”Biz, həmçinin Qarabağın və Şərqi Zəngəzurun necə dinamik dirçəldildiyini görürük. Sizin şəxsi səyləriniz sayəsində yaxın gələcəkdə bu region çiçəklənən diyara çevriləcək, buna heç bir şübhə yoxdur. Qazaxıstan öz tərəfindən bu nəcib işə əlindən gələn töhfəni verməyə hazırdır. Bu gün bizim hədiyyəmizin təqdimatı keçirildi, qazax xalqı adından burada, – Füzuli şəhərini nəzərdə tuturam, – gələn ilin sonunadək Kurmanqazı adına incəsənət məktəbi tikiləcək. Bu obyektin inşası Qazaxıstanın aparıcı “BI” tikinti şirkətinə həvalə edilib. Bu gün o, zəmanət verdi ki, məktəb elan edilmiş müddətdə hazır olacaq və əlbəttə, keyfiyyət təmin ediləcək. Buna heç bir şübhə yoxdur, çünki şirkət kifayət qədər məsuliyyətlidir”.
Türk dünyasında xüsusi nüfuza və çəkiyə malik əsas ölkələrdən olan Qazaxıstan və Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin inkişafı böyük strateji əhəmiyyət kəsb edir. Ölkələrimizin oxşar maraqları var, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı və nəqliyyat-kommunikasiya potensialının genişləndirilməsi hər iki ölkənin iqtisadi siyasətinin əsas sahəsini əhatə edir.. Bu, əməkdaşlıq üçün yaxşı imkanlar yaradır. Bu baxımdan Qazaxıstan Prezidentinin Bakıya səfəri iki ölkə arasında qarşılıqlı əlaqələrin intensivləşməsində tarixi əhəmiyyət kəsb edəcək.

Laura Quliyeva
Nizami Rayon Mədəniyyət Mərkəzinin direktoru

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR