Əks-kəşfiyyatçı polkovnik Seyfulla Qasımov kim olub?..-Müsahibə

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan dövlətinin güclənməsində və müstəqilliyinin qorunub saxlanılmasında xüsusi xidmət orqan əməkdaşlarının misilsiz xidmətləri var. Onları cəmiyyət yaxından tanımır. Ancaq təhlükəsizliyimizə qarşı təhdidləri qarşısının alınmasında öz işlərini yüksək peşəkarlıqla görürlər. Onları adsız, reklamsız qəhrəman adlandırmaq olar. Belə şəxslərdən biri də mərhum polkovnik Seyfulla Qasımovdur. Təhlükəsizlik orqanlarının veteranı, polkovnik Elşad Həsənovla müsahib oldum. Həm xüsusi xidmət orqanlarının fəaliyyətindən, həm də polkovnik Seyfulla Qasımovun vətənimiz, dövlətçiliyimiz qarşısında gördüyü işlərdən söhbət açmışıq.

-Azərbaycan dövlətçiliyinin qurulmasında yaxından iştirak edən elə şəxslər var ki, onları cəmiyyət tanımır. Fəaliyyətləri gizli olub. Onları “adsız qəhrəman” adlandırmaq olar…

 

Müstəqil Azərbaycan Respublikasının təhlükəzlik orqanları ölkəmizin təhlükəsizliyinin qorunmasında fəaliyyət göstərən müstəsna bir qurumdur. Bu sahənin əməkdaslarını gözəgörünməz, gizli, məxfi cəbhənin adamları da adlandırırlar. Dövlətin normal fəaliyyət göstərməsi üçün onun digər qurumları kimi dövlətin onurğa sütunu sayılan təhlükəsizlik orqanları da öz işlərini dövrün tələblərinə uyğun qurur, qarşıda gözlənilən hadisələri analiz edir, müvafiq tədbirlər həyata keçirirlər. Dövlərin təhlükəsizliyin təmin edilməsi ən ümdə və ən müqəddəs vəzifədir. Məhz ona görə də bu sahəyə seçilən, işə götürülən şəxslərin əksəriyyəti qarşılarına qoyulan vəzifələri layiqincə yerinə yetirirlər. Bizim nəsil təhlükəsizlik orqanlarının əməkdaşlarının fəaliyyəti SSRİ-nin son illərinə-keçən əsrin 80-cı illərinin ortalarından başlayır. Həmin illər SSRİ-də mənfur M.S.Qorbaçovun yenidənqurması, sərxoşluğa qarşı mübarizə üçün üzümlüklərin qırılması ilə başladı.

İttifaq Respublikalarında milli-azadlıq hərəkatı başlamışdı. Mənfur erməni qonşularımız isə M.S.Qorbaçovu ələ alıb Azərbaycanın Dağlıq Qarabaq Muxtar Vilayətini Ermənistana birləşdirmək üçün ciddi iş aparırdılar. Əvvəllər təhlükəsizlik orqanlarına əsasən rus-ermənı, yaxşı halda qarışıq ailələrin-anası erməni, rus olanları işə götürürdülər. Buna görə də uzun illər xalqımızın böyük şair və yazıcılarını, ziyalılarını müxtəlif adlarla həbs edib güllələyiblər və ya Azərbaycandan sürgün ediblər..

-Ulu Öndər Heydər Əliyevin Dövlət Təhlükəsizliyi Komitəsinə sədr təyinatından sonra hansı dəyişikliklər baş verməyə başladı?

Ulu Öndər Heydər Əlirza oğlu Əliyev təhlükəsizlik orqanlarına rəhbərliyə gəldikdən sonra kadrlara xüsusi diqqət verməyə başladı. Orqana azərbaycanlı kadrların cəlb edilməsinə başlanıldı. Bu siyasət H.Ə.Əliyev 1969-cu ildə Azərbaycan KP MK-nın I-Katibi seçiləndən sonra da davam etdirmişdi. Buna görə də 1980-ci illərin ortalarında çekistlər arasında azərbaycanlılar çoxluq təşkil edirdi.

-Azərbaycan xüsusi xidmət orqanlarının əfsanəvi əməkdaşlarından biri də mərhum Seyfulla Qasımovdur. Onu yaxından tanıyan şəxs kimi nə deyə bilərsiniz?

Bu gün xüsusi xidmət orqanlarının fəaliyyətindən danışarkən, uzun illər təhlükəsizlik orqanlarında şərəflə calışmış, biliyini, bacarığını, gecəsini-gündüzünü ölkəmizin təhlükəsizliyinə sərf etmiş mərhum polkovnik Seyfulla Şamil oğlu Qasımov haqqında danışmamaq mümkün deyil. Bu gün Azərbaycan cəmiyyəti onu yaxından tanımır. Ancaq xüsusi xidmət orqanları üçün sevilən və seçilən əməkdaşlardan biri olub.

Seyfulla Qasımov 1958-ci ildə Saatlı rayonunun Ağarəhimli kəndində ziyalı ailəsində anadan olub, 1965-1975-ci illərdə 33-saylı dəmiryol məktəbində təhsil alıb, 1975-1980-ci illərdə Dövlət Neft Akademiyasında riyaziyyatçı-mühəndis ixtisasına yiyələnmişdir. 1980-1985- ci illərdə Azərvaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun Xüsusi konstruktor bürosunda çalışmışdır. 1985-2004 illərdə isə Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsində, Milli Təhlükəsizlik Nazirliyində işləmişdir.

-Seyfulla müəllim necə əməkdaş olub?

O, işlədiyi ilk illərdən öz işgüzarlığı, çalışqanlığı və geniş erudisiyası ilə seçilirdi. Verilən işi vaxtında və layiqincə yerinə yetirirdi, buna görə də rəhbərliyinin diqqətini cəlb etdi, ona vaxtından əvvəl baş əməliyyat müvəkkili vəzifəsi verildi. Beləcə illər keçdikcə Seyfulla Qasımov zəhməti, savadı, geniş dünyagörüşü ilə seçilərək MTN-nin Əks-kəşfiyyat İdarəsinin rəisinin 1-ci müavini təyin edildi.

Onun rəhbərliyi ilə bir necə böyük əks-kəşfiyyat tədbirləri həyata keçirilərək, xarici xüsusi xidmət orqanlarının məkli planlarının üstü açılmış, onların casusları aşkar edilmış və zərərsizləşdirilmişdir. Neçə-neçə dövlət çevrilişlərinin, sui-qəsdlərin, eyni zamanda onun birbaşa iştirakı ilə müstəqil ölkəmizə qarşı aparılan terror təxribat tədbirlərinin həyata keçirilməsinin qarşısı alındı. Seyfulla Qasımov eyni zamanda ərazi bütövlüyümüzün bərpa edilməsi üçün əlində silah cəbhə bölgələrində olmuş, Goranboy rayonunun Erkəc, Buzluq və Manaşıd kəndlərinin azad edilməsində fəal iştirak etmişdir.

  • Onun vətən qarşısında xidmətləri dövlət tərəfindən qiymətləndirilirdimi?

Gördüyü işlər dövlət rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1995-ci ildə Ulu Öndər H.Əliyev tərəfindən “Azərbaycan Bayrağı”ordeni ilə, 1998-ci ildə ”Hərbi Xidmətlərə görə” medalı ilə, 2002-ci ildə isə “Vətən Uğrunda”medalı ilə təltif olundu. Xüsusilə qeyd etmək istəyirəm ki, Ulu Öndər ən vacib əməliyyat təhqiqat işlərinə şəxsən nəzarət edirdi, müvafiq tövsiyyələrini bildirirdi. Müəyyən siqnal və işlərin Seyfulla Qasımov tərəfindən aparılmasını istəyirdi. Çekistlər içərisində Ulu Öndər tərəfindən ən çox orden, medal alan Seyfulla Qasımov idi. 2003-cü ildə Azərbaycanın milli təhlükəsizlik naziri cənab general-polkovnik Namiq Abbasov Seyfulla Qasımovu yeni yaranmış Terrora Qarşı Mübarizə Baş İdarəsinə rəis əvəzi təyin etmişdir. Nazirliyin əməkdaşları bu təyinatı böyük rəğbətlə qarşıladılar.

  • Bir müddət əvvəl onun əsassız şəkildə MTN-dən uzaqlaşdırılması haqqında mətbuatda yazı oxumuşdum. Yazılar nə qədər reallığı əks etdirir?

Təəssüf ki, 2004-cü ildə Milli Təhlükəsizlik Nazirliyinə rəhbər təyin edilən OBXESS Eldar Mahmudov tez bir zamanda Seyfulla Qasımov kimi təcrübəli, savadlı, vətənpərvər, vicdanı, əli təmiz çekistləri orqandan xaric etdi, özünün soyğuncu bandasını vəzifələrə yerləşdirdi, etdikləri cinayətlərə görə də həm xalqımıza, həm də dövlətimizə qarşı cinayət törətdilər. Şükürlər olsun ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev bu dəstəni vaxtında zərərsizləşdirdi və təhlükəsizlik orqanlarında yeniləşmə başladı. Bu xüsusilə yeni yaranmış Dövlət Təhlükəsizlik Xidmətinə professional çekist, geniş dünyagörüşünə malik, müdrik insan, vətənpərvər, dövlətinə və xalqına sadiq təşkilatçı general-polkovnik Əli Nağıyevin təyin edilməsi sözün əsil mənasında təhlükəsizlik orqanlarında Ulu Öndər Heydər Əliyevin dövlətə və xalqa sədaqətlə xidmət etmək ənənələri bərpa edildi. Bu gün DTX-ya rəhbərlik edən şəxslərin böyük əksəriyyəti polkovnik Seyfulla Qasımovla çiyin-çiyinə işləmiş şərəfli yol keçmiş çekistlərdir. Təəssüf ki, Seyfulla Qasımov bu günləri görə bilmədi. O, 2010-cu ilin dekabrın 12-də, Ulu Öndərin anım günü ona qarşı olan haqsızlıqlara, basqılara dözməyərək dünyasını dəyişdi. İnanıram ki, gənc nəslin təlim tərbiyəsində, onların vətənpərvər şəxslər kimi yetişməsində Seyfulla Qasımov kimi çekistlərimizin həyatı nümunə olacaq. Xalqına və dövlətinə sədaqətlə xidmət etmiş Seyfulla Qasımov kimi şəxslər daim qədirbilən xalqımızın xatirələrində həmişə yaşayacaqdır.

Elnur Eltürk

 

 

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR