Türk Ağsaqqalları Birliyinin təmsilçiləri İğdır valisi ilə görüşüblər – TAİB fəaliyyətini genişləndirir – Fotolar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları Birliyi – TAİB-in Türkiyə görüşləri davam edir.

TAİB-in Təşkilat Komitəsinin üzvləri, İcra Aparatının təmsilçiləri və nümayəndə heyətinin tərkibində olan Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri, millət vəkilləri Hikmət Babaoğlu və Elşad Mirbəşiroğlu İğdır valisi Hüseyn Engin Sarıibrahimlə görüşüblər. Görüşdə İğdır valisi TAİB-in təşkilatçılığı ilə bu şəhərdə “Türkiyə-Azərbaycan arasında əlaqələrin inkişafında Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilməsini yüksək qiymətləndirdiyini qeyd edərək, bu kimi səfərlərin iki qardaş ölkə arasında münasibətlərin inkişafına töhfə verəcəyinə əmin olduğunu vurğulayıb.

İğdır valisi Azərbaycanın Vətən müharibəsində qazandığı qələbədən söz açaraq, 44 günlük savaş dövründə keçirdikləri həyəcan dolu anları xatırladıb.

Millət vəkili Hikmət Babaoğlu isti qarşılanmaya görə vali Hüseyn Engin Sarıibrahimə təşəkkürünü bildirib. H.Babaoğlu iki ölkə arasında münasibətlərin inkişafında Ulu Öndər Heydər Əliyevin böyük rol oynadığını önə çəkərək qeyd edib ki, hazırda Türkiyə-Azərbaycan arasındakı münasibətlər onun “Bir millət, iki dövlət” fəlsəfəsinə uyğun olaraq yeni inkişaf mərhələsinə qədəm qoyub. “Heydər Əliyevin yaratdığı irs Türkiyə Azərbaycan münasibətlərinə əbədi olaraq işıq salacaq” – deyə H.Babaoğlu vurğulayıb.

TAİB-in Təşkilat Komitəsinin sədri Sudeif İmamverdiyev təmsil etdiyi təşkilatın fəaliyyət istiqamətləri, qarşıdakı planları barədə valiyə ətraflı məlumat verib. S.İmamverdiyev türkdilli ölkələr arasında əlaqələrin inkişafına töhfə vermək üçün bu prosesdə türk ağsaqqalları – elm, mədəniyyət adamları, nüfuzlu ictimaiyyət nümayəndələrinin fəal iştirakını təmin etmək istiqmətində TAİB-in müxtəlif layihələr icra edəcəyini bildirib.

YAP İdarə Heyətinin üzvü, millət vəkili Elşad Mirbəşiroğlu da öz növbəsində Türkiyə-Azərbaycan əlaqələrinin daim inkişafda olmasını təmin edən əsas amil kimi iki dövlət başçısı – Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərini göstərib. Millət vəkili qeyd edib ki, iki ölkə arasındakı münasibətlərin inkişafına xidmət edən, bu yöndə ictimaiyyətdən gələn bütün təşəbbüslər dəstəklənməlidir.

TAİB-in İcra Aparatının rəhbəri Nicat Dağlar İğdır valisinə təşkilatın təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədovun salamlarını çatdırıb, bundan sonra da İğdırda TAİB xəttilə müxtəlif tədbirlər keçiriləcəyini bildirib.

Görüşdə TAİB-in Təşkilat Komitəsinin üzvləri – tarix elmləri doktoru Sabir Tağıyev, tanınmış şair Şöhlət Afşar və TAİB-in İcra Aparatının təmsilçiləri Elnur Eltürk və Şərafət Şəfa da iştirak edib.

Sonda İğdır Valisinə TAİB-in hədiyyəsi təqdim olunub.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR