BU GƏLİMLİ-GEDİMLİ DÜNYADA ƏHMƏD OĞUZU DA İTİRDİK

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Yadımdadır, doxsanıncıillərin əvvəlləri idi. Dedilər “Oğuz eli” adlı bir qəzet var, çox maraqlı qəzetdir, apar məqalələrini ora ver. Yəqin ki, çap edərlər. Düzü, həm utanır, həm də çəkinirdim. Orda tanıdığım bir kimsə də yoxdu. Deyəsən, gəlib mənzilə çatmışdım. Hər ehtimala qarşı qapıdakı oğlana yaxınlaşdım:

– “Oğuz eli” qəzetinin redaksiyası buradadırmı?

– Hə, düz gəlmişsiniz. Yuxarı qalxın, görəcəksiniz.

Birtəhər özümü toplayıb içəri keçdim. Baxdım içəridə iki nəfər var. Biri baş tərəfdə oturmuş, o biri ondan xeyli aralıda əyləşmişdi. Mən salam verib əlimdəki vərəqləri irəli uzatdım:

– Məqalə gətirmişəm.

– Əyləşin.

Mən həmin şəxslə üzbəüz əyləşdim. O, yazını məndən alıb baxan kimi həm­ka­rına dedi:

– Azər müəllim, bu, yaxşı yazıdır, bu nömrədə verəcəyəm.

Həmkarı başını oxuduğu materialdan qaldırmadan səsləndi:

– Lap yaxşı, Əhməd.

Bəli, Əhmədlə, yəni Əhməd Oğuzla ilk tanışlığım belə oldu. Öyrəndim ki, o, qəzetin məsul katibidir. Təbii ki, Əhmədlə tanışlıq məni çox məmnun etdi. Bunun yaxşı cəhəti o idi ki, məqalələrim “Oğuz eli”ndə dərc olunur, ayda xeyli qonorar alırdım. Digər tərəfdən, bu xoş təmas Əhmədlə, eləcə də Azər Abdulla ilə isti müna­sibətlərimin yaranmasına səbəb oldu. Əhməd Oğuzun mülayim xasiyyəti, gülərüzlü olması məni ona dostluq telləri ilə bağladı. Aradan xeyli keçəndən sonra onunla rastlaşanda gülümsündü:

– Radioda işləyirəm, “Xalq yaradıcılığı” redaksiyasında. Sən indidən belə ora­ya gəl. Səndə folklor örnəkləri çoxdu. Arada bir onlardan “Bulağ”a təqdim et.

Beləcə, radioya da yön çevirdim. Yavaş-yavaş radioda göndərdiyim folklor örnəkləri səsləndirildi. Bu, məni özümə inandırdı, özümə inamımı artırdı.

Nəhayət, bir gün Əhməd mənimlə görüşəndə verdiyim yazıları çantasına qo­yanda dedi:

– İndən belə sən də “Bulaq” yaz. Yazı üslubun buna çox uyğundu. Məncə, çətinlik çəkməzsən. Həm də arada bir “Bulaq”lara qulaq as, bu verilişlərdən çox şey götürə bilərsən.

Doğrudan da, elə oldu. Mən “Bulaq. Xalq yaradıcılığı” verilişinin ssenari müəl­liflərindən biri oldum.

Həmişə olmasa da arada bir görüşür, bir-birimizdən hal-əhval tuturduq.

Sonralar radio ilə əməkdaşlığım məndən asılı olmayan səbəblərə görə zəiflədi. Arada bir verilişlərdə iştirak edirdim, amma “Bulaq” verilişlərinin yanğısı ürəyim­dən getməmişdi. Bir dəfə bu barədə söz düşəndə dedim:

– Əhməd, mən bu verilişə çox bağlıyam. Bununla bağlı “Ümmandan damlalar” adlı bir kitab da yazmışam. İmkan olan kimi çap etdirəcəyəm.

– Belə de.

Dostum gülümsünsə də bir şey demədi. Yadıma nə düşdüsə qardaşı Mamedi (Məmmədi) xatırladım:

– Mamed necədi?

– Rəhmətə gedib, xeyli vaxt olar.

Soruşduğuma peşman oldum. Əhməd qəhərlənsə də bunu biruzə vermədi:

– Dünyanın işini nə bilmək olar ki… Ömrü verən də, alan da Allahdır.

Əhməd də az əziyyət çəkmədi. Ailə qursa da övladı dünyaya gec gəldi. Heç unut­mamışam, çox sevinirdi. Hamı ona gözaydınlığı verdi. Beləcə, Əhməd övlad se­vincini də yaşadı.

Hərdən bir rastlaşırdıq, bəzən atüstü görüşərdik. Bir-birimizdən hal-əhval tu­tandan sonra deyərdi:

– Təzə nə yazmısan? Nə vaxt mənə təzə kitablarından verəcəksən?

– Görürsən də. Əvvəllər həmişə özümlə çantada gəzdirərdim, indi… Əlbəttə, təzə kitablarımdan sənə verəcəyəm.

– Bəlkə yenə “Bulaq” yazasan.

– Vallah, ürəyimdən xəbər verdin.

Bəli, bir dəfə Əhmədə söz verdim, amma…Pandemiya hər şeyi qarışdırdı, bu bəla dünyanı bürüdü. Aləm qarışdı. Aradan xeyli vaxt keçdi.

…Bu yay elə isti keçdi ki, adamı yandırıb-yaxdı. Yayın necə keçib getdiyindən xəbərimiz olmadı. Bir də baxdım iş günü gəlib çatıb. Elxan müəllimlə, yəni Elxan Məmmədli ilə iş yerində görüşdüm, qəmli idi. Mənimlə görüşən kimi qəmli-qəmli dilıəndi:

– Xəbərin varmı, Əhməd Oğuz vəfat edib?

Bu bəd xəbər məni betər silkələdi. Dostumun gülümsər sifəti gəldi gözlərimin qabağına.

“Kitabi-Dədə Qorqud” dastanlarında deyilir: “Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı? Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya”. Bu son ucu ölümlü dünyada Əhməd Oğuzu da itirdik. Burada yadıma nənəm Xəstə Zərnişanın dediyi iki bayatı düşür:

 

Eləmi bu məni,

Nə çağırır qu məni.

Yaylığın kəfən eylə,

Göz yaşınla yu məni.

 

Ürəyimdə yara var,

Bənək-bənək qara var.

Aç ürəyimin başını,

Gör yanmamış hara var?

 

Məkanın cənnət, torpağın yumşaq olsun, Əhməd.

 

Tacir SƏMİMİ

filologiya üzrə fəlsəfə doktoru, dosent

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR