Zəngilan Azərbaycandır!

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Zəngilan şəhəri Azərbaycan Respublikasının cənub-qərbində Ermənistan və İranla sərhəddə Bakı-Culfa-Naxçıvan magistral dəmir və şose yolları üzərində strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşir. Tarixə baxsaq XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra yeni inzibati ərazi bölgüsü aparılıb. Bölgü nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib. Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb. 1925-ci ilin sənədlərində Zəngilan Cəbrayıl qəzası tərkibində göstərilir. Xəritədə Zəngilanın kəndləri Genlik, Aladin, Dəlləkli kimi qeyd olunur. Zəngilan şəhəri ərazisində onlarla milli və dini-tarixi abidə olmuşdur. Rayonda çöküntü suxurlarından başqa vulkanik materiallar – ura, təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar-tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır. Zəngilan rayonu coğrafi mövqeyinə, torpaq və iqlim xüsusiyyətinə görə füsunkar gözəlliyə, zəngin təbiətə malikdir. Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri və Bəsitçay.
1993-cü il oktyabrın 30-da Zəngilan rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayonun sahəsi 730 kvadrat kilometr, əhalisi 45 mindən çox olub.
İşğaldan sonra Zəngilan rayonunun əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi.
Erməni vandallarının işğalı nəticəsində bütün tarixi-dini abidələr məhv edilib və dağıdıldı. Tarixi-dini abidələrə misal olaraq: İmam Hüseyn məscidi (XVII əsr), Məscid (XIX əsr) – Malatkeşin kəndi, Məscid (XIX əsr) – Qırıq Muşlan kəndi, Məscid (XIX əsr) – Muşlan kəndi, Məscid (XIX əsr) – Rəzdərə kəndi, Alban kilsəsi – Xanazor və Yeməzli kəndləri. Ziyarətgahlar: Səkkizguşəli türbə (XIV əsr) – Məmmədbəyli kəndi, Ziya Baba ocağı – Ağkənd kəndi, Xanazur türbəsi – Bartaz kəndi, Xanazor piri – Bartaz yaxınlığında, Soltan Heydər piri – Bartaz dağında, Günqışlaq piri – Günqışlaq kəndi, İzzə piri – Hacıllı kəndi, Hacallı (Hacıallı) günbəzi – Hacıllı kəndi, Buqakar piri – Leyfaz kəndi, Məlikli Hacı Mir Məhəmməd ocağı – Məlikli kəndi, Veysin piri – Pirveyis kəndi, Seyid Musa ocağı – Sobu kəndi, Qaradağlı piri – Şəfibəyli kəndi, Yal piri – Vejnəli kəndi, Yel piri – Vejnəli kəndi, Soltan ocağı – Yeməzli kəndi, Şəhid Məhəmməd yeri – Yeməzli kəndi, Dəvəcüneyt piri – Zəngilan şəhəri, Məmməd bəyin türbəsi – Məmmədbəyli kəndi. Tarixi memarlıq abidələri: Şərifan abidələri (IX-XVI əsrlər) – Şərifan kəndi, Şəhri Şərifan yaşayış yeri (orta əsrlər) – Hacallı kəndi, Ağca Aşıq yaşayış yeri (orta əsrlər) – Qumlaq kəndi, Qız qalası (orta əsrlər) – Qumlaq kəndi, Qəsr qalası (orta əsrlər) – Oxuçuçayı, Sərdabə (XIII əsr) – Şərikan kəndi, Sərdabə (XIV əsr) – Yenikənd kəndi, Hacallı dairəvi bürcü (XIV əsr) – Hacallı kəndi, Körpü (XIX əsr) – Hacallı kəndi, Hacalı qülləsi (XIV əsr) – Məmmədbəyli kəndi, Nekropol (e.ə VI-IV əsrlər) – Quyudərə Xəştab kəndi, Küp qəbirlər (b.e.ə. IV-II əsr¬lər) – Yeməzli kəndi, Koroğlu daşı (VII-VIII əsrlər) – Ağ oyuq düzü, Bartaz Qız qalası (XIV əsr) – Bartaz kəndi, Şərifan sərdabəsi (XII əsr) – Şə¬rifan kəndi, Tağlı körpüsü (XVI əsr) – Sobu kəndi, Yəhya ibn Məhəmməd əl-Hoca məqbərəsi – Məmmədbəyli kəndi.
Müzəffər Ali Baş Komandan İlham Əliyev verdiyi əmrə əsasən, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi yenidən bərpa edildi. İşğal altında qalmış 132 kilometr sərhəd bərpa edildi. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başladı. Zəngilan uğrunda döyüşlərdə iştirak edənlərin şücaət və vətənpərvərliyinin dövlət tərəfindən cavabsız qalmadı. 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
2020-ci il Dekabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Zəngilan rayonuna səfər etdilər. Prezident İlham Əliyev Zəngilan şəhərində Azərbaycan bayrağını qaldırdı. Qələbədən sonra Zəngilan rayonuna üç səfər etmiş Prezident İlham Əliyev aparılan bütün bərpa və quruculuq işlərinə bilavasitə özü nəzarət edir. İşğaldan azad olunmuş rayonlarda icra olunan layihələr regionun sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaqdır. Prezident İlham Əliyevin səfərləri onu göstərir ki, “Böyük Qayıdış” üçün bütün mövcud potensiallar səfərbər olunub. Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcəkdir. İşğal dövründə ermənilərin dağıtdığı yurd yerlərimizin bərpası prosesi sürətlə davam edir. İlk bərpa edilən kəndlər isə Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndləri olacaq. Bu kəndlər “ağıllı” kənd pilot layihəsi çərçivəsində yenidən qurulacaq. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi ev tikiləcək. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemi də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, uşaq bağçası, poliklinika tikiləcək, iş yerləri yaradılacaq. Elektron idarəetmə olacaq. Zəngilandakı Ağalı kəndi Qafqazda müasir standartlara cavab verən ilk kənd kimi tarixə düşəcək. Kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq: yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri. Burada inşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq. Layihələrin icrasında Türkiyə, Çin, İsrail, İtaliya şirkətləri iştirak edəcəkdir. Texnologiyalar sahəsində dünyanın ən inkişaf etmiş kompaniyalarından olan “Huawei-Azərbaycan” şirkəti Qarabağda “Ağıllı kənd” üzrə qabaqcıl texnologiyaları təmin etmək üçün ən son məhsul və texnologiyaları bölgədə yerləşdirəcək. “Ağıllı kənd” layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradaraq “ağıllı tədris”, “ağıllı səhiyyə” və “ağıllı kənd təsərrüfatı” sistemlərini də həyata keçirəcəkdir.
Zəngilanda həyata keçirilən önəmli layihələrindən biri Heydər Əliyev Fondu tərəfindən icra olunur. Belə ki, Zəngilan məscidinin bərpası ilə bilavasitə Fond məşğul olur. İşğal dövründə ermənilər tərəfindən xalqımıza məxsus olan milli-mənəvi dəyərlərin erməniləşdirilməsinə cəhd göstərilib. Buna nail olmadıqda isə onları dağıdıb, təhqir ediblər. Zəngilan ərazisində günəş enerjisinin böyük potensialı var. Artıq ilkin tədqiqatlar aparılıb və azad edilmiş torpaqlarda enerji generasiya gücləri, ötürücü xətlərin yenidən qurulması sayəsində bitkiçilik, meyvəçilik, heyvandarlıq daha sürətlə inkişaf edəcək. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq.
Zəngilanda inşa olunacaq hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Təməli qoyulan Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq. İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra Azərbaycanın nəqliyyat-kommunikasiya, logistika imkanlarını genişləndirməsi üçün çox əlverişli imkan yaranıb. Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə Bəyanatda Zəngəzur dəhlizinin açılması da müddəa kimi qeyd edilib. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivlər yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır. Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, Azərbaycan Ordusunun gücü, cəmiyyətdəki vətəndaş həmrəyliyi nəticəsində əldə olunmuş qələbə Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən biridir. Xalqımız bu tarixi Zəfəri böyük səbirsizliklə gözləyirdi və hər birimiz üçün müqəddəs sayılan torpaqlarımızın azad olunması sübut etdi ki, Azərbaycan əsgəri Vətənini qorumaq uğrunda canından keçməyə hazırdır.
Qarabağ Azərbaycandır! Zəngilan Azərbaycandır!

Kəmalə Nərimanova
Nizami rayonu 129 sayli tam orta məktəbin müəllimi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR