“Ermənistanda siyasi vəziyyət gərginləşir, Paşinyan müxalifətə təzyiqləri artıracaq” – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Müharibənin bitməsindən iki ay müddət keçməsinə baxmayaraq Ermənistanda xaos davam edir. Ölkədə post-müharibə sindromunun dərinləşməsi müşahidə olunur. Sosial və iqtisadi tənəzzül, əhalinin sosial vəziyyətinin daha da ağırlaşır. Ermənistanın ağır duruma düşməsində əsas günahkar kimi baş nazir Nikol Paşinyan göstərilir. Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin 11 yanvar görüşündə Paşinyanın əsirlərlə bağlı hər hansı müsbət qərar əldə etməməsi, ölkə müxalifətinin baş nazirə qarşı təzyiqlərini artırması ilə nəticələnib”.

Missiya.Az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini, Missiya Media Qrupun rəhbəri Ramin Əhmədov Ermənistandakı hazırki vəziyyəti şərh edərkən deyib.

Ramin Əhmədov bildirib ki, bütün müxalifət Nikol Paşinyanı səriştəsiz idarəçi və ölkəni uçuruma aparan baş nazir kimi tənqid edir: “Hazırda Paşinyana qarşı kilsə, “Qarabağ klanı”, xaricdəki erməni diasporu və bir çox müxalif qruplar birləşib. Müxalifət ölkədə söz azadlığının, insan hüquqlarının bərbad vəziyyətdə olduğunu, televiziyaların, saytların təzyiqlə üzləşdiyini qeyd edir. Həmçinin 2018-ci ildən bəri Paşinyanın tərifləməyən, onun siyasətini dəstəkləməyən bütün kanallar onun istəyi ilə qapadılır. Paşinyan Ermənistanda elə bir vəziyyət yaradıb ki, hamı ölkədəki ağır sosial-iqtisadi duruma etiraz etməyə qorxur. Ermənistanın bu vəziyyətə düşməsinin əsas səbəbi isə yalançı ideologiyanın arxası ilə getməsi və uzun illər işğalçılıq siyasəti aparmasıdır”.

YAP rəsmisi Ermənistanda siyasi mübarizənin kəskinləşməsi və sosial vəziyyətin ağırlaşması fonunda Paşinyan hakimiyyətinin daxildə ciddi təzyiqlərə məruz qalacağını deyib: “Belə bir məqamda, cinayətkar Köçəryan-Sarkisyan klanı hakimiyyəti ələ keçirmək üçün revanşist planlarını reallaşdırmağa başlayıb. Nikol Paşinyan müxalifətin artan təzyiqlərinə qarşı sərt tədbirlər görməyə çalışır. Məsələn, İrəvanda 2008-ci ilin martında baş vermiş kütləvi etiraz aksiyaları ilə əlaqədar dövlət çevrilişi cəhdində ittiham olunan keçmiş prezident Robert Koçaryanın məhkəmə prosesi 4 ay fasilədən sonra yenidən bərpa edilib. “Qarabağ klanı”nın digər üzvləri Ermənistan Müdafiə nazirinin müavini Yuri Xaçaturov, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan və keçmiş baş nazirin müavini Armen Gevorkyan konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmağa görə mühakimə olunurlar”.

Ramin Əhmədov Paşinyan hakimiyyətinə qarşı təzyiqlər artacağı təqdirdə, baş nazirin “Qarabağ klanı”nın digər üzvlərinə qarşı cinayət işini bərpa edəcəyini və onların da həbs edilməsinə cəhd göstərəcəyini deyib: “Əlbəttə ki, cinayət işləri ilə bağlı proseslərin bərpa edilməsi, “Qarabağ klanı”na havadarlıq edən xarici qüvvələri daha da qıcıqlandıracaq. Bu isə Nikol Paşinyanın daha çətin vəziyyətə düşməsi ilə nəticələnə bilər. Proseslər göstərir ki, Ermənistanda həm siyasi, həm də sosial-iqtisadi gərginlik yeni mərhələyə qədəm qoyur”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR