Dövlət müharibədən zərər çəkmiş vətəndaşlara necə dəstək olacaq?

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycanla Ermənistan arasında 44 gün davam edən müharibə müddətində düşmən ordusu birbaşa rəsmi İrəvanın tapşırığı ilə Gəncə, Tərtər, Bərdə və digər şəhərlərimizə raket hücumları həyata keçirildi. Rəsmi məlumata görə, mülki əhalinin məhvinə yönəlmiş rasket hücumları nəticəsində 94 mülki şəxs ölüb, 410 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hücumlar zamanı, 461 mülki obyekt, 97 çoxmənzilli yaşayış binası və 2488 yaşayış evi yarasız vəziyyətə düşüb.

Əlbəttə ki, Ermənistan hakimiyyəti törətdiyi bütün vəhşiliklərə, dağıntılara görə hüquqi baxımdan cavab verəcək. Rəsmi Bakı İrəvandan təzminat tələb etmək hüququnu özündə saxlayır. Bu hüquqi prosedur başa çatana qədər Azərbaycan hökuməti Vətən Müharibəsi zamanı zərər çəkmiş mülki əhaliyə dəstək proqramlarının icrasına start verib.

Müharibə zamanı mülki əhaliyə dəymiş ziyan Prezident İlham Əliyevin “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2020-ci il 6 noyabr tarixində (2292 nömrəli) imzaladığı müvafiq Sərəncama uyğun şəkildə həyata keçirilir.

Həmin Sərəncama əsasən Azərbaycan Respublikasının baş nazirinin rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Həmçinin bu Sərəncamın icrasının təmin edilməsi üzrə baş nazir tərəfindən Komissiyanın işinin təşkil edilməsi məqsədilə müvafiq Sərəncam imzalanmış və aidiyyəti təyinatlı 11 işçi qrupu yaradılıb.

Yaradılmış işçi qruplarına 11 rayonda mülki əhaliyə, dövlət əmlakına, sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Sərəncamda həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən vahid məlumat bazasının formalaşdırılması işlərinin həyata keçirilməsi də nəzərdə tutulub. Məlumat bazasına mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyan və onun aradan qaldırılması ilə bağlı müfəssəl məlumatlar daxil edilir.

Həmin bazada zərərçəkmişlərə aid hansı məlumatlar öz əkisini tapacaq?

1. Şəxsi, məkan və zaman informasiyaları; 

2. 10 ədədək foto və 3 dəqiqəlik video; 

3. qiymətləndirmənin məbləği və digər bu kimi məlumatlar.

Göründüyü kimi, dövlət üzərinə düşən bütün öhtəlikləri tam şəkildə həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası tərəfindən dəymiş ziyanın müəyyənləşdirilməsi və qiymətləndirilməsi istiqamətində işlər təxirəsalınmadan davam etdirilir.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 14-də ilkin mərhələdə zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı daha bir Sərəncam imzalayıb.

Sərəncama əsasən, təcavüz nəticəsində dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı ödənişlər təyin olunub.

– hər bir ailəyə 6000 manat;

– şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat və digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardımın ayrılması qərara alınıb.

Maliyyələşmənin həyata keçirilməsi ilə bağlı Nazirlər Kabinetinə müvafiq tapşırıq da verilib.

Yerli icra hakimiyyəti orqanları aidiyyəti ərazi üzrə ayrılması nəzərdə tutulan maddi yardımın yaşayış evlərin sahiblərinə və ya onların qanuni nümayəndələrinə bank vasitəsi ilə ödənilməsini təmin edəcəklər.

Növbəti mərhələdə isə, mülki əhaliyə, dövlətə və sahibkarlıq fəaliyyəti subyektlərinə məxsus dağıdılmış və ya qəzalı vəziyyətə salınmış, qismən ziyan dəymiş yaşayış və qeyri-yaşayış sahələrinin təmir-bərpası işlərinin, həmçinin nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsinə başlanılacaqdır.

Prezidentin müvafiq sərəncamına əsasən müharibə zamanı mülki əhaliyə dəymiş ziyanla bağlı tədbirlər ən qısa müddətdə həyata keçiriləcək. Görülən tədbirlərdən bir daha aydın olur ki, Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır, onun bütün problemlərini həll etmək üçün müvafiq addımlar atır.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR