Hulusi Kılıç:”Şuşa bizim üçün namus məsələsi idi…”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Həmsədrlər 27 il başımızı qatdı, 27 ilimizi oğurladılar, 27 il gəlib yeyib-içib getdilər. Ancaq Ali Baş Komandanın liderliyi və qardaş Azərbaycan xalqının dəstəyi ilə qəhrəman Azərbaycan ordusu 44 günlük bir müddətdə işğal edilən torpaqların tamamını düşməndən azad etdi. Mən can Azərbaycanımızın tarixi zəfərini təbrik edirəm, bu zəfəri Türkiyənin qələbəsi olaraq da qəbul edirəm.

Bu 44 günlük zaman çərçivəsində dünya nələrə şahidlik etdi? Ali Baş Komandanın liderliyinə, can Azərbaycanımızın – qardaş xalqın cənab Prezidentin ətrafında toplanmasına, ona dəstək verməsinə, sivil insanların raket hücumlarına qarşı sinə gərməsinə şahidlik etdi. Bundan əlavə, dünya müasir ordusu olan Azərbaycanımızı və torpaq üçün canlarını fəda edən igidləri gördü. Eyni zamanda dünya can Azərbaycanın yanında qardaş Türkiyəni gördü. Başda hörmətli Prezidentimiz Rəcəb Tayyib Ərdoğan, Türkiyə parlamentinin sədri Mustafa Şəntop, prezidentin köməkçisi, Xarici işlər naziri, Müdafiə naziri və 83 milyonu ilə Türkiyə can Azərbaycanımızın yanında oldu. Bu müddətdə Türkiyə qardaş ölkəyə həm siyasi, həm də diplomatik dəstəyini verdi. Həmişə “bir millət, iki dövlət” sözünün elə sözdə olduğunu deyirdilər, amma bunun əməldə olduğunu təkrardan dünyaya isbat etmiş olduq. Amma bu dönəmlərdə biz əslində bir millət, iki dövlət deyil, elə bir millət, bir dövlət kimi olduq.

Ayrıca can Azərbaycanımızın Prezidenti əsl liderlik kimi informasiya sahəsində də böyük potensial nümayiş etdirdi, dünyanın qabaqcıl jurnalistlərinə və media orqanlarına verdiyi müsahibələr buna əyani sübutdur. Ermənistan onunla müştərək qüvvələrin dəstəyinə sığınsın deyə bu müharibənin beynəlxalq müharibəyə çevrilməsinin tərəfdarı idi, amma cənab Prezident olduqca ağıllı bir siyasət yürütdü və savaş yalnız iki dövlət arasında reallaşmış oldu. Əslində mən buna savaş demirəm, çünki bu bir Vətən müharibəsidir, mən buna torpaqlarını düşmən işğalından azad etmək deyirəm.

10 noyabr tarixinə gəldiyimizdə Azərbaycan, Rusiya Federasiyası və Ermənistan arasında imzalanan üçlü müqavilə olduqca önəm qazanır. Bəziləri bu müqavilənin əhəmiyyətini bəsitləşdirməyə çalışır, amma bu müqavilə sayəsində 1 dekabr tarixinədək 7 rayonumuz tamamilə boşaldılmış olacaq. Müqavilənin 5-ci maddəsinə görə Türkiyə də masada, həm də ərazilərə nəzarətdə olacaq. Rus əsgərləri ilə yanaşı, türk əsgərləri də ərazidə xidmət göstərəcək, sülhə nəzarət vəzifəsini icra edəcəklər.

Bunu da demək istəyirəm ki, həmsədrlərin artıq heç bir təsir gücü qalmadı. Onlar 27 il müddətində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünü evlərinə geri göndərməli idilər. BMT-nin 1993-cü ildə qəbul etdiyi qətnamələrə görə həmsədrlər erməniləri o torpaqlardan çıxartmalı idilər, amma heç bir şey etmədilər. Bu da vaxt oğurlamaqdan başqa bir işə yaramadı. Yeni sistemdə Türkiyə, Rusiya Federasiyası, Azərbaycan və Ermənistan əsas rol oynayacaq, bundan əlavə, müqavilənin 9-cu maddəsinə görə də Azərbaycanla Naxçıvan arasında dəhliz yarandı ki, bu da Azərbaycanla Türkiyəni bir-birinə bağlayan bir dəhliz olacaq. Bu da məlumdur ki, Zəngəzur Azərbaycanımıza aiddir, sadəcə zamanla siyasi və planlı şəkildə Ermənistana verilib.

Əslində 26 sentyabr tarixinə geri döndüyümüzdə çox fərqli bir vəziyyət var idi, indi isə olduqca fərqli bir vəziyyət var. Ona görə də biz bu tarixi zəfəri təbrik edirik. Bu zəfəri həm Azərbaycanın, həm Türkiyənin, həm də türk dünyasının qələbəsi olaraq görmək lazımdır. Nəticə olaraq Azərbaycanımız böyük bir qələbə qazandı. Ermənistanda isə siyasi vəziyyət qarışdı, mütəmadi şəkildə küçələrdə etiraz mitinqləri baş alıb gedir, Azərbaycanımızda isə insanlar bayraqlarla zəfəri qeyd edir. Ermənistan artıq dizə gətirildi, cənab Prezidentin dediyi kimi, “iti qovan kimi” qovduq erməniləri və o, dəmir yumruğu Paşinyanın başına vurdu. Mənim bədənim burdadır, ruhum və ağlım Azərbaycandadır. Şuşa bizim üçün namus məsələsi idi, onu da aldıq. Şuşa vücudun ürəklə, torpağın su ilə birləşməsi kimidir. Şuşa Qafqazın incisidir, böyük bir mədəniyyət şəhəridir. Ona görə də 8 noyabrda Qarabağın açarı Şuşanı almağımız bizi çox xoşbəxt etdi. Artıq evindən zorla çıxarılan vətəndaşlar böyük bir sevinclə evlərinə geri dönəcəklər və ən önəmlisi onlar artıq məcburi köçkün deyillər. Zəfərimiz mübarək olsun!

Hulusi Kılıç,

Türkiyənin Azərbaycandakı sabiq səfiri

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR