Qəzənfər Paşayev:”Mən çox xoşbəxt adamam”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

 

Bu gün biz şanlı tariximizin qızılı hərflərlə yazılan günlərini yaşayırıq. Qarabağın azadlığı sızlayan yaralara məlhəm oldu. Bütün dünya azərbaycanlılarının sevincinə səbəb olan bu hadisənin, bu tarixin sevincini bölüşmək üçün Azərbaycanın sayılıb-seçilən ağsaqqalı, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevlə müsahib olduq.

Qələbə bayramımız mübarək, əziz professor. Mübarək gündə xoş gördük. Bu sevinci sizinlə bölüşməyin br ayrı özəlliyi var. Çox nəşəli və gümrah görünürsüz. 

-Hamı kimi mən də sevincliyəm. Xoşbəxt anlar yaşayıram.  Xoşbəxtlik insana nəsib olursa, bu, çox böyük işdir. Mən iki yüzilliyin, iki minilliyin qovşağını yaşamışam.

Azərbaycanın müstəqilliyini görmüşəm. Bütün xoşbəxtliklər keçəridir, ötüb gedir. İki xoşbəxtlikdən başqa. Biri odur ki, Vətən azad olsun, xalq azad olsun, müstəqil olsun. Onun töhfələrinin bəhrəsini biz dəririk. İkinci də, insan o vaxt əbədi xoşbəxt olur ki, övladlarından yarısın. Əbədi xoşbəxtliyimə əbədi və ədəbi rəng qatan Qarabağın azadlığını da gələk üstünə. Ümumiyyətlə, mən çox xoşbəxt adamam ki, bunları görmüşəm.

Ard-arda gələn zəfər xəbərləri sizdə hansı hissləri oyatdı?

– Bu hadisələr başlayandan ahıl yaşıma baxmayaraq mən də özümü səfərbər etmişdim. Əğər bizə ehtiyac duyularsa, hər an ön cəbhəyə getməyə hazır idik. Lakin biz bilirdik ki, möhtərəm prezidentimiz öz düşünülmüş, müdrik siyasəti ilə güclü və nizami ordu yaradıb. Və bu 44 gündə biz bunun isbatını gördük. Ard-arda gələn zəfər və rayonların azadlığı xəbəri sevincimizin hüdudunu aşdı. 8 noyabr Şuşanın azadlığı, 9 noyabr- Bayraq günü, 10 noyabr  Qələbə gününün elan olunması böyük , çox böyük  sevinc yaşatdı bizlərə. Bütün azərbaycanlılar kimi mən də sevinc göz yaşlarına qərq oldum. Bəli, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.

Azərbaycanın Ali Baş Komandanı öz şanli Ordusu ilə böyük və unudulmaz bir  tarix yazdı.

-Ali Baş Komandan dedi və etdi! Artıq Qarabağ azaddır! Düşmən geriyə belə baxmadan qaçır. Budur türk oğlunun qüdrəti! Budur Türk sərkərdəsinin güc-qüvvəti, möhtəşəmliyi! 1983-cü ildə 3 ay Amerikada oldum, ixtisasartırma kurslarında, Arizona ştatında. Kitabxanada axtardım tapdım ki, Aleksandr Düma “Qafqaz səyahəti” adlı kitab yazıb. Azərbaycanda xəbərimiz yoxdur bizim. Niyə? Çünki müəllif erməniləri çox pisləmişdi. Azərbaycanda bu kitabın izinə düşmək mümkün deyildi. Biz onu yaydıq. Erməninin məkrli və çirkin sifətini dünyaya göstərdik. Və bu gün bütün dünya Azərbaycan həqiqətlərini aydın şəkildə gördü. Bizim güclü ordumuz düşmənə yerini göstərdi. Və nəhayət biz haqqımız olana sahib olduq. Bu müharibə də yaddaşlarda belə qalacaq. Ermənistanın rəzilliyi, bizim qələbəmiz kimi. Azərbaycanın rəşadətli oğulları sübut etdilər ki, dünyanın ən güclü ordularından biridir bizim ordumuz.

Sizin  Azərbaycan tarixinin təhrifsiz formada dünya ictimaiyyətinə çatdırılmasında böyük rolunuz, danılmaz əməyiniz var. Və bunun çox hissəsi də SSRİ-nin tərkibində olan vaxtına düşüb. Bax, o zamanlar nə hisslər keçirirdiz? Sizi incidən nə olub?

-Xaricdə işləyən vaxt həmişə ürəyimdən qara qan axırdı ki, İlahi, niyə bizim dövlət başçılarımız olmasın, başqa yerlərə getməsinlər, bizim bayrağımız dalğalanmasın, himnimiz çalınmasın, xarici ölkələrdə tanınmayaq… Mən xaricdə işləyəndə də rus koloniyası yazılırdı və yeganə ona qarşı çıxanlar ukraynalılar idi ki, niyə rus koloniyası, sovet koloniyası, sovet mütəxəssisləri deyilir?…Onları mən görürdüm. Adam da ki, qandı, anladı, o böyük dərddir. Qanmamağa nə var ki… Çox şükür ki, Azərbaycan müstəqilliyinə qovuşdu. Və mənim də nisgilimi silib apardı.Çünki biz qapalı mühitdə yaşayırdıq. Saçımız oradan ağarırdı ki, xalqın düşünən beyinlərini məhv edirdilər açıq şəkildə. Amma məqam yetişdi. Xalq öz azadlığını, müstəqilliyini bərpa etdi. Heydər Əliyev şəhidlərin qanı bahasına bərqərar olan müstəqil Azərbaycanın memarı, qurucusu oldu. Bu gün güclü inkişaf etmiş ölkəmiz  dünyaya günəş kimi şəfəq saçır. Bütün bunlar Ümummilli Liderimiz Heydər Əliyevin  və onun layiqli davamçısı olan, möhtərəm prezidentimizin düzgün siyasətinin nəticəsidir. Söz azadlığına, insan amilinə mühüm yer verildi. Və xalqın arzuları gerçəkləşdi. Vətəndaş həmrəyliyi yarandı.

Bu gün bütün Azərbaycan, dünya azərbaycanlıları, türk dünyası qələbə sevincinə qoşulub. Bu qələbəni bizə yaşadan Ali Baş Komandana, müzəffər ordumuza ürək sözlərinizi eşidək.

Vətən müharibəsi başlayan gündən biz Ali Baş Komandanımızın güclü iradəsini və düyünlənmiş yumruğunu gördük. Bu yumruq, özünün dediyi kimi, həm həmrəyliyimizi, həm də gücümüzü göstərdi. Möhtərəm prezidentimiz isbat etdi ki, o, həqiqətən də layiqli davamçı, layiqli övladdır. O, atasının ona olan etimadını doğrultdu. Mən bir də həmişə bizə dəstək olan qardaş Türkiyəyə təşəkkür edirəm. Türkiyə bir daha sübut etdi qanı bir, canı bir olduğumuzu. 200 ildən çox zaman kəsiyində heç bir sərkərdənin etmədiyini etdi İlham Əliyev. Hər birimiz minnətdarıq! Var olsun şanlı ordumuz! Mən bütün dünya azərbaycanlılarını təbrik edirəm bu qələbə münasibətilə. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandanımız! Yaşasın şanlı ordumuz! Qarabağ Azərbaycanın əzəli və əbədi torpağıdır!

-Biz də sizi alqışlayırıq. Var olun! Qələbəmiz mübarək!

Şərafət Şəfa

11.11.20

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR