Azər Kərimli:”200 ildən də çox bir zaman kəsiyinin ən böyük Qələbəsinə imza atıldı”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

 

Azər Kərimli,

Avronest Parlament Asasambleyasında

Azərbaycan nümayəndə heyətinin rəhbəri 

———————————

İmzalanmış bəyanat dövlətimizin beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suveren hüquqlarının tam bərpa edilməsi deməkdir. Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin iştirakı ilə imzalanan bəyanat dövlətimizin beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suveren hüquqlarının tam bərpa edilməsi, münaqişəyə birdəfəlik son qoyulmasıdır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev diplomatik müstəvidə də maksimum nəticəyə nail olub: “Prezident İlham Əliyev Azərbaycan Ordusunun Ermənistanın hərbi təxribatına qarşı başladığı əks-hücum, sülhə məcburetmə əməliyyatının ilk günlərindən başlayaraq, dünyanın nüfuzlu Kütləvi İnformasiya Vasitələrinə müsahibələrində işğalçı ölkədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyi, qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağı tələb edib, rəsmi İrəvanın ölkəmizin şərtləri ilə razılaşacağı təqdirdə hərbi əməliyyatların dayandırılacağını bildirib. Prezidentimiz işğal altında olan ərazilərimizdə yaşayan, sonradan məskunlaşdırılmayan ermənilərin Azərbaycan vətəndaşı olduğunu, onların hüquq və azadlıqlarına Azərbaycan Respublikası Konstitusiyasının çərçivəsində təminat verildiyini bəyan edib. Rusiya Prezidentinin iştirakı ilə imzalanan anlaşma da dövlət başçımızın bu günədək səsləndirdiyi prinsiplər çərçivəsindədir və ölkəmizin beynəlxaq səviyyədə tanınmış sərhədləri daxilində suveren hüquqlarımızın tam bərpasına xidmət edir. Sənəddə Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycanın tələb etdiyi kimi konkret vaxt göstərilməklə qısa müddət ərzində azad edilməsinin yer alıb. Bununla yanaşı, bəyanatda “Dağlıq Qarabağ”ın statusu haqqında, Prezident İlham Əliyevin bildirdiyi kimi bir kəlmə də yoxdur. Bu o deməkdir ki, ermənilərin kompakt yaşadığı ərazilər Azərbaycan Respublikasının digər ərazi subyektləri ilə bərabər tutulur və hər hansı bir əlahiddə üstünlüyə malik deyil.

Prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşinyan arasında imzalanan sənəddə Azərbaycan Respublikasının əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında dəhlizin, daha dəqiq desək, nəqliyyat infrastrukturunun yaradılması ilə bağlı müddəanın yer alması, ölkəmizin ayrılmaz parçası olan Naxçıvanın blokadadan çıxarılmasına xidmət edir və bu faktın özü belə, Azərbaycanın növbəti diplomatik uğuru kimi qiymətləndirilməlidir.

Bu prosesdə Türkiyə də fəal və zəmanətçi dövlət statusunda iştirak edəcək ki, bu da proses ərzində Azərbaycanın maraqlarının maksimum qorunması baxımından mühüm əhəmiyyətə malikdir: Atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya sülhməramlı mərkəzinin yaradılması da bunu sübuta yetirir.

Azərbaycan xalqının və Ordumuzun Prezident, Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə 200 ildən də çox bir zaman kəsiyinin ən böyük Qələbəsinə imza atıldı. Bu, tariximizin ən şanlı, ən şərəfli səlnaməsidir. Bu səlnamə şəhidlərimizin, qazilərimizin qanı ilə yazıldığı üçün də müqəddəsdir. Azərbaycanın qəhrəman övladları bütün dünyaya cəsarətimizi, gücümüzü, mübarizə əzmimizi nümayiş etdirdilər. Şəhidlərimiz bizim qürur yerimizdir və onlar daima yaşayacaqlar, nəsillərin and yerinə çevriləcəklər.

Mən Böyük Qələbə münasibətilə müqəddəs zəfərimizin memarı Prezident İlham Əliyevi, Azərbaycan ordusunun əsgər və zabitlərini və bütün Azərbaycan xalqını təbrik edirəm.

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR