“Bu gün Azərbaycanın şanlı tarixini yaşayırıq….!”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

 

Cənab prezidentimizin  qətiyyətli, müdrik və cəsarətli siyasəti Azərbaycan xalqını hər zaman uğurlu gələcəyə, parlaq qələbəyə doğru aparıb. Xalqı özünün və ordumuzun ətrafında sıx birləşdirən möhtərəm prezidentimizin, xalqımızın gələcəyi naminə verdiyi hər bir qərarı və atdığı hər bir addımı dəstəkləyirik. Məhz onun əzmkar komandanlığının, Azərbaycan Ordusunun igidliyi və şücaəti nəticəsində yaxın günlərdə ən böyük qələbəyə nail olacağıq

Ortaq dərd hamını eyni xarakterə malik edib. Hamıda böyük ruh yüksəkliyi var. Bu dava əvvəlki davalara bənzəmir. Bu əslində dava yox, ümidlərin közərən işartısı, sönən ocaqların alovlanması, yurd vüsalının qovuşmaq istəyinin qanadları idi. Bu o andı ki,  bütün dünya azərbaycanlıları sinələrini sipər etməyə hazırdılar. Bütün azərbaycanlıların bu coşğusu Qarabağ əhlinə də yeni ruh, coşqu gətirmişdi. İnam gətirmişdi. Ali Baş Komandana, Müdafiə nazirinə, Milli Orduya böyük güvən gətirmişdi!!! Artıq hamıda bir inam formalaşmışdı. Qarabağ bizimdi!!! Qarabağ Azərbaycandı!!!

Biz də öz missiyamıza sadiq qalıb, ağsaqqallarımızın fikirlərini öyrənməyə çalışdıq. Müsahiblərim Nizami rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev və müavini Eyvaz Hünbətovdur.

(Mayıl Əliyevlə müsahibə)

-Qarabağ hadisələri barədə şərhiniz necədir?

-Qarabağ bizim qan yaddaşımıza çevrildi. İllərin səbri bu gün daşdı, bəndi-bərəni ağzına alıb apardı. Əzm və qətiyyət öz sözünü deyir Qarabağda. Bu gün Azərbaycanın nizami ordusu var. Bu ordunun başında isə böyük Heydər Məktəbinin yetirməsi olan Ali Baş Komandanımız durur. Onun düşünülmüş siyasəti, əzmi, qətiyyəti çox şeydən xəbər verir və bizlərin də ürəyini riqqətə gətirir. Bilirsinizmi, Qarabağ məsələsinin sülh yolu ilə həlli üçün çox şanslar verilib. Lakin Ermənistan bu 30 ilə yaxın bir vaxtda ərköyün uşaq kimi daima danışıqlardan qaçıb. Öz şərtlərini qoyub həmişə. Bizim möhtərəm prezidentimiz hər zaman səbr və təmkinlə, gözəl fikirlərilə, hüquqi və səlis danışıqları ilə daima çalışmışdır ki, onlara təsirli cavab versin, məsələni sülh yolu ilə həll etsin. Lakin 30 ildi buna nail olmadığımızdan, nəhayət ermənilərin öz təxribatlarına cavab olaraq faktiki müharibə başladı. Və müharibənin ilk saatlarından və günlərindən də silahlı qüvvələrimiz onları yerində oturtmağa çalışdılar.

Avropa Şurası, ATƏT-in Minsk Qrupunun “fəaliyyəti” nədən ibarətdi sizcə?

Bu saat yatıb qalan dünya ictimaiyyəti, Avropa Şurası və başqa bu kimi təşkilatlar birdən qəflət yuxusundan oyandılar sanki. Hərə bir tərəfdən telefona sarıldı ki, “atəşi dayandırın, atəşi dayandırın!” Artıq atəş dayanmır. Biz bütün işğal altındakı yurdları işğaldan azad etmək əzmindəyik. Bizim prezidentimiz də “Qarabağ Azərbaycandır!”-şüarını qaldırdığı gündən irəliləyişlər baş verir. Avropa Şurası, ATƏT-in Minsk qrupunun üzv dövlətləri olan ABŞ, Fransa və Rusiya  hər zaman əks düşüncədə olmuş, Azərbaycanın hüquqlarının qorunması üçün heç bir əməli fəaliyyət göstərməmişdir. 30 ilə yaxın bir zaman məfhumunda, ancaq mürgüləməklə məşğul olmuşlar.

– Türkiyə və Pakistanın qardaşlıq əzmkarlığı, Azərbaycana dəstəyi xalqımızda böyük sevgi və coşğu yaratdı. Hər yerdə 3 ölkənin bayrağı birlikdə dalğalanmağı qürurverici görüntü yaratdı. Sizin qardaş Türkiyə ilə qan bağınız ruh yüksəkliyinizə böyük stimul vermiş olmalı..

-(gülümsəyir) Ümumiyyətlə, türklər tarixən də bizə doğma, qardaş münasibət göstərmişlər. Bu gəliş, bu dəstək isə mənim nəzərimdə 1918-20-ci illərin davamıdır. O zaman da bizim yanımızda türk qardaşımız vardı, indi də. O zaman da, biz eyni, “erməni”- adlı problemdən əziyyət çəkirdik, indi də.. Sözünüzə rəng qataraq demək istəyirəm ki, həqiqətən də türkün türkdən başqa dostu yoxdur! Mən Türkiyə ilə fəxr edir, qürur duyuram ki, belə qardaşımız var!

Son zamanlar hamı sizi səmimi bir sevgiylə, məşhur personaja bənzədərək,  “Maxaraşvili” çağırır. Cəbhədə olan bir zabit atası kimi nə hisslər keçirirsiz?

Mən ancaq qürur duyuram. Sevinirəm. Fəxr edirəm ki, oğlum savaş qəhrəmanıdır. Bu cür, dünyanı heyrətə gətirən bir orduda xidmət edir. Hər səhər oyananda istəyirəm mən də əsgər paltarı geyinib cəbhəyə gedim. Ruhum coşur, lakin bilirəm ki, lazım olsa, ehtiyac olsa səfərbərlik xidməti özü çağıracaq. İndi orduda elə şirpəncəli, pələng cüssəli oğullar var ki, mənə ancaq onları durmadan alqışlamaq düşər.

Eşq olsun bu möhtəşəmliyə. Mayıl müəllim, siz hər zaman Ağsaqqallar Şurasının fəalı kimi aktiv fəaliyyətdə olmusuz. Son zamanlar isə bu aktivlik daha da artıb.

-Doğrudur. Tovuz hadisələrindən başlayaraq biz gənclərlə daha sıx təmasda olur, həqiqi hərbi xidmətə çağırılanlara öz tövsiyyələrimizi verir, Vətəni qorumağın vacibatlığını aşılamağa çalışırıq. Bu günki gənclikdə də yüksək ruh formalaşıb artıq. Coşğun, vətənsevər gənclər hətta hərbi hissələrə deyil, birbaşa cəbhə xəttinə atılmaq iddiasındadırlar. Bu da bizə qürur verir. Könüllülərin sayına baxdıqca isə bu xalqın yurd sevgisinin böyüklüyünə heyran olmaya bilmirsən.Biz  prezidentimizin Rusiyanın birinci kanalına müsahibəsini dinlədikdən sonra Azərbaycan xalqının ruh yüksəkliyi daha da artdı. Çünki biz elə bir çıxış gördük, elə bir faktlar eşitdik ki, belə liderlə fəxr etməyimiz birə min artdı. Bu çıxış gənclərin ruhuna hopdu, xalqda böyük dönüş yaratdı. Bu çıxışın davamını bu gün biz daha aydın görürük.

Ermənistan  birbaşa dinc əhalinin yaşadığı yerləri hədəfə alır. Sizcə bunun sonu nə ilə nəticələnəcək?

– Ermənilər quduz köpək kimidilər. Yaralı köpək həmişə quyruğunu qısıb qaçanda quduzluğundan hara gəldi ağız atır, dişləməyə çalışır. Eyni mənzərədi. Raketlərin hara gəldi atılması, artıq erməni ordusunun süqutundan xəbər verir. Aciz və qorxaqlıqlarından! Ermənistan rəsmiləri sakit arenada belə Azərbaycan rəsmilərinin konkret və tutarlı cavabları qarşısında aciz qalırlar həmişə. Döyüş meydanında da eyni!

Hərbçilərimizə arzularınız..

–  Mən əsgər atası kimi fəxrlə başımı dik tutub deyirəm:-Əziz Ali Baş Komandan, əziz əsgər və zabitlərimiz! Siz bu gün şanlı bir tarix yazırsız! Siz Türk oğlunun qüdrətini göstərirsiniz bütün dünyaya! Biz sizlərlə qürur duyururq! Azad olunmuş yurdlara bayraq asan əlləriniz var olsun! Vətənə fəda edən canınız sağ və salamat olsun! Zəfərə doğru gedən ayaqlarınız dərd görməsin! Yaşa, var ol, şanlı ordum!!! Qələbə sevinciləri ilə dönəcəyiniz gün hər birinizi ata məhəbbətilə bağrıma basacam. Və deyəcəm, nə yaxşı ki, sən varsan Azərbaycan! Nə yaxşı ki, belə oğulların var, Vətən!

Bizə də sizi, Vətənə ləyaqətli övlad bəxş edən valideynləri ayaqüstə alqışlamaq düşər. Maraqlı müsahibə üçün çox sağ olun. İnşallah, birgə Qarabağın bütün ərazilərini səyahətə çıxmaq arzusuyla, hələlik!

Amin!

————————–

Söhbətimizə maraqla qulaq asan Eyvaz Hünbətova da sədrin coşğulu çıxışı sirayət eləmişdi.

Eyvaz müəllim, sizin könüllü cəbhəyə yazıldığınızı eşitdik.

Düz eşitmisiz. Bu gün hamımız əsgərik. Hamımız qarabağlıyıq. Bizim vətəndaşlıq borcumuzdur ki, o sıralarda olaq. Təbii ki, yaşıma görə məni qəbul etmədilər. Bununla belə hər an hazıram. İndi elə bir abu- hava var ki, vallah, evdəki xanımlarımız da səfərbərdilər. Bizim xalq həmişə mübariz olub. Həmişə qətiyyət və cəsurluqları ilə başqa xalqları heyran qoya biliblər. Aprel döyüşlərindən belə damarımız coşub, ürəyimiz daha çox Qarabağ eşqilə yanır. İndi bu yanğına bizim ordumuz su çiləyir. Ürəyimiz açılır. 30 ildən sonra doğma torpağımıza öz sakininin ayağı dəyir. Sağolsun cənab prezidentimiz. Ona minnətdarlığım birə mindir. Bu sevinci bizə yaşatdığı üçün!

Siz arxa cəbhə əsgəri olaraq nə işlər görürsüz?

Bəli, bu ifadəni mən də çox işlədirəm. Arxa cəbhədə də iş çoxdur. Maarifləndirmə, dövlətə və orduya dəstək olmaq hər bir ağsaqqalın borcudur. Biz orduya gedən əsgər və zabitlərin yolasalınma mərasimlərində iştirak edir, Nizami rayonunda yaşayan ailələrini ziyarət edir, onlara diqqət və qayğımızı göstərməyə çalışırıq. Baxın, həm virus təhlükəsi, həm virusdan betər erməni təhlükəsi, həm komendant saatının elan olunması bizim də boynumuza böyük yük qoyur. Biz insanlar arasında maarifləndirmə işi aparmaqla yanaşı, onlara nümunə olmağa çalışırıq. Çünki bizim xalq ahıla böyük qiymət verən, ağsaqqal sözü dinləyən xalqdı.

Qarabağdan gələn xoş xəbərlər və möhtərəm prezidentimizin çıxışları hamı kimi sizin də kefinizi açıb. Hətta marş oxuduğunuzu da eşitdik.

-Bu gün hamı mənim kimidir. Hamının düşüncəsində və hərəkətində böyük dönüş var. Xalq öz liderini ayaqüstə alqışlayır. İllərlə əsir olan torpaqlarımız alınır, həmin yerlərdə bayrağımız dalğalanır. Bu möhtəşəmliyə ruh pərvazlanır. Baxın, şəhərdə elə maşın yoxdur ki, onda Türkiyə və Azərbaycan bayrağı olmasın! Bu xalqın böyüklüyünə, möhtəşəmliyinə baxın siz… Silahlı Qüvvələrimizin rəşadətli oğulları yorulmadan, usanmadan Şuşaya doğru yol alıb. Vallah, gözümüzə yuxu getmir. Gözümü yuman kimi özümü əsgərlərlə birgə tankların içində, bayrağımla Laçına, Şuşaya doğru qaçan görürəm. Tam adaptasiya olunmuşuq. Bu duyğuları, bu hissi yaşadan Ali Baş Komandanımıza və Milli Ordumuza eşq olsun!

Sizcə Paşinyan diqqəti cəbhəyə yönəltməklə nə etmək istəyirdi?

Hamı bilir ki, ermənilər qorxaq, xain və məkrlidirlər. Onlar həmişə arxalarındakı gücə güvənirdilər və istədiklərini edirdilər. Heç bir qətnaməyə məhəl qoymurdular. Lakin indiki vəziyyətdə suya düşən pişiyə döndülər. Bizim prezidentimiz səbrlə sülh danışıqlarına gələcəkləri günü gözlədi. Lakin Paşinyanın son çıxışları, “hegemonluq” iddiası və yenidən təxribata can atması səbrimizi daşırdı. Baxın, son günlər hamının diqqəti efirdədir. Paşinyanın hər tərəfdən əlinin boşa getməsi onu göstərir ki, iplər qırılır, halqa daralır. Artıq dünya dövlətləri də konkret surətdə qəbul edirlər ki, Qarabağ Azərbaycanın əzəli və əbədi torpaqlarıdır.  Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran hökm sürür, vəziyyət daha da çətinləşir. Bu da onları daha da quduzlaşdırır.

Qarabağda ilk azan səsinin eşidilməsi sizdə nə hissləri oyatdı?

– Hər gün efirdə daha gözəl bir görüntü görməyə alışmışıq son. Hər bayraq sancılanda əlim köksümdə ayağa qalxdım. İndi daha ağlamağa utanmıram. Çünki bu sevinc göz yaşı, qələbə təntənəsidir. Azan səsini eşitdikdə isə, düşündüm ki, ilahi sən bütün narahat ruhlara, yurdundan perik düşüb yurd həsrətində dünyasını dəyişənlərin ruhuna çatdır bu səsi. Qoy daha rahat yatsınlar.

Qarabağ işğaldan azad olundu!-xəbəri gəldiyi zaman ilk hansı addımı atacağınız maraqlıdı

-İlk dizimi yerə qoyub Allaha şükran duası göndərəcəm! Bu sualın təsəvvürü belə həyəcan doğurur. O gün gəlsin….O gün …. Qızım, ağlatma məni.. Yaxındı o gün, çox yaxın. Elə həmin gün sizinlə birgə Qarabağa gedəcəm. Qoy Ali Baş Komandanım və şanlı ordum bu tarixi yazıb bitirsin….Mən möhtərəm prezidentimə bir daha təşəkkür edirəm. Allah ona möhkəm can sağlığı versin ki, bizim azad, abad ölkədə yaşamağımıza vəsilə olur. Bu gün bizə zəfər sevinci verir. Yaşasın bizim prezidentimiz! Yaşasın şanlı ordumuz! Ordum varsa, yurdum var!

-Amin! Yaşasın Azərbaycan! Müsahibəyə görə təşəkkür. Arzulara qovuşmaq diləyi ilə hələlik!

Şərafət Şəfa

 

 

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR