Həyəcan təbili: Qaydalara əməl etməsək, “COVİD-19” yükünü daşıya bilməyəcəyik

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycanda ölkə rəhbərliyinin birbaşa nəzarəti ilə həyata keçirilən qabaqalayıcı tədbirlər nəticəsindən aprel-may aylarında yeni növ koronavirus infeksiyasına yoluxma və ölüm sayında müsbətə doğru irəliləyişlər əldə olunmuşdu. Amma may ayının əvvəlindən sərt karantin rejimi ilə bağlı həyata keçirilən yumşalma tədbirləri fonunda epidemioloji vəziyyət pisləşdi, yoluxma sayı sürətlə artmağa başladı. Qısa zaman kəsiyində yoluxanlar və sağalanlar arasında nisbət sürətlə mənfiyə doğru dəyişdi. Yoluxma sayının artmasına səbəb kimi karantin tədbirlərinin yumşaldılması çərçivəsində iş yerlərinin, bazarların, ticarət mərkəzlərinin açılması və əhalinin qaydalara etməməsi göstərilir.

Müşahidələr göstərir ki, karantin rejiminin yumşaldılması barədə qərar verən bütün ölkələrdə eyni tendensiya hökm sürür.

Yoluxma sayının və ölümlərin sürətlə çoxalması nəticəsində bir çox ölkələrdə yenidən sərt karantin rejiminin tətbiq edilməsi barədə qərar qəbul edilib. Bu ölkələr arasında virusun ilk dəfə meydana gəldiyi Çin, həmçinin Qazaxıstan, Özbəkistan, Ukrayna, Braziliya, İran, Pakistan, İsrail, Hindistan və s kimi ölkələr var.

Ölkəmizdə də koronavirus pandemiyasının nə vaxt bitəcəyi barədə hər hansı proqnoz vermək mümkün deyil. Çünki iyun ayının ortalarından başlayaraq ölkə ərazisində yoluxma sayı 500 nəfərdən aşağı düşməyib. Nəticədə Azərbaycan hökuməti ölkə əhalisinin sağlamlığının qorunması məqsədi ilə bəzi şəhər və rayonlarda 21 iyundan 5 iyula qədər sərt karantin rejiminin tətbiq edilməsi ilə bağlı qərar qəbul etmək məcburiyyətində qaldı.

Nazirlər Kabineti yanında Operativ Qərargahın hər gün açıqladığı rəqəmlərdən aydın olur ki, sərt karantin rejimi dövründə yoluxma sayında müsbət dinamika müşahidə olunur. Yoluxma sayının aşağı enməsinə əsas səbəblərdən biri xüsusi rejim tətbiq olunan şəhər və rayonlarda ictimai nəqliyyatda sıxlığın azalması və əksər iş yerlərinin bağlanmasını göstərmək olar.

Lakin bu o demək deyil ki, epidemioloji vəziyyət normallaşıb, həyat tərzimizi əvvəlki qaydaya sala bilərik. Hazırda gündəlik yoluxma sayı aprel-may aylarına nisbətən çox yüksəkdir. Bu səbəbdən təcili tibbi yardım xidmətinin operativliyinin təmin olunmasında, səhiyyə müəssisələrinin işində bir sıra çətinliklər yaranır.

Ehtimal etmək olar ki, sərt karantin rejimi ləğv ediləndən sonra yoluxma saylarında yenidən artım müşahidə olunsun. Çünki virus hələ də bizimlədir və biz onunla hər an iş yerimizdə, evimizdə, ictimai nəqliyyatda, ticarət mərkəzlərində və insanların sıx olduğu digər məkanlarda qarşılaşa bilərik.

Amma hazırda dövlətin gördüyü tədbirlər nəticəsində növbəti günlər ərazində yoluxma sayında müsbət dinamikanı müşahidə etmək şansımız ola bilər. Əlbəttə ki, bu, heç bir vətəndaşımızı arxayınlaşdırmamalıdır. Hər bir vətəndaş nəzərə almalıdır ki, üzləşdiyimiz situasiya kifayət qədər mürəkkəbdir və epidemioloji vəziyyət getdikcə daha da pisləşə bilər. Vətəndaşlarımız unutmamalıdır ki, pandemiyanın bir ay və ya bir il sonra bitəcəyini heç kim bilmir. Dünya sonu bilinməyən bir yola qədəm qoyub. Azərbaycanda dünyanın bir parçası olduğu üçün sonu görünməyən yolla irəliləmək məcburiyyətindədir. Belə çətin vəziyyətlərdən az itki ilə çıxmaq üçün dövlət öz üzərinə düşən bütün vəzifələrdən istifadə edir.

Bəs siravi vətəndaşın üzərinə hansı məsuliyyət düşür?

Vətəndaşlarımızın üzərinə düşən məsuliyyəti dövlət başçımız, Ümumdünya Səhiyyə Təşkilatı, müfaviq qurumların rəhbər şəxsləri, mütəxəssislər, həkimlər dəfələrlə bəyan edib.

Xatırlatmaqda fayda var:

1. Məsafə saxlamaq;

2. Maska taxmaq; 

3. Sadə gigiyenik qaydalara əməl etmək (əlləri tez-tez yumaq);

4. Məsuliyyətli olmaq, davranış və həyat tərzimizi dövlətin qoyduğu qaydalara və qadağalara uyğunlaşdırmaq.

Sadalanan sadə qaydalarla əməl etməklə biz görünməz düşmənə tez bir zamanda qalib gələ bilərik.

Təhlillər göstərir ki, yoluxmalar əsasən bu yerlərdə daha sürətlə baş verir:

iş yerlərində (mətbəx, sanitar qovşaqlar, görüş otaqları) ailədaxili;

ictimai nəqliyyatda; 

kütləvi yerlərdə. 

Ona görə də hər bir vətəndaş sadalanan məkanlarda daha diqqətli olmalıdır və yuxarda qeyd olunan qaydalara mütləq şəkildə əməl etməlidir.

Müşahidələr göstərir ki, əvvəllər Azərbaycan əhalisinin çox hissəsi koronavirusu “siyasət” sanıb “COVİD-19”-a “meydan oxumağa” çalışırdı və heç bir qaydaya əməl etmək istəmirdi. Bu səbəbdən virus ölkəmizin bütün regionlarına yayıldı və indi hamı “COVİD-19” virusunun nə qədər acımasız olduğunu anlayır. Artıq koronavirusun mövcud olmaması müzakirə mövzusu deyil.

Bir məqamı da xüsusilə qeyd etmək lazımdır. Vətəndaşlarımız arasında “COVİD-19”-a yoluxmağı ayıb hesab edənlər də var. Hər bir vətəndaş anlamalıdır ki, ən böyük ayıb xəstəliyin ilkin simptonlarını hiss edib tibbi xidmətə müraciət etməməkdir. Çünki yoluxan şəxs həyatını adi qaydada davam etdirməklə və ya özünü evdə müalicə etməyə cəhd göstərməklə ətrafındakıları təhlükə qarşısında qoymuş olur. Vətəndaş bilməlidir ki, “COVİD-19”-a yoluxmaq heç də bütün hallarda ölüm demık deyil.

Həmçinin bəzi vətəndaşlar sərt karatin rejimin tələb etdiyi qaydaları kobud şəkildə pozaraq virusa yoluxmuş qohumlarını, qonşularını ziyarətə gedirlər. Bu qətiyyən yolveriməzdir! Belə hallara yol verənlər ən sərt şəkildə cəzalandırılmalıdır! Çünki onlar məsuliyyətsiz davranışları ilə həm özlərini, həm də ətrafdakıları təhlükəyə atmış olurlar.

Yoluxma sayının hazırda da yüksək olması ölkə rəhbərliyini mövcud karantin rejiminin uzandılması barədə qərar verməyə məcbur edə bilər.

Belə xoşagəlməz halın baş verməməsi üçün əhali və sahibkarlar nələrə diqqət etməlidir?

1. Ehtiyac olmadığı halda ictimai nəqliyyatdan istifadə edilməməlidir; 

2. Sahibkarlar iş yerlərində növbəli və məsafəli iş rejiminin tətbiq olunmasna nəzarət etməlidir; 

3. Fəaliyyətinə icazə verilən iş yerlərinin sayı azaldılmalıdır; 

4. ictimai yerlərdə (ictimai nəqliyyat, supermarketlərin girişi və s.) müştərilərin hərarətinin ölçülməsi prosedurlarına və tibbi maskadan istifadəyə nəzarət daha da gücləndirilməlidir.

Gərək, sadalanan qaydalara əmək etmək üçün Operativ Qərargah brifinq keçirib karantin rejiminin daha da sərtləşdirilməsi barədə açıqlamalar versin? Milli Məclis cərimələrin miqdarını bir az da artırmalıdır?

Bəs, vətəndaş məsuliyyəti?

Dünyada virusla mübarizədə dəyişməyən qaydalar var:

1. Məsuliyyətli davranış;

2. Karantin qaydalarına riayət etmək.

Bu qaydalar dünyada mövcud olan bütün ölkələrə aiddir. Unutmamalıyıq, biz nə qədər birlik nümayiş etdirsək, bir o qədər də tez bu vəziyyətdən çıxa biləcəyik və həyatımız öz adi axarına qayıdacaq.

Aprel-may aylarında da xəbərdarlıq edilmişdi ki, qaydalara əməl edilməsə, vəziyyət pisləşəcək. Nə baş verdi? Bir qədər yumşalma edilən kimi insanlarımız təhküəli ərazilərdə kütləvilik yaratdı, maskalardan istifadə minimum endi, sosial məsafə vacibatına əməl olunmadı. Nəticə göz qabağındadır…

Dövlət yenə xəbərdarlıq edir: Əgər qaydalara əməl olunmasa, epidemioloji vəziyyət aprel-may aylarından da pis olacaq. Operativ Qərargah bütün brifinqlərində bu tipli xəbərdarlıqlar edir. Vətəndaş bu xəbərdarlıqları qulaqardına vurmamalıdır. Əks təqdirdə, Azərbaycanı faciəvi günlər gözləyir. Virus nəzarətdən çıxsa, nə səhiyyə sistemimiz, nə də insanlarımızın psixologiyası “COVİD-19” yükünü daşıya bilməyəcək. Ona görə də pozuntulara yol verməməliyik, özümüzün, övladlarımızın, ailəmizin rahatlığı üçün ətrafımızdakı insanlara qarşı biganə olmamalıyıq. QAYDALARA ƏMƏL ETMƏLİYİK!

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR