Ağsaqqallar Şurasının sədrindən vətəndaşlara karantinlə bağlı ÇAĞIRIŞ

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Karantin rejimi sərtləşdiriləndən sonra yeni yoluxma hallarında kəskin artım dinamikası dayanıb”.

Bunu açıqlamasında Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov bildirib.

Respublika Ağsaqqallar Şurasının sədri deyib ki, ötən dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində koronavirusla mübarizə istiqamətində bütün lazımı addımlar atılıb: “Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb və Operativ Qərargah Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tövsiyə və tapşırıqlarına uyğun olaraq fəaliyyət göstərir. Eyni zamanda bu müddət ərzində səhiyyə sistemi bu virusla mübarizə istiqamətində yenidən qurulub, lazımi avadanlıqlar, vasitələr, laboratoriyalar alınıb, modul tipli yeni xəstəxanalar qurulub, həkimlərə müvafiq təlimlər keçirilib. Paralel olaraq ilkin mərhələdə tətbiq olunan sərt karantin rejimi də yoluxmanın sürətli yayılmasının qarşısını almağı təmin edib. Buna görə də may ayında mərhələlərlə karantin rejimi yumşaldılmağa başlanılıb. Təəssüf ki, müəyyən insanların ictimai nəqliyyatda, qapalı məkanlarda tibbi maska taxmaması, sosial məsafəni gözləməməsi ucbatından iyun ayında koronavirusa yoluxma sürətlə artmağa başladı. Buna görə də yoluxmanın səviyyəsinin azaldılması üçün ölkənin böyük şəhərlərində və bir sıra rayonlarda 15 günlük sərt karantin rejimi tətbiq edildi”.

F. Heydərovun sözlərinə görə, əvvəlki təcrübəyə əsasən demək olar ki, karantinin ilkin təsiri onu tətbiq edəndən bir müddət sonra daha aydın görünməyə başlayır: “Bu mənada qarşıdan gələn günlərdə yoluxma hallarının azalacağını ehtimal etmək olar. Buna görə də karantin rejiminin dinamikaya müsbət təsiri, yeri gələrsə, onun uzadılmasının və əlavə tədbirlərin görülməsi zəruri ola bilər.

Mayın əvvəlinə kimi olan təcrübəmiz də bunu deməyə əsas ver. Eyni zamanda bəzi xarici ölkələr də bu təcrübədən istifadə edir. Bəziləri yenidən karantin rejimi bərpa edir”.

Respublika Ağsaqqallar Şurasının sədri əhalini karantin qaydalarına riayət etməyə çağırıb və qoruyucu vasitələrdən istifadənin zəruri olduğunu vurğulayıb: “Qaydaları pozan vətəndaşlar qınanmalıdır, bunun yolverilməz olması barədə onlara xəbərdarlıq edilməlidir. Koronavirus pandemiyası millət, yaş, cins tanımır. Qanunvericiliyə karantin rejiminin pozulması və maskadan istifadə etməməyə görə cərimələrlə bağlı maddənin əlavə edilməsi, cərimələrin miqdarının artırılmasında da məqsəd cərimələmək deyil. Milli Məclisdə qəbul edilən qanunlarda məqsəd insanların sağlamlığını qorumaq, onları bu bəladan mühafizə eləməkdir. Məqsəd odur ki, maska taxmayanlar bundan çəkinsinlər, maska taxsınlar, insanlar karantin rejimini pozmasınlar, son nəticədə də insanların, cəmiyyətin sağlamlığı qorunsun”.

F. Heydərov Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın dəfələrlə insanları maska taxmağa, sosial məsafəni gözləməyə, şəxsi gigiyenaya diqqət yetirməyə çağırdığını xatırladıb: “Ümummilli lider Heydər Əliyev, hazırda isə Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilən uğurların əsasında xalq-iqtidar birliyi dayanıb. Bu bəla ilə mübarizədə də xalq-iqtidar birliyi, həmrəylik əsas rol oynayacaq. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman görüşlərdə, qapalı məkanlarda tibbi maska taxır, bununla, həm də bir nümunə göstərirlər. Ona görə də insanlarımız karantin rejiminin tələblərinə ciddi riayət etməli, maska taxmalı, sosial məsafəni gözləməli, şəxsi gigiyenaya diqqət yetirməlidirlər. Bu, onların özlərinin, ailə üzvlərinin, dostlarının, yaxınlarının, cəmiyyətin sağlamlığının qorunması üçün vacibdir. Bu gün koronavirusla bağlı peyvənd, dərman yoxdur, hazırda dünyada bu istiqamətdə axtarışlar davam edir. Peyvənd, dərman tapılana qədər isə insanların sağlamlığını qorumaq üçün maska taxmaq, sosial məsafəni qorumaq və şəxsi gigiyenaya diqqət yetirməkdən başqa yol yoxdur. Bəzi insanlar məsuliyətsizcəsinə deyir ki, koronavirus yoxdur, oyundur, insanları maska taxmaqdan, sosial məsafəni gözləməkdən yayındırmağa çalışırlar. Belə məsuliyyətsiz insanlara qarşı cəmiyyətdə bir qınaq olmalıdır. Bu gün bir sıra ölkədə yoluxmanın səviyyəsinin azaldılmasına da məhz bu qaydalara riayət etməklə, intizamla nail olunub. Əminəm ki, xalq-iqtidar birliyi ilə biz də koronavirusa qarşı mübarizəni uğurla aparacağıq”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR