MİLLİ RUHUMUZU ÖZÜNDƏ EHTIVA EDƏN NƏĞMƏKAR ŞAIR-CƏLAL QURBANOV

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu bahar günü lətif duyguların, xoş ab-havanın ruhu coşdurduğu zaman sevdiyin sevimli, əziz biri barəsində yazmaqdan gözəl nə ola bilər ki….

Onunla tanışlığım əslində virtual deyil, mahnı qanadlarında olmuşdu. İnsanın ruhunu oxşayan bir nəğmənin izinə düşüb kim tərəfindən büllur bulaq kimi axdığını öyrənmək istəyərkən başqa bir aləm, başqa bir dünyaya səyahət etmiş oldum. Və beləliklə, heç tanımadığım biri sanki qəlbimdəkiləri qələmə alıb, nəğməyə çevirmişdi! Bəzən şairlər elə fikir yaradırlar ki, sənin ruhunla danışırmış kimi gəlir insana  və onu çox doğma biri kimi qəbul edirsən. Sanki onunla bir evdə böyüyüb, bir həyətdə didişə-didişə böyümüş kimi. İnsan üçün ən gözəl olan qəlbin gözəlliyi və ruhun lətifliyidir. Bunlar olmasaydı yəqin ki, bu gün qələmə aldığım qəhrəmanım Cəlal Qurbanov da çoxlarına belə doğma olmazdı. Nə gözəldi, xoş duyğular, qaynar təblə qardaşın qədər doğma sandığın biri barədə söhbət açmaq. Cəlal Qurbanovu nəğməkar şair kimi tanımışam. Sonra bizi birləşdirən bəzi müqəddəs dəyərlər oldu. O dəyərlər ki, Qurbanovlar ailəsində o milli irs kimi qorunur, nəsillərə ötürülür. Bütün milli ruhu özündə ehtiva edən bu ailədə o qədər nizam var ki, bəzən insan onlar barədə söz açanda bilmədən hansısa bir bahalı xurustala toxunub sındıracağından qorxduğu kimi təlaş keçirir. Çünki cəmiyyətin vulqarlaşdığı, zombi insanların artdığı bir cəmiyyətdə müqəddəsliyi, örnəkləri qorumaq o qədər çətindir ki.. İnsanların taleləri müxtəliflik təşkil edir. Hər hansı iki insan, hətta əkiz belə olsalar eyni taleyi yaşaya, eyni hərəkətləri edə bilmir və ən nəhayətində eyni ürəyə sahib ola bilmir. Talelər kimi ürəkləri də müxtəlifdi insanların. Və o ürəyə  o qədər fikir, söz yerləşir ki, insanı hər tərəfə götürə bilir. Cəlalın da uşaqlıqda bəlkə də heç ağlına gəlməzdi ki, böyüyəndə  nəğməkar şair olacaq, sözləri nəğmə olub dillərə düşəcək. Arzuların tez-tez ünvanını dəyişdiyi uşaqlıq illərində bəlkə də o, necə böyük bir ürəyə sahib olduğunu belə anlamamışdı.  Dəyərli bir ailənin övladı olaraq ata zəhmində, ana nəvazişində böyümüşdü. Atası Cavanşir kişi onları bir övlad kimi deyil, şəxsiyyət kimi cəmiyyətə təhvil vermişdir. Cavanşir Qurbanov elimizin dəyərli, samballı ağsaqqalı olaraq həm ailədə, həm cəmiyyətdə özünə mühüm yer tuta bilmişdir! Müsahibələrinin birində dediyi “cəmiyyətdə nüfuz sahibi olmaq üçün, insan birinci öz övladına nümunə olmağı bacarmalıdır”-ifadəsi Cəlalın əxlaqına da öz möhrünü vurub! İlahi, nə qədər gözəl bir duyğu, nə qədər gözəl bir hissdi ata nəvazişi, ata qayğısı. Bu dünyanın bütün çirkinliklərindən qopuram bu sətirlərdə. Hər gün rastlaşdığım ailə münasibətlərinin çirkinliyindən doğan nisgildən uzaqlaşıb laləzarlı bir nağıl dünyasına düşürəm. Bəlkə də insanlar bu cür klassik irsi özündə ehtiva edən nümunəvi ailələrdən örnək alsalar övladların çoxu Cəlal əxlaqda, Cəlal tərbiyədə olarlar. Və onlar da, Cəlal kimi öz övladını şəxsiyyət kimi yetişdirər. Beləliklə də, cəmiyyətimiz saflaşmağa doğru gedər.

Bir az Cəlalın söz dünyasından söhbət açmaq istəyirəm. İnsan üçün ən ali duyğu Vətən, yurd sevgisidir! O, Vətən, torpaq, bayraq barədə yazdığı şeirlərilə ehtiram qazanıb! O na görə də birinci vətənpərvər şeirlərindən söz açım. Cəlal Qarabağ hadisələrini özünəməxsus şəkildə elə qələmə alıb ki,  artıq bu bir çağırışdır!  O, öz hisslərini belə bölüşür:

“Hər günümüz, hər anımız Şuşa, Xocalı, Xankəndi ilə bağlıdır. Cəbhə bölgəsində, şəhid əsgər və zabitlərimizin ailələrinə dərin hüznlə başsağlığı veririk. Vətən sağ olsun deyirik. İnşallah, cənab prezidentimizin rəhbərliyi ilə Qarabağımızı düşmən tapdağından azad edəcəyik və qalibiyyət marşlarının sədaları altında üçrəngli bayrağımızı Xankəndidə ucaldacayıq. Ey türk oğlu, orda səni səsləyən var, gözləyən var, sənə ümid bəsləyən var. Qalx ayağa birdəfəlik de sözünü, darda qalan Qarabağın qoyma yolda sən gözünü”. Qəlb böyüklüyünə, qan coşğunluğuna baxın bir! Adi misralarda böyük bir əsər yaşanır. Cəngi səsi, at nəfəsi, şahin qıyı, igid nəriltisi duyulur! Cəlalın ürəyinə haqdan gələn səsi dünyaya hayqırması bütün cahana yayılır. O, bu hayqırtıyla günahsız insanların naləsini, qocaların, uşaqların səsini dünyaya çatdırır! Bu Qarabağın səsi, Cəlalın mübarizəsidir! Şairin mahnıları məşhur müğənnilərin dilində dünyanı dolaşır.

Eləcə də, Cəlalın sevgi şeirlərində gizli bir nisgil, aşiqlərin titrək səsləri, gizlin istəkləri yatır. Bu şeirlərin vəqfində şairin duyğuları bahar çiçəklərinin birindən o birinə qonub özünə yer tapa bilməyən gözəl bir kəpənəyə bənzəyir. Bu ürək coşur, daşır, bu ürək çırpınır, çırpınır, çırpınır…. Gah pərvanəyə dönüb şamın başına fırlanır özünü oda atır, gah yağışda öz yarını axtaran kiçik, çırpıntılı bir göyərçin kimi titrəyir, gah vulkan olur, gah da lal sular kimi axıb vərəqlərə tökülür. Bu ürək sevir….İlahinin özünü, əta etdiyi hər şeyi, insanları, floranı, faunanı, əngin göyləri, uzaqdan görünən üfüqləri, insanlığı, sevgilərin özünü, entiramı və bütün duyğuları. Bir insanı anlamaq üçün onun ruhunu dinləmək yetərlidir. Bu ruh isə insanın yaratdığı əsərləridir. İnsan öz ruhunu tərənnüm edir əsərlərində. Cəlal da arzularını belə dilə gətirir. Şair özü demişkən, dünya sevgisiz, eşqsiz  olmasın. Yağsın buluddan sevgi yağışı. Hər zaman insanlar sevib sevilsin, göylər də sevinsin məhəbbət ilə. Nə gözəl arzu….Sosial şəbəkədə oğluna ünvanladığı birstatus gözümə dəydi. Yazıb:” Bu gün oğlum Əlinin 8 yaşı tamam olur.

Əli balama Allahdan hər zaman qəlbi, niyyəti, ruhu, imanı, vicdanı pak, əməlisaleh övladlardan olmasını və ən əsası dostluqda möhkəm, dürüst və ömrünün sonunacan Sədaqətli bir dost olmasını arzu edirəm. Və onu da arzu edirəm ki, Əlinin simasında butun balalar, öz isti doğma ocağında, ata və ana qucağında sevincli gülüşlərlə, nəvazişlərlə sağlam ruhla, sağlam bədənlə böyüyüb başa çatsınlar”.

Bir insanın ki, arzusu belə ola, o insanla dünyanın o başına da əminliklə gedə bilərsən. Bir ata yalnız özündə formalaşdırdığı xarakteri oğlunda da görmək istər. İnşaallah, oğlu da özü kimi atasına layiq övlad olar!

Əziz cəlallı Cəlal qardaşımız!

Bu gün ad günün, sevimli və şad günündü! Dünyaya gəlişinlə neçə qəlbə sevinc, neçə arzuya qanad olmusan! Fransız filosofu Jan-Pol Sartr deyir ki, insan sahib olduqlarının deyil, reallaşdırmaq istədiklərinin cəmidir. Mən də bu cəmin fövqündə özünü formalaşdıran, nəğmələri ilə  milyonların qəlbin fəth edən əziz şairimizin ad gününü təbrik edir, can sağlığı ilə bol uğur arzulayıram! 100 yaşa, əziz qardaş!

P.S. Qeyd edim ki, Cəlal Qurbanov 19 Mart 1980-cı ildə Bakıda anadan olub. Professor, əməkdar bədən tərbiyəsi və idman xadimi Cavanşir Qurbanovun oğludur.

Şərafət Şəfa

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR