Bərdənin Lənbəran kəndinə təbii qaz verilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bərdə rayonunun ən böyük yaşayış məntəqələrindən olan Lənbəran kəndində təbii qaz verilib.

Agsaqallar.az xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Azəriqaz” İB-in baş direktoru Əkbər Hacıyev, rayon icra hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Məlumat verilib ki, 930 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında uzunluğu 122 min 886 metr olan polad və polietilen borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. Bildirib ki, təbii qaz almayan yaşayış məntəqələrinin “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. Prezident İlham Əliyevin ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqət mərkəzində saxladığını deyən SOCAR prezidenti bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Milli Məclisin deputatı Zahid Oruc və başqaları çıxış edərək, sakinləri kəndin “mavi yanacaq”la təmin olunması münasibətilə təbrik edib, ölkəmizdə, o cümlədən Bərdədə həyata keçirilən sosial layihələrdən danışıblar.

Çıxış edən sakinlər əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, o cümlədən kəndlərin “mavi yanacaqla” təmin olunmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Yaşayış məntəqəsinə təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb. SOCAR-ın prezidenti Rövnəq Abdullayev kənddəki evlərdən birinin mətbəxində olub, ev sahibini təbrik edib, əhalinin qazla davranış və təhlükəsizlik qaydaları üzrə maarifləndirilməsi işləri ilə maraqlanıb.(Azertac)

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR