Sən məni oxuya bilmədin o gün…

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Rəhim Mehnət dünyası…

Şeir səmimiyyət istər, lətiflik, incəlik, pıçıltılı deyim istər. Məşhur Hindistan şairi, bəstəkarı Rabindranat Taqor deyir ki, “Şeirin saflığı qəlbin odu ilə yoxlanılır”. Qəlb yanmasa gözə yaş, ruha nisgil, ürəyə söz dolmaz. İnsan iki halda hisslərini bölüşməyə fürsətlənir. Bir həddən artıq qəmə yüklənəndə, bir də sevincə köklənəndə. Bu hissləri şeirə, musiqiyə, rəsmə çevirib lal dililə çox şey söyləyir insanlara. Şeriyyətin tərənnüm kökündə yalnız sevgi durur! Və bu sevgilər müxtəlifdi. Vətən sevgisi, insanlıq sevgisi, aşiq sevgisi və s. Bütün dünya sevgidən yaranmadımı? İlahinin məhəbbəti kainatı, insanları, gözəllikləri yaratmadımı?! Gözəl bəstəkarımız Ə. Bədəlbəyli deyir ki, şeriyyət bədiilik, ahənglilik, gözəllik, emosionallıqdı. Əsil məharət də bundan ibarətdir ki, ifaçı çaldığı musiqi əsərini yüksək şeriyyətlə mənalandırsın..

Şeriyyətdən söz düşmüşkən qəlbi gözəl bir şairdən yazmaq qərarına gəldim. Rəhim Mehnətdən. Əslən Naxçıvan MR-nın Şahbuz rayonunun Sələsüz kəndində doğulub, böyüyüb. Bakıda yaşayır. Dövlət işində çalışır. 1 övladı var. Götürdüyü Mehnət təxəllüsü soyadına istinad edir. Rəhim Mehnətli. Natəvanın, Füzulinin qəzəllərində tez-tez rastlaşdığımız “mehnət” sözü şair qəlbli insanların diqqətini daha tez çəkdiyindən fikirlər haçalanır. Onun şeirlərinə sosial şəbəkələrdə, saytlarda tez-tez rastlaşırdım. Oxuyurdum. Kimin dərdi hansı səpgidədisə insan o yöntəmli şeirlərdə özünü tapmağa çalışır. Elə bilir ki, şair onu nəzərdə tutub yazıb. Amma əslində dərdlər və talelər müxtəlif olsa da, oxşar yerləri də çoxdu. Rəhim Mehnət deyir ki,

Bükülüb bir qara dəsmala dərdim,
Gah yuyub, gah da ki, köksümə sərdim.
Üzümə baxsan da məni görmədin,
Sən məni oxuya bilmədin o gün.


Gözümün rənginə dərd yuvarlanıb,
İçimdə sıxıntı yurd, yuva salıb.

Ruhum ölüb mənim, bir cismim qalıb,
Sən məni oxuya bilmədin o gün.


Dolanır fikirlər qəm dəryasında,
Həyat tüğyan edir, yas libasında.
Çox baxıb, izləyib göz aynasında,
Sən məni oxuya bilmədin o gün.

Dərdlərinin dərdi dərin olan şairin şeirlərindəki gizli və şirin eyham gözümdən yayınmadı. “Eləmi?” adlı şerində bunu aydın görmək olur. Sözlərin muncuq düzümü ömür bağı toxuyur. Pərvanə şam ətrafında fırlanan kimi şair də eşqinin başına dolanır. Eyhamla, şirin-şirin göz vurub soruşur ki, mən bu eşqdən məmnunam, sən də, eləmi?..

Mən dəliyəm, sən adlı eşq əlində,
Dolanıram sən sevdanın yelində.
Gecə-gündüz adın mənim dilimdə,
Sən də mənlə alışmısan, eləmi?

Tanrı bizə yazmaz sevgi günahı,
Gecə keçsin, birgə açaq sabahı.
Mən eşqindən soruşmuşam Allahı,
Sən də məndən soruşmusan, eləmi?

Qəlbi dolu şair şeirlərində bir tablo yaratmağa çalışır. Rəng çalarlarının düzümünə incəliklə yanaşır. Ürəyinin tıppıltısı sətirlərə hopur, çayların, suların, quşların, böcəklərin səsinə qarışır. Bu ürək vəcdə gəlib ənginliyə pərvazlanır, kəpənək rəqsinə dönür, çiçəkdən çiçəyə, yarpaqdan yarpağa qonur. Şəlalətək şarildayır, qaynar bulaq kimi zümzümə edir. Sevdiyini lal harayla kainata hayqırır, bir daha bəyan edir..

Bəzən küskün, bəzən pərvaz, bəzən dərdli, bəzən nəşəli yazan şair duyğuların pərdələrində dolanır. Bəzən də səbirsiz olur..

Sev deməyə ürəyim,
Gözləməyə səbrim yox.
Diri gəzən ölüyəm,
Gizlənməyə qəbir yox.

İlham ruhdan doğulur, yaşayır, yaşadır insanı. Eşq dünyanı ağuşuna götürüb. Pulsuz-parasız, varsız-sərvətsiz yaşamaq olar, amma sevgisiz yaşamaq qeyri-mümkündür. Şair ruhu da şeirlərilə bunu təlqin edir. Rəhim Mehnətin söz bazası zəngindi. Buna baxmayaraq hardasa söz xəsisliyimi deyim, ya təvazökarlıq, utanmaqmı deyim, bütün varlığını ortaya qoymağa imkan vermir. Məzmun, məntiq, poetik vurğu şeriyyətin cismi, qanı, ruhudu. Bunların cəmində yaşayır şeir. Rəhim Mehnətin bir çox şeirlərində də bunlar öz biçimindədir. Nəğmə olub bir dodağa qondusa, pərvazlanıb bir budağa qondusa demək ünvanını tapıb o şeir. Kitablar gördüm qalın-qalın, rəflərə sığmayan. Amma bircə cümləsi, bircə misrası belə yaddaşda deyil. Kitab gördüm bircə dənə illər boyu ruhumdadı. Qalan yazmaq lazımdı, qalın deyil! Əvvəllər çox qatılardım ədəbi məclislərə. Sonra gənc ədiblərimizin çağdaş ədəbiyyatımızdakı hegemonluq iddiasını gördükcə çəkildim. Kitab çıxarmaq ədəbiyyatda yer almaq demək deyil! Zaman ələyir, kəpəyi bir yana, unu bir yana yığır. Undan yoğrulanlar isə Azərbaycan ədəbiyyatında yaşamağa məhkum edilirlər! Həyalı insanlar üçün cəmiyyət içində sərbəst davranış çətin olur. Əxlaqa köklənən mentalizm hardasa tərəddüdə üstünlük verir. Belə insanlar isə cəmiyyətdə daha çox sevilirlər. Ədəbiyyat ədəbdən başlar. Ədəbli olmaq isə ailə tərbiyəsindən! Övlada nümunə olmaq üçün özünü şəxsiyyət kimi formalaşdırmağı bacarmalısan. Rəhim Mehnət bunu bacara bilən insanlardandı.

Əziz oxucular! Mənim qəhrəmanımın bu yazıdan xəbəri yoxdu. Bəlkə də xəbərsiz yazdığım üçün hardasa səhv, hardasa da düz elədim. Bilmirəm! Bildiyim odu ki, cəmiyyətin Rəhim Mehnət kimi dəyərli insanlara çox ehtiyacı var. Söhbət təkcə yaradıcılıqdan getmir. İnsanlarin davranışından, cəmiyyət içindəki mövqeyindən, əxlaq və tərbiyəsindən gedir. Yekəxanalıqdan uzaq, böyüklə böyük, kiçiklə kiçik olmagı, qadına ehtiramla yanaşmağı bacarmaq hər insanın işi deyil! Bir insanın əlindən gəldiyi qədər insan olması möhtəşəm bir şeydir. Bilmirəm hansı dahinin sözüdü. Deyir:- İnsan – keçmişin həsrətini çəkən, gələcəyin marağında olan, hər hansı bir formada bu gününün şikayətini edəndir. Rəhim Mehnət də məhz bu cür şair, bu cür insandı!

Əziz şair, sizə yaradıcılıq uğuru diləyərək yeni çıxacaq kitabınızın təqdimatında görüşmək ümidilə, hələlik deyirəm!
Sən məni oxuya bilmədin o gün…
Ehtiramla;
Şərafət ŞƏFA

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR