Ata borcunun işığında  

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

O, 1896-cı ilin baharında Masallı rayonunun Səmidxan kəndində dünyaya göz açmış, uşaq yaşlarından atasını itirmişdir. 15 il molla məktəbində dini təhsil almış, lakin pedaqoji təhsil aldıqdan, həyatda çətinliklər bahasına püxtələşəndən sonra özünün fədakar əməyi, alicənab mövqeyi, kübar və ziyalı davranışı ilə böyük bir tayfanı və şəcərəni, 10 övladını, nəvə-nəticələrini işgüzarlığı və ləyaqəti hesabına şöhrətləndirib, başına toplayıb öz ardınca apara bilmişdir.

Bu mənalı və zəngin həyat yolunun Nəzirməmməd  müəllimə yeniyetmə dövründə bir epizodla rastlaşdıqdan sonra qismət olduğunu özü belə söyləyir: “Masallının “Qala bazarı” adlandırılan yerindən keçərkən adamların tələsdiyini gördüm. Soruşanda, dedilər ki, şura sədri Nəriman Nərimanov gəlib, məscidin qarşısında çıxış edəcək. Mən də axına qoşuldum. Onun alovlu, xalqın güzəranı naminə dediyi sözlər çox təsirli idi. Bu işlərin görülməsi üçün savadsızlığın ləğv edilməsi məqsədilə hamını təhsil almağa çağırdı. Rəhbərin müraciəti məni elə bil yuxudan oyatdı. Müəllim olmağa qərar verdim”.

 

Hazırda Nəzirməmməd  Məmmədəliyevin üç övladı – Nazilə, Maral, Vidadi doğma ocağın işığını şölələndirirlər. 120-yə yaxın nəvə-nəticəsi bu ağsaqqalın ad-sanı, əməlləri ilə fəxr edirlər. Onların içərisində ondan artıq müəllimlik peşəsini seçən, xeyli həkim, digər mütəxəssis var. Tayfa və şəcərə Nəzirməmməd kişinin adını əziz tutur, hörmət və nüfuzunu saxlayıb daha da şöhrətləndirmək yolunda ağsaqqalın ruhuna sədaqətlilik və ehtiram göstərirlər.

Digər tərəfdən qocaman müəllim Mirzənəzirin (onu belə adlandırırdılar) məşhur Mehmandarovlar ailəsi (Yaqub bəy Mehmandarov onunla bacanaq olub), Talışinskilər, Qori Seminariyasının məzunu Teymur bəy Bayraməlibəyovun, din xadimi Mirabdulla və digər tanınmış ailələrlə qohumluq və birgə fəaliyyət təmasında yaxınlıqları vardı.

Beləliklə, bir neçə müəllimlik kurslarını, sonradan qiyabi yolla təhsil aldığı Lənkəran Pedaqoji Məktəbini bitirən gənc müəllim tələbə dostu İsmayıl Əzimovla əvvəl Şərəfə, Səmidxan, sonradan Öncəqala, Təzə Alvadı və digər kəndlərdə məktəblər açır, uşaqlara ibtidai təhsil verir, əhali arasında savadsızlığın ləğv edilməsi kampaniyasına o vaxt rayonda çalışan cəmi 6 müəllimin gücü ilə başçılıq edirlər.

Xüsusi xidməti və fəallığı sayəsində 1942-ci ildə o, Əməkdar müəllim fəxri adını alır. Sonradan Qırmızı Əmək Bayrağı ordeni ilə təlfif edilir. Bir neçə fəxri-fərman, fəxri ad, medal və nişana layiq görülür. Yerli sovetə deputat seçilir.

Oxucuya bu günlərdə təqdim olunan “Masallının ilk əməkdar müəllimi” kitabında  dərc olunmuş xatirələrdə vaxtilə Nəzirməmməd  müəllim barəsində yazılmış materialların, sənədlərin, fotolarla səhifəyə çıxarılması, hərtərəfli, dərin məzmunla təsvir olunması, peşəkarlıqla və diqqətlə nəzərə alınması yerli-yerindədir. (fotolar çoxluq təşkil etsə də) Bu tədbirdə onu tanıyan ağsaqqal və ziyalılardan, qohum-əqrabasından, keçmiş şagirdlərindən Əşrəf Mövsümov, Əziz Balaşov, Cavanşir Ağayev, Soltan Məmmədov, pedaqoji elmlər doktoru Fərahim Sadıqov, rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov, Qulu Quliyev, İmanqulu Məmmədov, yazıçı-publisist-dramaturq Nurəddin Ədiloğlu, Mirkərim axund, Hacı İbadulla Hüseynov, Solmaz Rüstəmova,  Xankişi Xankişiyev, Rahib Abıyev, Şərqiyyə Bəşirova və qeyrilərinin fikirləri xeyli təravətli, canlı və səmimi görünür. Bu vüqarlı kişi barədə xatirələri oxuyarkən diqqətimi cəlb edən əsas xətt – uşaqlıqdan onun yiyələndiyi və əxz etdiyi islami dəyərləri, mənəvi əxlaq məsələlərini bütün hallarda qoruyaraq bu müqəddəs amala sədaqətlə xidmət etməsidir. “Quran”ı əzbərdən bilirdi, rus, ərəb, fars dillərində də yetərincə mütaliə edib, tərcüməyə çevirərdi, həmsöhbətləri ilə fikirlərini paylaşardı.

Rayonumuzda sayılıb-seçilən, böyük nüfuza və hörmətə malik ziyalılardan olan Nəzirməmməd  Məmmədəliyevin keçdiyi ömür yolu daha çətin, eyni zamanda şərəflidir. Onun əmək fəaliyyətinə başladığı dövrdə savadsızlıq tüğyan edirdi. O zamanlar nəinki ali, hələ orta ixtisas təhsilli kadrlar da çıraqla axtarılırdı. Belə bir şəraitdə əhalinin maariflənməsi işində N.Məmmədəliyev fədakarlıq göstərmişdir. Zərbəçi əməyinə görə o, müxtəlif fəxri adlara, orden və medallara, fəxri fərmanlara layiq görülüb. Ancaq ən böyük qiymət, əlbəttə, xalqın sevgisidir. Çünki bu sevgi ürəklərdə olur və zaman-zaman tarixləşir, əbədiləşir…”

Haşiyə: Ağsaqqal müəllimlə bir dövrdə yaşamaq və oğlu Məmməd Bəşirovla bir kollektivdə işləyib çalışmaq, onu yaxından tanımaq xoşbəxtliyi mənə də nəsib olub. Yeri gəlmişkən övladlarından söz salmaqda Nəzirməmməd  müəllimin önəm verdiyi istəkli oğlu doktor Sədini xatırlamamaq olmaz.

Bu mənada atası ilə təmasdan heç kəsin ziyan görmədiyi halda, əksinə əhli xibrə atanın müdrikliyi, rəvan hərəkətləri və davranışı, düz yolda olmayanlara qarşı qətiyyət göstərməsi, islami- əxlaqi dəyərlərimizə tez-tez müraciət etməsi, xeyirxahlıqla kimsəsiz, imkansız, darda qalanlara məlhəm olmuşdu. Bax, elə oğlu, tanınmış həkim, uzun müddət Bakı şəhərinin 5 saylı klinikasında çalışmış doktor Sədi də atasının yolunu davam etdirməyi həkimlikdə görürdü. O vaxt 50 yaş yubileyinə həsr olunmuş bir şeirdə deyilir:

 

-İnsan ömrü bir çağalayan dənizdir,

Həkim qəlbi təmizlərdən təmizdir.

Sənin adın mənim üçün əzizdir,

 Sədi, sənin 50 yaşın mübarək.

 

Nümunəvi ailə başçısı və keçmiş ustadımın oğlu Vidadiyə dərs deyirdim. Sakit, intizamlı, tərbiyəli, bilikli, atasına bənzər xasiyyətləri və davranışı ilə fərqlənirdi. Hazırda istefada olan polis mayorudur.”

Zaman ötür, illər bir-birini əvəzləyir. Həyatda çox şey dəyişir. Dəyişməyən və qazanılıb qalan isə əməl, əsər, yaxşı övlad, ləyaqət, hörmət və xeyirxahlıqdır. Təsadüfi deyil ki, Nəzirməmməd  müəllimin timsalında bu gün deyilənlər buna sübutdur. Allahdan ona rəhmət diləyirəm və tam məsuliyyətlə bildirirəm ki, nə qədər dünya var, dəyərli insanlar Nəzirməmməd  Məmmədəliyevi yaşadacaq, şəxsiyyətinə və xidmətlərinə hörmətlə yanaşacaqlar.

Bu kitabı vərəqləyərkən onu da qeyd etməyi lazım bilirəm ki, avtobioqrafik fotolarla, xatirələrlə səhifələrdə yer almış ədəbi nümunə həm də Azərbaycan tarixinin bir parçası olan Masallımızın sosial-iqtisadi inkişafı, coğrafi mövqeyi, adət-ənənələri, tanınmış şəxsiyyətləri, dövlətçiliyimizə dair bəzi məlumatları ilə böyük sevgi ilə oxuculara çatdırılır. Ötən il keçirilmiş xatirə gecəsindən sonra bu kitabın hazırlanması və rayonda təqdimolunma mərasiminin keçirilməsi qayğıları, zəhməti qalırdı Nəzirməmməd  müəllimin cəfakeş övladları Nazilənin, Vidadinin və Maralın çiynində.

Bu yaxınlarda rayon tarix-diyarşünaslıq muzeyinin nümayiş zalında bir gün ərzində “Nəzirməmməd – 120” başlığı altında tanınmış pedaqoqun şəxsi əşyaları, sənədləri, təltifləri, məişət əşyaları və sairdən ibarət guşə təşkil edildi. Ertəsi gün buranın iclas zalı ağzınadək dolu şəkildə oktyabrın 19-da milli-mənəıvi dəyərlərimizi, mədəniyyət irsimizi, folklorumuzu, tariximizi və ölkəmizin, rayonun keçdiyi inkişaf yolundan bəhs edən ekspoziyaların müşayiəti ilə qonaqpərvərliklə tədbir iştirakçılarını ağuşuna aldı. “Masallının ilk Əməkdar müəllimi” kitabı barədə rayon ağsaqqallar şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, bu sətirlərin müəllifi giriş sözü ilə məclisin aparılmasını öz öhdəsinə götürmüş oldu. Axı vaxtilə Nəzirməmməd müəllim də rayon ağsaqqallar şurasının sədri olub!

Əsərin müəllifi Sevinc Əliyeva kövrək hisslərlə qəhrəmanın həyat yoluna qısa səyahət etdi. Xatirələr təzələndi. Baxmayaraq ki, iştirakçılardan, qonaqlardan, birgə işləmiş, təmasda olmuş şəxslərdən, keçmiş şagirdlərindən, yaxınlarından, övlad və nəvələrindən çoxunun xatirələri burada rəsmi əksini tapmışdı, ancaq yenə də söz və fikir söyləmək, xatirələri, epizodları toplantı iştirakçılarına çatdıranlar çox oldu. Bunlardan təqaüdçü pedaqoqlardan Əşrəf Mövsümov, Qafur Abıyev, Eminağa Hüseynov, novator müəllim Naidə Məmmədova, ağsaqqallardan Həsən Abdullayev, Cavanşir Ağayev, İmanqulu Məmmədov, ağbirçəklərdən Şərqiyyə Bəşirova, Solmaz Rəsulova, habelə rayon təhsil şöbəsinin müdir müavini Samit İslamov, ustad müəllimin qohumu həkim Natiq Kərimov, məktəb direktoru Gülcan Kərimova, Hacı Əkbər Şahmarov, övladları Nazilə, Vidadi, Maral, muzeyin direktoru Əntiqə Tağıyeva, ziyalı müəllim Xankişi Xankişiyev, nəvələrdən həkim Paşa Bəşirov, yazıçı-publisist NurəddinƏdiloğlu və başqaları çıxış edərək xatirələrini bölüşdülər. Şirin-şəkər nəticələri Zeynəb və Bəşir, tayfanın ağsaqqal və ustad müəllimi Nəzirməmməd  Məmmədəliyevin şəninə şeirlər səsləndirdilər.

Azərbaycanda təhsilin çətin durumu dövründə hər cür şəraitə dözərək əsl fədakarlıq göstərən, müəllim nüfuzunu peşəkarlığı hesabına qoruyub saxlayan tanınmış ağsaqqal müəllim Nəzirməmmədin işığına toplaşıb, ruhunu şad etməklə iştirakçılar iki saatlıq mənəviyyat dərsi keçərək ustadlarını, valideynlərini, müəllimlərini, vaxtilə oxuduqları məktəbləri, parta yoldaşlarını bir daha yada saldılar, mənən zənginləşdilər, mətinləşdilər, düşüncəyə daldılar və təskinlik tapdılar ki, ata borcunun işığına belə yığışarlar. İştirakçılar bu nümunə götürüləsi ibrətamiz məclisdən müsbət aura, xoş əhval-ruhiyyə əldə etdilər.

Mənəvi saflıq, hər kəsin ömür yolunda qazandığı hörmət və nüfuza necə yiyələnmək yollarını təhlil edərək iki saatlıq mənəviyyat məşğələsi keçərək ibrətamiz dərs keçdilər.

Amerika alimi və filosofu Franklin Bencamin demişkən: “Sən gərək olmayan şeyi alırsansa, onda bir azdan lazım olanını satmalı olacaqsan”. Qazanılan hörmət və nüfuz, ləyaqət və fəxarətli xidmət isə, əlbət ki, ölçü vahidləri ilə hesablanmır.

Xoş ovqatla keçən tədbirin sonunda kitabın ərsəyə gəlməsində və mərasimin təşkilindəki fəal xidmətlərinə görə Nazilə Bəşirova və kitabın  müəllifi Sevinc Əliyevaya rayon ağsaqqallar şurasının fəxri fərmanı təqdim edildi.

İştirakçılar Nəzirməmməd Məmmədəliyevin həyat və əmək fəaliyyətinə həsr olunmuş ekspozisiyaya tamaşa etdilər.

Sonda tanınmış pedaqoq, mərhum Nəzirməmməd  Məmmədəliyevin ruhuna ehsanat verildi.

 

Ələşrəf  Niftiyev,

Masallı Rayon Ağsaqqallar Şurasının sədri,

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü,

“Qızıl qələm” media mükafatı laureatı,

III dərəcəli “Vətənə xidmətə görə” ordenli dövlət qulluğu veteranı,

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR