Yurd yeri! Hamımızın göbək bağı, ilk gəliş, son gediş məkanımız

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Yurd yeri! Ürəklərin məlhəm yeri, ağrı yeri!

Goranboyun Ağcakəndində Məmmədovlar ailəsinin qonağı idim.

Bir Ananın əllərindən tutmuşdum Ağcakənddə. O əllərdə yurd harayı, yurd nəfəsi, həsrət kölgəsinin izi vardı. Onun gözlərində bir lal haray, “tale başdan başa nə imiş, nə”-sualı vardı! Cavabı olmayan bu suallar qarşısında aciz durmaqdan ağrılı bir şey yoxdu həyatda! Əlini uzatmışdı Kəpəzə sarı, Dəlidağa tərəf! Dinməz, lal sükutla gözlərimə baxırdı. Bu gözlərdə nələr yoxdu ilahi! Qarabağın fəsillərindən gələn ölümün səsi, sevginin təravəti, baharın nəğməsi, fədakarlığın harmoniyası, lal sükutda boğulan, ümman qədər sevgisi, məhəbbəti olan insan mənzərələri, məcburi köçürülən yurdlar, körpələrin çığırtısı.. Qarabağın köksündən qoparılan Kəlbəcərin qan damlıyan ürəyi! Lap dibində isə zəif –zəif közərən bir ümid işığı! Ananın məğrur duruşu Kəlbəcərin qədim tarixindən boylanan qəhrəman qızı Becanı xatırladırdı! Qədimdə buralarda Uluxan adlı xan yaşayırmış. Xanın ordusu, güclü pəhləvanları var imiş. Bir sabah həyətdə gəzişərkən gəlini Becanın camış sağdığını görür. Yanındakı kəl şuluqluq edirmiş. Buna səbri çatmayan Becan bir göz qırpımında kəli başı üzərindən qaldırıb qayadan aşağı atır. Kəl gumbultu ilə Tərtər çayının yanında olan xaraba kəndə düşür. Xan gördüklərindən kimsəyə bəhs etmir. Günlərin birində yadellilər xanın torpaqlarına hücum edirlər. Onun 18 qüdrətli pəhləvanı varmış. Qaydaya görə savaş başlamadan hər iki tərəfdən iki pəhləvan güləşməliymiş. Hansı pəhləvan döyüşü qazansa, həmin tərəf də üstün sayılırmış. Yadellilərin pəhləvanı xanın 18 pəhləvanının hamısını yıxır. Birdən xanın yadına gəlini Becan düşür. Bu dəfə meydana o çıxır və döyüşü qazanır. Amma onun qadın olduğunu anlayan pəhləvan sinəsinə əl atır və döşündən yaralayır. Buna qəzəblənən Becan onu yerə yıxaraq başını kəsir. Beləliklə, xan qalib gəlir, ancaq çoxlu qan itirən gənc xatun ölür. Bu igidliyi xatirələrdə yaşatmaq istəyən Uluxan gəlini Becanın kəli qayadan atdığı və yadelli pəhləvanın başını kəsdiyi səhnəni şəhərin qala divarına həkk etdirir. Bu görüntü indiyədək qalmaqdadır. Bununla da kifayətlənməyən hökmdar yaşadığı məmləkətə Kəlbecan adını verir.

Yurd yeri! Hamımızın göbək bağı, ilk gəliş, son gediş məkanımız!

Məcburi köçkün həyatı yaşayan Məmmədovlar ailəsi Kəlbəcərin Rəhimli kəndindəndirlər. Zəngin təbii ehtiyatlara malik Azərbaycanın Kəlbəcər rayonu 1993-cü il aprelində ermənilər tərəfindən işğial olunduqda bu ailə də Rəhimlini tərk etmək məcburiyyətində qalıb. Şamama ana həyat yoldaşı Əli kişi ilə yurd həsrətli əllərini birləşdirib 2 oğlan, 4 qız övladlarını vətənə layiq böyüdüblər. Vətəndən vətənə didərgin düşüb bir ömürü bərabər hər gün, hər saat Kəlbəcəri ana-ana yaşayıblar. 14 nəvə sahibi olan bu cütlük öz gendəngəlmə vətənsevərliyi övlad və nəvələrinə də aşılayıblar. Ən balaca ogul nəvəsi Amildən “haralısan” soruşanda sinəsini qabağa verib “Kəlbəcərliyəm”-deyir. 4 yaşlı uşağın mübariz ruhu vətəndaş təəsübkeşliyi ilə gözəl bir harmoniya yaradırdı.

Bu gözəl, bütün mental dəyərləri özündə cəmləşdirən ailə örnək olmaqla yanaşı, həm də ailənin klassik modeliydi. Süfrə başında idi qonaqla birgə bütün ailə. Məclisimizə bir az da rəng qatan iki dost da vardı. Köçkün həyatı yaşayan, bu ailənin yaxınları olan aşıq Xəlillə, Misir. Mənim sazı sevdiyimi bilən, bu ailənin kiçik övladı, iki övlad atası Şirinin sürprizi idi. Özü hazırladığı sazı sığallaya-sığallaya sinəsinə basan aşıq Xəlilin səsi bizim ruhumuzu Qarabağa uçurdu. Bu evdə sanki həyat donmuşdu. Aşığın səsinin ahəngində gözümüzün önünə Qarabağın al laləli düzləri, məğrur dağları, gözəl vadiləri, atlarının tövşük səslərindən tirəyən otların mənzərəsi açılmışdı. Aşıq Xəlil göyə baxıb, ruhunu uçurub, dayanmadan oxuyurdu. Bulaq kimi qaynayan boğazından bir yurd hayqırtısı ucalırdı. Onu seyr etdikcə gözlərim dolur, abırdan-həyadan tərləyən üzü məni keçmişə götürürdü. Qayğısız, sakit illərə! Qəlbimdən süzülən misraları damla damla beynimə həkk edir, bəndləyirdim.

Aşıq Xəlil, Kəlbəcərə salam de,
De ki, ağarıbdı saçı şairin.
Hər dəfə meh əsib gələndə bəri,
Qurumur gözünün yaşı şairin.

Yurduma boylandım Gorandan belə,
Neçə həsrət qalıb görüşə hələ,
Deyirəm Kəlbəcər sürüşə elə,
Ayağına düşə daşı şairin.

Ozanlar boylanır biçənəklərə,
Yurd çəkir insanı dartır köklərə,
Görən nə dolubdu o çökəklərə,
Suya qarışıbdı aşı şairin.

Dolub ürəyimə min ağrı, acı,
Kimi qurban verib, kim alıb bacı,
Qarabağ- ey mənim başımın tacı,
Çoxdan çatılıbdı qaşı şairin.

Xəlil, əllərinə qurbandı Şəfa,
İnləmə, gün gələr, bitər bu cəfa,
Yenə Kəlbəcərdə sürərsən səfa,
Sən ol ürəyinin başı şairin.

Kobud barmaqların incə notlarda,
Murovun hardadı? Dəlidag harda?
Bir gün apararsan məni o yurda,
Güzarı oradı naşı şairin.

Gözəl bir “Kəlbəcər” gecəsiydi. Hamının gözündə, qəlbində, dilində Kəlbəcər, Qarabağdı bu gecə. Hərə öz xatirəsini danışır, kövrəlir, o yurdun kiçik bir çöpünü belə canlandırmağa çalışırdı. Aşıq Xəlil dayandı, Şirin coşdu, Şirin dayandı, Şamama ana coşdu. Allah bu yurdun insanlarının qanını-canını şeirlə, nəğməylə yoğurub sanki! Əli kişi ahəstə danışmağı xoşlayandı. Onun xarakterində köhnə kişilərin əzmi vardı. Məhəbbətlə qurulmuşdu bu yuva. Onların gözəl bir məhəbbət tarixləri də vardır. Əli kişi uzaqda olan vaxtlarda ( o vaxtlar telefon, internet yox idi) Şamama xanım onun evə dönməsini istədiyində şeir yazar, hündürdən oxuyarmış. Və qəribəsi də budu ki, Əli kişi harda olsa da o biri gün özünü evə övladlarının yanına yetirirmiş. Bu məhəbbətin sübut olunmuş formulu idimi, ya intuisiya, bilmirəm, Onu bilirəm ki, saf məhəbbətlə təməli düz qoyulan ailənin səadətdən danışmağa haqqı var!!! Eşq olsun bu xilqətə, eşq olsun bu möhtəşəmliyi yaradanlara!!!
Əziz Əli ata, Şamama ana, mən sizin o zəhmətkeş əllərinizdən, o yurda hər gün boylanan gözlərinizdən dönə-dönə öpür, arzu edirəm ki, bir dahakı görüşümüzü öz doğma kəndinizdə, öz doğma evinizdə keçirək! Var olun həmişə!

Əziz oxucu, mən bu kiçik hekayətimlə gənc ailələrə örnək vermək istəyirəm. Ailə qurmaq, qorumaq, əzm istər, irdə istər, qarşılıqlı anlayış istər!. Çətin anlardan qorxmamağı bacarmaq, hər çətinliyi dəf etmək lazımdı! Qoy ailələrimiz heç nə üzündən, xırda narazılıq üzündən dağılmasın! Özülləri möhkəm tökülsün, vətənə yararlı övladlar böyütməklə, əsl ailə kodeksini yarada bilsinlər! Bax bu ailə kimi!

Şərafət Şəfa

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR