Azərbaycanın ən gənc Milli Qəhrəmanı -Fotolar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

 

Hamıya məlumdur ki, I Qarabağ savaşında ən çox itki verən nəsil 70-ci illərdə doğulanlardı. Çılğın, ümid dolu gəncliyin qəflətən səhrada burulğana düşməyinə bənzədi Qarabağın işğalı.

80-cı illərin axırları… Sakit zamanın arzularla dolu qanadlarında pərvaz edən gənclərdik. Hələ nə qan-qada vardı, nə də o barədə düşüncə. Gələcək planlarla dolu könül dəftəri və pərdə arxasında görünməyən gələcək vardı önümüzdə. Ruhumuz üfüqə doğru çapan, tellərində günəşin zəri bərq vuran kəhərə bənzəyirdi. Ürəyimizin riqqətini həyəcana qatıb arzu-xəyallarla çapır, hey çapırdı… Sonunda nə vardı bilən yoxdu! Amma çox tez bir zamanda bilindi! Bilinməyi ilə də, xoş ümidlərə, arzulara kilid vurdu. Önümüzdə VƏTƏN savaşı vardı! Elin o başı, bu başı olmaz- məsəlini yeritmişdilər qanımıza. El birdi- demişdilər! Hamı səfərbər oldu. Vətən torpağı iyrənc erməni dığalarının işğalına məruz qalmışdı. Qarabağda yaşayan əhalimiz qaçqın-köçkünə çevrilmişdi, yurdlarından perik düşüb ayaqyalın, başıaçıq baş götürüb qaçırdılar. Bu savaşda Qaxın igidləri də səfərbər olmuşdular. Vətən çağırırdı, Vətən darda idi…

Bu igidlərin arasında bir sevimli gəncimiz də vardı. Qax rayonu Qaşqaçay kəndində doğulan Cavanşir İzzət oğlu Rəhimov.

Onun da öz arzuları, öz xəyal, istəkləri vardı. O, hardan bilərdi ki, bir gün yüksək məqama sahib olacaq. O, hələ bilmirdi ki, Şəhidlər xiyabanında uyuyacaq. O, hələ bilmirdi ki, Azərbaycanın ən gənc Milli Qəhrəmanı olacaq və Suraxanı rayonundakı 146 saylı orta məktəb onun adını daşıyacaq və Qaraçuxur qəsəbə parkında büstü qoyulacaq, “Cavanşir” adlı sənədli filmdə yaşayacaq.

O, başqa xəyallarda idi, başqaydı arzu-istəkləri. Cavanşir Rəhimov 5 iyun 1973-cü ildə Qax rayonunun Qaşqaçay kəndində dünyaya göz açmışdır. Bir yaşında olarkən ailələri Bakının Qaraçuxur qəsəbəsinə köçmüşlər. Cavanşir buradakı Suraxanı rayonu 104 saylı orta məktəbə getmiş, səkkizinci sinfi bitirdikdən sonra isə texniki-peşə məktəbində təhsilini davam etdirmişdi. O, qısa müddət ərzində karate idman növünü öyrənmiş və idman ustası adını almışdı. 1992-ci ildə Cavanşir hərbi xidmətə çağırılır. Hərbi Hava Qüvvələrində xidmət edən və bir müddət təlim keçən Cavanşir Rəhimov bort-atıcı peşəsinə yiyələnir. Könüllü olaraq müharibəyə getmək istədiyini bildirəndə onu baş leytenant Ruslan Polovinkonun komandiri olduğu Mi-24 vertolyotuna bort-atıcı təyin edirlər. Qubadlı, Laçın, Ağdərə uğrunda gedən döyüşlərdə düşmənin başına od ələyən Səma Qartalları əfsanəvi qəhrəmanlıqlar göstərirdilər. Mİ-24 vertolyotunun heyəti Ruslan Polovinko, Zakir Məcidov, Cavanşir Rəhimov döyüşçülərimizin Kasapet yüksəkliyində mühasirəyə düşmələri barədə xəbəri alan kimi havaya qalxdılar. Üç dəfə təhlükəli uçuş edən hava qartalları düşmənin buradakı canlı qüvvəsini və zirehli texnikasını tamamilə məhv etdilər. Onlar yaralılarla yanaşı şəhidlərimizi də təhlükəli ərazidən çıxara bildilər.

Erməni qoşunları ilə qanlı döyüşlər gedirdi. Cavanşir də şücaətlə, qorxmadan vuruşurdu. 6 avqust 1992-ci ildə o, Qasapet yüksəkliyindəki döyüşçüləri xilas etmək üçün havaya qalxan hərbi vertolyot üç dəfə uçuş edərək yerdəki erməni mövqelərini atəşə tutdu və buradakı erməni bölüyünü məhv etdi. Dördüncü uçuş zamanı Cavanşir artıq yaralı olsa da, uçuşa hazır olduğunu bildirir və yenidən havaya qalxan vertolyot Qasapet istiqamətində güclü raket atəşinə tutularaq vurulur. Bu zaman zərbənin gücündən Cavanşir yaxınlıqdakı taxıl zəmisinə düşür. Bir aydan sonra mal-qara otaran çoban Cavanşirin cansız bədəninə rast gəlir və yaxınlıqdakı hərbi hissəyə bildirir. 1992-ci il sentyabr ayının 9-da Müdafiə Nazirliyinin əməkdaşları və Cavanşirin atasının iştirakı ilə dəfn edilir. 16 sentyabr 1994-cü ildə isə Azərbaycan Respublikası Prezidentinin 203 saylı fərmanı ilə Rəhimov Cavanşir İzzət oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilir.

Cavanşır Rəhimov subay idi. Bəlkə də könlünün lap gizlin odasında hansısa bir qızın adı, şəkli həkk olunmuşdu. O, da sevgi şirinliyinin qucağında xoşbəxt bir ailənin təməlini atacaqdı. Əgər müharibə olmasaydı! Doğma yurdu olan Qaxa tez-tez gedərdi. Kəndi Qaşqaçayı çox sevərdi. Qaşqaçay məxsusi gözəlliyi ilə nəinki orda yaşayanların, hətta turistlərin belə sevdiyi məkandı. Cavanşir də kəndini, yurdunu çox sevərdi. Şəhərdə yaşamağına baxmayaraq tez-tez gedərdi kəndə. Burda çoxlu dostları vardı. Onlardan biri də Qarabağ qazisi, sağlamlığını Vətənə qurban verən Kənan Babayevdi. Onunla hər Qaxa gedəndə görüşür, həmsöhbət oluram. Hər dəfə Cavanşirdən söz düşəndə Kənan kövrəlirdi. Eyni zamanda qürur hissi keçirdiyini də bildirirdi. O, deyirdi: ”Cavanşir ciyərli oğul idi. Qurd ürəyi yemişdi elə bil. İdmanla məşğul olduğu üçün sağlam düşüncəyə, sağlam ruha, sağlam bədənə malik oğul idi. Və bir gün bunun isbatını verdi. Çox gənc idi və ən gənc Milli Qəhrəman da o oldu. Ruhu şad olsun. Onun əziz xatirəsi qəlbimizdə yaşayır. Övladlarımıza daha xəyali obraz olan Məlikməmməd nağılı danışmırıq, əsil qəhrəmanlardan nağıl edirik! Allah rəhmət eləsin!”.
Vətən dərdi, el dərdi onu sevən oğulların çiynində əbədi yükdü. Yurdu qorumaq üçün, Vətəni sevmək üçün mübariz ruhlu, pak imanlı olmaq gərək. Bizim şir biləkli, qurd ürəklimiz, qəhrəmanımız Cavanşir İzzət oğlu Rəhimov kimi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Arzu edirəm ki, torpaqlarımız işğaldan azad olsun və onların narahat ruhları Qarabağın səmasından doğma ocaqlarının səmasına qayıdıb rahatlaşsın.

Azərbaycanın ən gənc Milli Qəhrəmanı -
Azərbaycanın ən gənc Milli Qəhrəmanı -
Azərbaycanın ən gənc Milli Qəhrəmanı -
Azərbaycanın ən gənc Milli Qəhrəmanı -
Azərbaycanın ən gənc Milli Qəhrəmanı -
Azərbaycanın ən gənc Milli Qəhrəmanı -
Şərafət Şəfa

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR